19 
İyl
2019
09:57
32
74
3162
Virtual karabakh

Odun içindən xilas olan kürənlər

19 İyl, 2019
09:57
3162

Odun içindən xilas olan kürənlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Bilmirəm niyə, bu atları görəndə kövrəldim. Ağlamaq istədim. Qarabağın nişanəsi olan Qarabağ atları. Məğrur, qızılı-kürən rəngli, alnında qaşqası olan, dırnağı bərk, sehirli, dikbaş və mehriban.  

Qarabağ atları haqqında tarixi məlumat vermək məqsədim yoxdur, özünüz axtarıb oxuya bilərsiniz. Təbii ki, arzunuz olsa. Çox ümid edirəm ki, olacaq. Bircə onu bildirim ki, Qarabağ atları Şuşa qəzasında Pənahəli xanın, İbrahim xanın at təsərrüfatında inkişaf etdirilərək, indiki halına çatıb. Səhvim olsa, ekspertlər düzəliş verə bilər. 

Qarabağ atları hazırda Ağcabədidə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qarabağ Atçılıq Kompleksində saxlanılır. Şəraitləri yaxşıdır, yeni tilikmiş böyük tövlələr, keyfiyyətli yem. Yeni texnologiyaların tətbiqi. Məsələn, atı yuduqdan sonra salyarinin altında qurudurlar. Müalicəsi üçün müxtəlif avadanlıqlardan, trenajorlardan istifadə edirlər.

Özü də bütün mütəxəssislər özümüzkülərdir. Yəni mən orada ingilis, fransıza rast gəlmədim. Bəlkə, bizdən gizlədiblər, siz bilərsiniz? Atlar bizimkilər tərəfindən yetişdirilir, ölkə xaricində keçirilən yarış və sərgilərə göndərilir. Özünüz də bilirsiniz ki, Qarabağ atları hara getdisə, orada mütləq qalib gəlir.

Xasiyyətdir, yəqin, qarabağlıdır axı. Bu atlar, demək olar ki, tələf olmur. Doğulan 1000 baladan biri tələf ola, ya olmaya. Ən maraqlısı isə odur ki, bu atlara qarşı heç kim biganə qala bilmir. Hətta kompleksdə çalışan kağız-kuğuz işinə baxan gənclər belə hər gün onlara baş çəkir. Hərənin öz sevimli atı var.  

Sahibinə çox sadiq olan bu atların başı çox müsibətlər çəkib. Qarabağ müharibəsi dövründə bu atları döyüş bölgəsindən çıxara biliblər. Bunu hazırda “Qarabağ Atçılıq Zavodu” MMC-nin direktoru olan Maarif Hüseynov kollektivlə bir yerdə edib. 

Gecə ilə atları Ağdam rayonunun Üçoğlan kəndindəki quşçuluq fermasında gizlədiblər. Ermənilər silah-sursatla neçə dəfə gəliblər ki, atları aparsınlar, nail ola bilməyiblər. Hər zaman sahibinə sadiq olan qızılı-kürən atları sahibləri tərk etməyib. Odun içindən bir yerdə xilas ola biliblər. 

Bu gün “yaxşı olsaydınız, torpaqları düşmənə verib qaçmazdınız” deyənlərə səslənmək istərdim. Çox demirəm, yarımca saat o gülləbaranın içində olsaydınız, sizin nə etdiklərinizə baxmaq istərdim.

Bakıda oturub ona-buna ağıl vermək asandır. Bu insanlar isə milli sərvətimiz olan Qarabağ atlarını xilas ediblər. Öz canları bahasına. İndi isə biz yekə-yekə danışırıq ki, bəs İngiltərə kraliçasının ürəyi bu atlar üçün sino gedir. Onun-bunun əməyinə şərik çıxmağı yaxşı bacarırıq. Odur ki, səsimizi bir az azaldaq. 

Dövlətin atçılığın inkişafı ilə bağlı apardığı işlərdən də yazmaq fikrim yoxdur. Onsuz da bir əmma tapacaqsnıız. Sizə ki iş bəyəndirmək olmur. Hamı ekspertdir. Mən isə gördüyümü gördüm. Yaşlı, qəddi bükülmüş, əli çəlikli yaşlı mütəxəssislərin yanında cavanlar yetişir. Onlar Qarabağ atlarının xasiyyətinə bələd olur, qayğısına qalırlar.

Cins atların inkişafı üçün çalışırlar. Ənənəvi atçılıq bu gün yeni texnologiyalar sayəsində daha böyük uğurlara imza atır. Gənc mütəxəssislər atların daha sağlam, dözümlü olması üçün çalışırlar. Mütəmadi məşq və s. Təmiz qanlı dayçalar doğulur, böyüyür. Nə deyirəm, balaca, bəxtin açıq olsun. Tezliklə bərk dırnağınla Qarabağın geniş çöllərdə qaçasan. Hə, mən buna inanıram. Məncə, hamımız inanmalıyıq.

Vəssalam, başqa yol yoxdur. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri