20 
İyl
2019
11:16
163
168
5900
Virtual karabakh

Bu toplumun naziri olmağa nə var ki, kişisən, yazıçısı ol

20 İyl, 2019
11:16
5900

Bu toplumun naziri olmağa nə var ki, kişisən, yazıçısı ol

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəramət Böyükçöl yazır...

Tez-tez Mirzə Cəlili qınayırıq ki, o, böyük istedadını nə üçün xalqın maariflənməsi yolunda şam kimi əritdi? Niyə onun azərbaycanlı obrazları poçt qutusuna məktub ata bilməyən sadəlövh Novruzəli, əlində qamçı millətin canına düşən bambılı Xudayar bəy, itmiş eşşəyinin həsrətini çəkən yazıq Məhəmmədhəsən əmi, qoltuğunda araq şüşəsi gəzdirən sərxoş Kefli İsgəndərdən ibarət oldu? Axı onun dünyasəviyyəli mətnlər yaradacaq böyük istedadı vardı. Qəribədir ki, bu kimi sualların cavabı da elə özümüzdə var: Mirzə Cəlil adına böyük ədəbiyyat dediyimiz mətnləri kim üçün yazacaqdı, onu kim oxuyacaqdı? Ağır dərddir, amma yenə o fikirdəyəm ki, Cəlil Azərbaycan xalqına baş qoşmamalı idi. 

Məsələn, mən də özümü XXI əsrin Mirzə Cəlili hesab edirəm. Gül kimi qələmim var. Cümlə qura bilirəm. Üç roman yazmışam. Üçü də ədəbiyyat faktıdır. Bəlkə yalan deyirəm? İnanmırsınız, gedin, oxuyun! Bəs bundan sonra nə etməliyəm? Dayanmadan mütaliə, istedadımı kitablarla cilalamalı, dil öyrənməli, dünyanı gəzməli, görməli və əlbəttə, yazmalıyam. Ədəbiyyatla ciddi məşğul olmalıyam. Amma nə ilə, Alış? Hansı səbirlə, hansı iradə, hansı dözümlə, hansı pulla? Və yaxud, kim üçün yazım? O həvəsi, enerjini haradan, kimdən alım? Ona görə də qələmi çörək ağacı kimi minib çapıram, necə deyərlər, istedadımla ucuz taksi xidməti kimi fəaliyyət göstərirəm. 

Bir xalqın ki ulduz müğənnisi Afət Fərmanqızı ola və hansı rayonun toyuna gedirsə, oxuya: 

“Sevimlidir bütün şəhərlər, amma, 
... ayrı məhəbbətim var”.

Tovuzda oxuyanda deyir, Tovuza ayrı məhəbbətim var. Cəlilabada gedəndə deyir, Cəlilabada ayrı məhəbbətim var. Naxçıvan deyən kimi naxçıvanlılar cibinə pul basır, Tovuz deyən kimi tovuzlular, Lənkəran deyən kimi lənkəranlılar qışqırışıb əl çalır. Nöqtələrin yerinə hansı rayonun adını qoysan puldur. 

Eksperiment üçün baxaq, Nəsiminin dərisini yenidən soymuş Afət Fərmanqızı İmişli toyuna gedir və oxuyur: 

“Sevimlidir bütün şəhərlər, amma, 
İmişliyə ayrı məhəbbətim var”. 

Tez İmişli camaatı müğənninin cibinə pul basır, göy yüzlüklər göydə oynayır. Bundan sonra müğənni qonşu Beyləqana keçir:

“Sevimlidir bütün şəhərlər, amma, 
Beyləqana ayrı məhəbbətim var”. 

Beyləqan camaatı da puldan-paradan Afətin cibinə basandan sonra gözünədöndüyüm şimal bölgəsinə keçir. 

“Sevimlidir bütün şəhərlər, amma, 
Şəkiyə ayrı məhəbbətim var”. 

Beləcə, Azərbaycanı dolam-dolam dolanır. Oxuyan da razıdır, oxudan da, bəy də, gəlin də, qız evi, oğlan evi də - hamısı razıdır. Hərdən fikirləşirəm ki, burada Afətdə nə günah var? Məgər, camaatdan zorla pul alır? Uzun illər Namiq Qaraçuxurlu mənasız bir rəvayəti ilə Azərbaycan xalqının ürəyinə asanlıqla yol tapmışdı. Bütün televizorlar, kaset dükanları, maşınlar Namiqi oxudurdu. Biri yanı balalı inəyin, o biri aylarla tövlədə yem verib kökəltdiyi danasını satıb Namiqə verirdi ki, gəlib onun oğlunun toyunda rəvayət desin. 

“O vəfasızdan sonra,
Düşməmək üçün tora,
Sevməyəcəm söylədim, 
Tənha ömür eylədim, 
Keçdi xeyli zamanlar, 
Ötdü bir neçə anlar, 
Bir qız gördü gözlərim, 
Yaddan çıxdı sözlərim”. 

Adamlar da bu sicilləməyə ətək-ətək pul verir, kövrəlir, göz yaşı tökürdü. Fəxr edirdilər ki, oğlumun toyuna Namiq gəlmişdi. Biri çıxıb o Namiqə demədi ki, üçüncü misradan deyirsən, daha heç vaxt sevməyəcəyəm, cəmi dörd misra sonra qayıdırsan ki, bir qız gördü gözlərim, yaddan çıxdı sözlərim. Yenə deyirəm, burada Namiqdə nə günah var? Oxuyan da razıdır, oxudan da, bəy də, gəlin də, qız evi, oğlan evi də, dindirsən, bəlkə də yanı balalı inəklər, danalar da razıdır. 

Hərdən fikirləşirəm ki, belə bir toplumun naziri, deputatı olmağa nə var ki? Kişisən, bu xalqın yazıçısı ol. Kişisən, bu camaata baxıb ürəyin partlamasın, canın çıxmasın. Yaxud, kişisən, bunlara baş qoşma. Kişisən, sakitcə otur, yaradıcılığınla məşğul ol, mütaliə et, dil öyrən və s. Axı alınmır. Bax, məsələn, bu yazı nə üçündür? Bu toplumun düşüncəsi, təfəkkür dayazlığı, savadsızlığı niyə məni bu qədər içdən yandırır, niyə göynədir, niyə ağrıdır? Görəsən, niyə vecimə almaya bilmirəm? Yəqin, Cəlil də eyni hissləri keçirirmiş, o da belə yanıb-tökülürmüş. Axı bu camaata nə deyəsən, özləri müğənnilərini də seçiblər, aşıqlarını da, meyxanaçılarını da, ziyalılarını da, deputatlarını da, indi də yeyib-içib, deyib-gülüb kef edirlər. Varisdən, Elxan Elatlıdan, Çingiz Abdullayevdən-zaddan da özlərinə yazıçı düzəldiblər. Demək, bu toplumun yazıçısı da var. 

Özümə sual verirəm: bəs mən nə edim, bəs mən kiməm, nəyəm? Axı istəsəm, kütlənin zövqünü oxşayan fikirlərlə cəmi bir neçə aya Azərbaycanın ən sevimli yazıçısı, görkəmli ziyalısı olaram. Kütlənin sevimlisi olmaq mənim əlimdə 2×2-dir. Başqa şeyləri bacarmasam da, Azərbaycanda sevilməyi yüz faiz bacararam. Çünki bu camaata nə lazım olduğunu çox yaxşı bilirəm və buna potensialım da çatır, istedadım da, gücüm də... Hərçənd ki çoxluğun sevimlisi olmaq üçün elə ciddi istedada-zada ehtiyac yoxdur, yüngülvari cızma-qara kifayətdir. Amma istəmirəm. Daha doğrusu, istəyirəm, bacarmıram, əlimdən gəlmir. Bəs mən neyləyim ki, Azərbaycan insanını daha zövqlü və daha səviyyəli görmək istəməyim? Yanıb-tökülürəm, deyirəm, necə eləyim ki, mən də Namiq Qaraçuxurlu, Mehman Əhmədli, Şəbnəm Tovuzlu olum? 

Özümü Mirzə Cəlilə müqayisə etməyimə gülməyin, görəcəksiniz, vaxt gələcək Azərbaycanın düz ürəyinin başında mənə heykəl qoyacaqlar, ev muzeyimi yaradacaqlar, uşaqlarınız mənim romanlarımı oxuyub imtahan verəcək, sevgililər mənim adıma salınmış parkda öpüşəndə polislər tutub 50 manat alacaq, adamlar 9933-ə zəng eləyib Kəramət Böyükçöl küçəsindən Elmlər Akademiyası metrosuna taksi çağıracaq, 100 illik yubileyimin keçirilməsi ilə bağlı sərəncamlar imzalayacaq... Gülməyin, görəcəksiniz!!! 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri