19 
İyl
2019
20:25
16
40
5037
Virtual karabakh

O dənizdə “gəlinlə baldız dalaşır”, “müğənni kafedə cinsi əlaqədə olur”

19 İyl, 2019
20:25
5037

O dənizdə “gəlinlə baldız dalaşır”, “müğənni kafedə cinsi əlaqədə olur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Mən uşaq olanda insanlar işdən-gücdən yorulduqda istirahət etmək üçün televizorun “çəngəlini” “toka taxırdılar”, telefonun dəstəyini götürüb dosta, tanışa zəng vururdular. Allah qoymasa, böyüdüm, indi isə insanlar istirahət etmək üçün birinci televizoru söndürürlər, telefonu səssizə alıb lap siftə dost-tanışın ağzını yumurlar. 

İnformasiya yorğunları, xəbər kölələri, məlumat fəhlələri… Müasir insana başqa nə ad qoymaq olar? Virtual laqqırtı düşkünləri… “Like” əcinnələri… “emoji” acları…

Uzaqgörən absurdist Ejen İonesko, Mark Zükerberq qənddandan qənd oğurlayanda yazırdı ki, gec-tez bu kommunikativ xaos adiliklərin hakimiyyətə gətirilməsi ilə nəticələnəcək. Elə də oldu; kommunikativ cəngəllikdə fəlsəfənin arzuladığı “Übermensch”in yerinə siyasətin axtardığı yeni insan növü “Homoinformatikus” yaradıldı. Dünya “ümumbəşəri kontekstə daxil olan, cəmiyyətdən və tarixdən kənar hesab olunsa da, cəmiyyətin və tarixin tərkibində fəaliyyət göstərən fərdi psixologiya”ların öz daxili istəklərinə, məntiqi-mənəvi tələbatlarına uyğun olmayaraq, yalnız informasiyalar vasitəsilə idarə olunması dövrünə qədəm qoydu. Bu yeni dövrün insanları dəyərlərin yaradıcısı, daşıyıcısı yox, yalnız ötürücüsü oldular. 

Homo Sapiens dönüb oldu Homo İnformatikus. İlk baxışda diribaş bir tələbənin heyrətamiz təşəbbüsünün nəticəsi kimi peyda olan virtual dünya şəbəkəsinin real dünya üzərində nəzarət funksiyasına sahibləndiyi günümüzün iradəmiz xaricində olan gerçəkliyi. Homoinformatikus kimdir? Sadə münasibətlərin mürəkkəbləşməsi fonunda XXI əsr üçün nəzərdə tutulmuş yeni siyasi inqilablar, vətəndaş müharibələri, düşünülmüş terror aktları və s. vasitəsilə dünyanın köhnəlmiş ictimai görkəmini, geosiyasi “maqnit qütbləri”nin yerini dəyişməkdən ötrü nəzərdə tutulmuş idarə olunan müdhiş sui-qəsd texnologiyalarını həyata keçirən ucuz işçi qüvvəsi. Keçən əsrdə dövlətlərin nizami ordu, xəfiyyə orqanlarının əməkdaşları, onların yönəltdiyi təşkilatlar tərəfindən apardığı gizlin əməliyyatları bu gün öz cibinin pulu ilə gerçəkləşdirən kütləvi ideyalarla silahlandırılmış sıravi “dahi”!

Homoinformatikus hansı informasiyalarla qidalanır? Təkcə bu yazının yazıldığı gün ərzində Azərbaycan internet mediasında ən çox oxunan bir neçə yazı başlığını təqdim edirəm: “Gəlinlə baldız dalaşdı; yaralılar var”, “Xarici ölkə vətəndaşını it qapdı”, “Müğənni kafedə cinsi əlaqədə oldu”, “Təranə Rəqsanəyə elə sözlər dedi ki…”

İlk baxışda heç bir ciddi təhlilə ehtiyacı olmayan bir xəbərdir, məsələn, Təranə ilə Rəqsanənin söyüşməsi, amma məsələnin bu şəkildə təqdim olunmasının arxasında insanların xəbər, informasiya anlayışına inamının sarsıdılmasının, reallığa qarşı biganələşməsinin nəzərdə tutulduğunu düşünsək, hansı işin ucuz fəhləsi olduğumuz gün kimi aydınlaşar.  

Kənardan ünsiyyət yarmarkası təsiri bağışlayan sosial şəbəkələrin, bu texnogen feyz aləminin qlobal niyyəti fayda verməkdir. Məsələn, ən adi halda bizi ünsiyyətə cəlb edərək vaxtımızı xoş keçirməyə şərait yaradır. Amma gəldiyimiz son nəticə nədir? Biz bu gün vaxtımızı xoş keçirmək üçün sosial şəbəkədən uzaqlaşırıq. Çünki bu söz bazarı dünyanı dəyişmək istəyən sıravilərin cəhənnəminə çevrilib. O, bizim susmaq haqqımızı əlimizdən alır. Biz təkcə səsdən, həşirdən yox, sükutdan da ibarət varlıqlarıq, danışmaqla bərabər dinləməyi də sevirik, yazmaqla yanaşı oxumaq da keçir könlümüzdən. Ancaq kimlərsə bizim dil boğaza qoymadan danışmağımızı istəyir. Bu yerdə ədəbiyyat tarixçisi, professor Qorxmaz Quliyevdən oxuduğum bir sitat yaddaşımı dürtmələyir. 

Professor yazır: “Mənə elə gəlir ki, susmaq hüququ insanın təməl hüquqlarından biridir: insanın öz düşüncələrini açıq şəkildə ifadə etdiyi kimi, onları gizlətmək hüququ da olmalıdır. Əks təqdirdə, demokratiyanın aparıcı prinsiplərindən biri olan gizli səsvermə mənasını itirmiş olardı. Diqqətlə fikir verəndə görürsən ki, bəşəriyyətin düçar olduğu ən ağır faciələrin kökündə məhz insanın susmaq hüququnun əlindən alınması durur. Orta əsrlərdə Avropada inkvizisiya məhkəmələri məhz zor gücünə insanları danışdırmağa söykənirdi. 

Mənim bir nəfər yaşlı həmkarım 37-ci ildə dostu ilə aralarındakı məhrəm söhbəti dərhal KQB-yə çatdırmasını belə izah edirdi: “Mən yazmasaydım, o yazacaqdı”. 

Sovet cəmiyyəti, əslində, susmaq hüquqları əllərindən alınmış ara vermədən danışan insanlardan ibarət idi. Dövrümüzün qlobal bəlası olan özgələşmənin, onun gerçəkləşməsinin kökündə insanın ya könüllü şəkildə, ya da zor gücünə susmaq hüququndan məhrum olunmasıdır. Ətrafınıza diqqətlə fikir verin: nə qədər hədəfsiz, elə-belə ara vermədən danışan adamlar var! Onlar qarın sancısı tipli ağız sancısı mərəzinə tutulmuşlar. Mənə elə gəlir ki, insanın təməl hüquqlarına günahsızlıq prezumpsiyası ilə yanaşı susmaq prezumpsiyası da əlavə olunmalıdır”.

Hamı danışırsa, deməli, heç kim həqiqət axtarmır. Bizə kim dedi ki, hamının danışdığı dünya, hamının susduğu dünyadan daha gözəl olacaq?

Bu gün “qarşısıalınmaz bayağı ekspertizaların rəyi sosial ratsiyada vəzifəsindən, ictimai funksiyasından, cinsindən, irqindən asılı olmayaraq hər kəsə ötürülür. İlk baxışda özü-özünü idarə edən bir sistemi xatırladan bu tora düşmək üçün, sadəcə, totalitar eyniliklərin fonunda forma inqilabları törətmək yetər. Fundamental ölçülər itdiyindən istənilən fikirəbənzər zəvzəylik kütlələr tərəfindən qısa müddətdə mənimsənilib ictimai həzmolmaya məruz qaldığı üçün “insanlar vacib dəyərlərdən uzaqlaşıb məzmunsuzlaşaraq sırınan məqsədə doğru könüllü can atan təkfunksiyalı məxluqlara çevirilirlər”. Ejen İonesko da bu məsələni belə xırdalayır. 

Real dünyanın tör-töküntüləri virtual aləmin əsilzadə söz sahiblərinə çevirilib, bir bombardmanla yoxa çıxan nəsillərin, gülləbaran edilən içidolu məktəblərin, kölə kimi satılan qadınların, aclıqdan, soyuqdan qırılan millətlərin faciəsinin adiləşib gündəlik laqqırtı həddinə endiyi sərbəst müzakirə mühitində hər hansı faciə tarixin yox, günün mövzusudur. Elə bir mühit peyda olub ki, hər tərəfdən informasiya zərbələrinə tuş gələn insan nokaut vəziyyətinə düşüb. Hətta gündəlik işlənən adi ifadələrin sübuta ehtiyacı olmayan inkaredilməzliyi qarşısında gözübərəli qalıb. O, əvvəlcə yaxın, getdikcə bütün uzaq yaddaşından məhrum olan əsl altsheymer xəstəsi kimi cavabı ilə maraqlanmadığı bir yığın əhəmiyyətsiz sualın içində itib-batıb. İnformasiya bumunun yaratdığı kütləvi psixoz onun bütün xatirələrini dağıtdığı üçün o, uşaq kimi hər şey haqqında yenidən primitiv suallarla düşünməyə məcburdur. Deməkdə fayda var ki, uşaq xatirəsi olmayan təmiz insandır.  

Xatirələr təkcə poeziya mənbəyi deyil, onlar sıravi insanların təcrübə mənbələridir.

Homoinformatikus öz təcrübələrindən yararlanmaqdan məhrum bir varlıqdır. Dalbadal aldığı informativ zərbələr onu artıq mübahisə doğurmayan həqiqətlər qarşısında anlaşılmaz heyrətə salıb, O, köhnə dünyanın öyrədilmiş məntiqi ilə düşünməkdə acizdir. Onun beynində səbəb və nəticə axtarışından yorulmuş ənənəvi zəkanın kontuziyası baş vermişdi. Xaos isə heç kimə aman vermədən böyüyür; xilas yolu tapmaq üçün vurnuxan ideyalar bir-birinə dolaşaraq insanları hər kəsin kütləvi dəyərlərin yaradıcısı ola biləcəyi bir tora sürükləyir. Eynən qumluqda yumurtadan çıxıb dənizə cuman tısbağa balaları kimiyik. Yuxudan qalxıb bizə lazım olmayan informasiya dənizinə cumuruq; o dənizdə isə “Gəlinlə baldız dalaşır; yaralılar yaranır”, “Xarici ölkə vətəndaşını it qapır”, “Müğənni kafedə cinsi əlaqədə olur”, “Təranə Rəqsanəyə elə sözlər deyir ki…” Booyyy!.. 

Çünki artıq gündəlik fərdi yanaşmaların kollektiv həqiqətlərə çevirilmə şansı qaçılmazdır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri