15 
İyl
2019
17:00
47
88
3954
Virtual karabakh

Fərid Novruzi ilə 180 gün dünya ətrafında - FOTO

15 İyl, 2019
17:00
3954

Fərid Novruzi ilə 180 gün dünya ətrafında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mütəmadi olaraq dünyanı gəzən səyyah Fərid Novruzi bu dəfə daha bir maraqlı səyahətə başlayır.

Səyyah böyük cəsarət tələb edən qərar verib və 180 gün təyyarəsiz dünyanı gəzəcək.

Bütün bunları izləyiciləri və media nümayəndələri ilə paylaşmaq üçün Fərid Novruzi səyahətdən əvvəl onlarla görüş keçirib.

O bildirib ki, səyahətə marağı uşaq vaxtlarından başlayıb:

“Uşaq idim. Atamla Azərbaycanda üç günlük səyahətə çıxdıq. Bu səyahət məndə çox gözəl təəssürat yaratdı, bundan sonra dünyanı gəzib fərqli insanları və yerləri kəşf etmək marağım yarandı.

Dünya səyahətinə çıxmaq isə hər zaman ən böyük arzularımdan olub. Çünki dünya səyahəti başqadır. Siz bir səyahətə gedirsinizsə, 5, 10, 15 gün sonra evə qayıdırsınız. Bu səyahətdə isə bir ölkədən digər ölkəyə keçirsiniz. Fərqli-fərqli mədəniyyətlər, insanlar görürsünüz”.

Səyyah deyir ki, gedəcəyi səfərdə olmadığı ölkələrə səyahət etməsi sevindirici haldır:

“Maraqlı səfərdir. Təyyarəsiz dünyaya səfər edəcəyəm. 180 günlük səyahət zamanı gedəcəyim ölkələrin 70 faizində olmamışam. Bu sevindirici haldır ki, ilk dəfə o ölkələrə baş çəkəcəyəm. Həmin ölkələrdə yaşayan insanların adət-ənənələri, yaşam tərzləri, mədəniyyətləri barədə öyrənəcəyəm və sosial şəbəkədə məni izləyənlərlə paylaşacağam.

Səyahətimi Rusiyanın “Dünya Ətrafında Gəzəyənlər” cəmiyyətinin şərtlərinə uyğun həyata keçirəcəyəm. Şərtlərə əsasən, bütün meridianlarda olacağam, bu da ən az 40 min kilometrdən çox məsafəni aşmaq deməkdir.

Dünyanın altı materikində - Avropa, Asiya, Afrika, Cənubi Amerika, Şimali Amerika, Avstraliyada olmalıyam və hər birində 1000 kilometrdən çox yol getməliyəm. Ekvatoru iki dəfə keçəcəyəm. İki bir-birinə zidd nöqtədə olacağam və bütün bu səyahət zamanı təyyarədən istifadə etməyəcəyəm”.

Tədbirdə artıq səyahətini yekunlaşdırmaq üzrə olan ukraynalı səyyah Artyemiy Surin də xüsusi qonaq kimi iştirak edirdi və o, növbəti estafeti Fərid Novruziyə verdi.

Qeyd edək ki, Fərid Novruzinin dünya səyahəti 2020-ci ilin fevral ayında başlayacaq.

O bildirib ki, bu səfərin altı aya yaxın hazırlıq prosesi var:

“Burada böyük hazırlıq işləri var. Ölkə və sərhədləri müəyyənləşdirmək, viza məsələsini həll etmək, videoçəkilişlə bağlı icazələr almaq lazımdır. İş çoxdur və bu, zaman tələb edir”.

Fərid Novruzi təyyarəsiz səyahətə hazır olduğunu bildirib:

“Təyyarəsiz səyahətə çıxmışam və çətinliklərin necə olduğunu bilirəm. Amma mən buna hazıram. Səfərdə mənə ilham verən hər kəsə - sponsorlarıma, ən əsası, mənim gözəl təşəbbüsümü başa düşən bütün ailə üzvlərimə təşəkkür edirəm”.

Qeyd edək ki, “Fərid Novruzi ilə 180 gün dünya ətrafında” layihəsinin baş sponsorları “MyBrands”, “Pasha Bank”, “Azercell” şirkətləri, sponsor “Triponline.az”, dəstək isə “Vizam.az” şirkətləridir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri