17 
İyl
2019
15:29
187
517
7215
Virtual karabakh

Saz cahillik alətidir, meyxana kimi bir şeydir

Kəramət Böyükçöl yazır...

Mənim sazdan xoşum gəlmir. Bu haqda bir neçə dəfə yazmışam. Ümumiyyətlə, mənim düşüncəmə görə dünyada saz qədər savadsız musiqi aləti yoxdur. Hələ bir dəfə görməmişəm ki, elmi, məntiqi, geniş fəlsəfi dünyagörüşü olan bir adam oturduğu məclisdə saz arzulasın.

Kimsə saz istəyər, aşıq gələr, o da məcbur olub qulaq asar, o ayrı məsələdir. Amma tutaq ki, sizcə, sazla müasir dünyanın mərkəzinə doğru hara kimi getmək olar? Lokaldır. Məhəllidir. Ancaq məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra bilir. Elə musiqi alətləri var, ifaçısı atom parçalayır və yaxud, qlobal istiləşmə ilə mübarizə üçün nəzəriyyələr hazırlayır, nanotexnologiyaların tibdə tətbiqini araşdırır. 

Bəs elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın? Yoxdur. Çünki beyinin gücü çatmır. Çünki saz cahillik alətidir, təxminən, meyxana kimi bir şeydir. Şəxsən saz mənə anektot təsiri bağışlayır, o simlərin səsinə daxilən gülürəm. Dərki bir az da dərin olan adamlar isə bu dınqıltının qarşısında heç gülə də bilmir. Sadəcə, donub qalır.

Sazı hələ evdə qalmış qız kimi bəzəyib-düzəyib Avropaya da aparmaq istəyirlər, deyən də yoxdur ki, a kişi, qayıt dala, bu xrom çəkmə, bu geyimlə hara gedirsən? 

Orta əsr feodal cahilliyini özü ilə birlikdə XXI əsrə qədər gətirib çıxarmış bu musiqi alətini aşıq Namiq, Telli Borçalı kimi özünə aşıq deyən neçə-neçə adamlar daha da gözdən saldı, alçaltdı. Hərə əlinə bir saz alıb dınqıldada-dınqıldada başını dolandırır.

Əminəm, bir azdan saza cib də tikəcəklər. Halbuki, sazın yeri muzey olmalı idi. Bu aşıqların danışığı, leksikonu, təfəkkürü, düşüncə tərzi başdan ayağa vulqardır. Adamın üzünə baxan kimi bilirsən ki, aşıqdır, özü də puldan ötrü ölür. 

Bir dəfə aşıqlar haqqında tənqidi fikirlərimi sosial şəbəkədə yazandan sonra təsadüfən, onlarla bir məclisə düşdüm. Aşığın biri dedi, səni sazımın simlərindən öpdürəcəm. Biri dedi, sazımı sənə yeridəcəm. Biri dedi, sazımı sənin kürəyində kökləyəcəm.

Məclisdə saz olmadığını görən o biri aşıq əl atıb cibindən bir mizrab çıxartdı, dedi, bala, bundan üzr istə, söhbət bağlansın, yoxsa səni minəcəm. Baxırsan ki, adamın bığı da saxtadır. Və təsəvvür edin, bu düşüncədə, bu təfəkkürdə olan adamları efirlərə çağırırlar, cəmiyyət də baxıb qidalanır. 

Məclisdə mənə misallar çəkdilər, şeirlər oxudular. Dedilər, sən nadansan, qanmırsan. Nadan nə bilir saz nədir? Aşığın biri şeirlə dedi, saz çox-çox qədimdir, saz Əflatun yaşdadır. Qayıtdım ki, aşıq, Əflatun (Platon) nə vaxt yaşayıb? Bilmədi.

O birindən soruşdum ki, aşıq, Əflatun nə vaxt yaşayıb? O da bilmədi. Dedim, bəs niyə deyirsiniz saz Əflatun yaşdadır? Xorla qışqırdılar ki, saz bizim kökümüzdür. Dedim, bizim kökümüz neçənci əsrə dayanır, nə vaxt yaranmışıq? Bir kəlmə də dinmədilər. Dedim, bəs niyə mənə nadan deyirsən? Düz deyirəm də, savadsızsan.

Nadan kimdir? Sual verdim ki, Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaranıb? Aşıqlar bilmədi. Dedim, aşıqların birinci qurultayı nə vaxt olub? Bilmədilər. Bəs mən nəyi səhv deyirəm?  Deyirəm, Aşıq Ələsgər neçənci əsrdə yaşayıb? Bilmirsən, əvəzində üstümə çığırırsan. Niyə? Özü də fikir ver, Ələsgərin doğum ilini soruşmuram, yaşadığı əsri soruşuram, çünki ili heç sənin ustadın da bilmir.

Azərbaycan ədəbi dilini bilmirsən. Bayaqdan məclisdə rus sözləri ilə danışırsan. Sazı qucağına alıb, gözünü yumub ağzını açmaqla deyil ki... Biri dedi, ermənilər bizim hər şeyimizi oğurlayıb, bircə sazı oğurlamağa gücləri çatmır. Qayıtdım ki, vallah, özləri istəmir. İstəsələr, çoxdan oğurlamışdılar.

O biri aşıq dedi, sən bizim tariximizə sataşırsan. Qayıtdım ki, sən tarix qədri bilən, sən tarix hərləyən adamsan? Niyə camaatı  dolayırsan? Niyə insanların cahilliyindən pul qazanır, bahalı maşınlara minir, milyonluq villalarda yaşayırsan? Bu kütlə sizə sərf eləyir. Siz nə eləyirsiniz eləyin, mənim də missiyam odur ki, insanların gözü açılsın, qəflət yuxusundan oyansınlar, sizin kimi dəllalları toylarına çağırmasınlar.

Mən də öz sözümü deyirəm. Niyə məni təhqir edirsiniz? Siz nə bilirsiniz fikir, düşüncə azadlığı nədir? Tez-tez hırıldaya-hırıldaya deyirsiniz, tut yeganə ağacdır ki, ondan həm saz düzəldirlər, həm də paz. Biri qanan üçündür, biri qanmayan. Bu düşüncə ilə yaşayan adam nə bilsin ki, bir insanın özünü azad və rahat şəkildə ifadə eləmək haqqından ucada heç nə yoxdur?

Sazı tərifləməyə qalsa, vallah, onun şəninə sizdən də gözəl və yağlı sözlər deyərəm. Məsələn, sazın formasına fikir verin, açara oxşayır. Bu açarla türk təfəkkürünün ən gizli kodlarını açmaq mümkündür. Saz bizim əxlaqımızdır, mənəviyyatımızdır.

Saz yeganə musiqi alətidir ki, o, insan kimi öz canında ruh gəzdirir. Bir saz əlindən yerə düşüb qırılsa, sınsa, onun içindən ruh çıxar, göylərə ucalar, göylərdə yaşayar. Saz bizim qədim ruhlarımızdan xəbərdardır, babalarımızın yadigarıdır, əmanətidir. Nə qədər ki, saz var, Kəlbəcər, Şuşa, Laçın var və s. 

Görürsünüzmü necə tərifləyirəm? Amma bunların hamısı boş-boş sözlərdir. Boş və mənasız sözlər cahil insanların canına sarı yağ kimi yayılır. Gedin, kitab oxuyun, ciddi ədəbiyyat, mədəniyyət, ciddi sənətlə maraqlanın, düşüncənizi yeniləyin, müasir-dünyəvi təfəkkürə malik insanlar olun, sivil olun, mədəni olun, bu aşıq təfəkküründən, aşıq düşüncəsindən xilas olun... 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri