17 
İyl
2019
12:00
35
113
3710
Virtual karabakh

Axı bu, sizin sifətinizdir!

17 İyl, 2019
12:00
3710

Axı bu, sizin sifətinizdir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

O gün bir tanışım deyir ki, evlərə gəlib polietilen torbalar paylayırlar ki, zibili ayırıb onlara yığın, gəlib götürək.

Bir neçə il öncə bütün dünyada belə bir xəbər yayıldı: “İsveçdə zibil qurtarıb”. Yazıqlar məcburdurlar ki, qonşu ölkələrdən zibil idxal edib zibil emalı zavodlarını təmin etsinlər. Bunu oxuyanda ağlıma bir fikir gəldi: “Sol əlləri bizim başımıza!” Deyəcəksiniz ki, adətən “sağ əl” deyilir. Heç olmasa sol olsun, heç sağı demirəm.

İsveçdə zibil emalı o qədər doğru sazlanıb ki, həmin ölkədə toplanan zibili qəbul edərək ondan yanacaq istehsal edirlər. Bu sistemi o qədər dəqiqliklə sazlayıblar ki, heç yerdə artıq qalmasın. Bununla yanaşı, munisipalitetlər təşviqat apararaq əhalidən zibilləri altı hissəyə bölməyi xahiş edib: plastik, kağız, şüşə, karton, metal və sairə. Son hissə emal oluna bilməyəcəkləri tullantılar. Bu, emal zavodlarının işini asanlaşdırır.

Deməli, plastiki yeddi dəfə yenidən istifadə etmək olar. Sonra onu elektrik istehsalına yönəltmək mümkündür. Bu təşviqat uşaq bağçalarından və məktəblərdən tutmuş, bütün əhali arasında aparılıb. Küçələrdə hətta uşaqlar belə konfet kağızını ayrı yeşiklərə atır. Uşaqlara bağça və məktəblərdə təlim keçirilir. Zibili düzgün bölməyəndə cərimə edirlər.

Böyük əşyalar, məsələn, köhnə, yaxud işləməyən televizor, soyuducu, mebel, tikinti materialları xüsusi stansiyalara təhvil verilir. Onlar sökülür, bəzi detalları istehsalçılara satılır. Onların üzərindəki boya, turşu və digər təhlükəli maddələri xüsusi kimya emalı zavodlarına təhvil verirlər.

Bunu yazmağımın məqsədi odur ki, vətəndaşlar öz gələcəklərini düşünür, ekologiyanı korlamırlar. Axı həmin ölkədə onların uşaqları yaşayacaq.

Bəs bizim ölkədə vəziyyət necədir?

Plastik qabları, kağızı, siqaret kötüklərini, saqqızı çox vaxt yerə atırlar, halbuki artıq şəhərin çox hissəsində zibil qabları yerləşdirilib. Xüsusən, avtomobillərin şüşələrindən atılan zibillər anlaşılmazdır. Hər bir maşında siqaret və xırda zibil üçün qutu var. Amma onu hamı necə istifadə edir? Qəpik yığır, açar saxlayır və sairə. Amma onun işlənmə məqsədi olan əşyaları çölə atır.

Yaxud sakinlər zibil paketlərini mənzildən çıxararaq bloka qoyurlar. Bir neçə dəfə bu paketləri liftə atdıqlarının şahidi olmuşam. Onları götürərək həyətdəki böyük qablara aparmışam. İki dəfə baş verən bu hadisədən sonra artıq həmin adam səhvini anlayaraq bunu etmir. Yəni insan öz mənzilini təmiz sayır, amma qapıdan sonra olan məkan artıq onu narahat etmir.

Bir neçə həftə öncə öz “Facebook” səhifəmdə Bakının böyük marketlərində olan butulka qəbulu avtomatı haqqında video yerləşdirmişdim. Çox adam maraqlandı. Təsəvvür edin ki, plastik, şüşə və metal içki butulkaları aparata təhvil verərək əvəzində pul alırsan. Onu da istəyirsən telefonuna ödə, istəyirsən marketdə alış-verişə xərclə, yaxud xeyriyyəçiliyə yönəlt. Nəyi pisdir? Mən içdiyim suların butulkalarını toplayıb ora təhvil verirəm. Məbləğ böyük deyil, amma dama-dama göl olar. Həm də mənim ekologiyamıza bir köməyim dəyər.

Yaşadığımız şəhərin təmiz olması həm bizim sağlamlığımız, həm də fəxrimizdir. Şəhərimiz getdikcə gözəlləşir, yeni parklar salınır, turizm inkişaf edir. Bu, dolayısı ilə də olsa, hamıya xeyir gətirir. Şəhərin təmiz olması, ilk növbədə, sakinlərin işidir.

Sakinlər də öz növbəsində öz ailəsinə, uşaqlarına nümunə olmalıdır. Axı atası, anası zibili çölə atırsa, uşaq bunun belə olacağını düşünür və eynisini edir. Böyüyərək öz uşağını da elə öyrədir. Beləliklə, nəsildən nəsilə keçir.

Avropa ölkələrinə gedəndə onlara qibtə edirik. Bizim onlardan nəyimiz əskikdir ki? Bunun üçün ilk özümüzdən başlamalıyıq. Təklif edərdim, bütün predmetlərlə yanaşı, xüsusi dərslər olsun, hansında ki, yuxarıda göstərdiyim predmetlə - ictimai nəqliyyat və tualetlərin istifadəsi, yol hərəkəti qaydaları ilə bağlı təlimlər keçirilsin. Çox xahiş edirəm.

“Şəhəri zibilləməyin, axı o, sizin sifətindir!” ©

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri