23 
İyl
2019
20:35
43
308
9245
Virtual karabakh

Kişilərin seks köləsi olduğu qəsəbə ilə patriarxal cənnətin müqayisəsi

23 İyl, 2019
20:35
9245

Kişilərin seks köləsi olduğu qəsəbə ilə patriarxal cənnətin müqayisəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Bu yazımızın mənə görə maraqlı bir “big bang”ı oldu; Dostoyevskinin yolunu daha kəsədən getməyə çalışan və rus xalqının təbiətindəki cinayətkar xislətin arxasında bütün xristianlara məxsus bağışlanmaq, günah yuma hissinin olmadığını göstərmək üçün detektiv romanlar yazan rus yazıçısı Boris Akuninin “Qar kraliçası” romanında on doqquzuncu əsrin əvvəllərində Rusiyada dəbdə olan bizim “rus ruleti” dediyimiz, əslində isə, “amerikan ruleti” adlanan, tətiyi təsadüfün barmağına həvalə edilmiş tapançanın fırlanan darağındakı tək güllə ilə öz sevgilərini sevdikləri qadına göstərmək üçün iki romantik gəncin növbə ilə başlarına silah dirəməsi səhnəsini oxuyanda ağlımın ucundan belə bir fikir keçdi ki, nə vaxtsa belə bir ölümcül dəbin sevən qadınlar arasında da yayılan günü olubmu? 

Sualın cavabını axtara-axtara bir də onda ayıldım ki, matriarxal dövrə gedib çıxmışam və bu yazının ideyası da elə orada qadınların hakimiyyətdə olduğu çox qədim zamanlarda yarandı. 

Akuninin “Qar kraliçası” məni başqa bir kitabla, argentinalı yazıçı Rikardo Kolerin yazdığı “Qadın Krallığı” ilə tanış etdi. Sən demə, bu argentinalı yazıçı bir gün “Yer üzündə kişilər üçün bir cənnət varmı?” deyə axtarışlara başlayır və soraqlaşa-soraqlaşa gəlib çıxır Çinin çənubunda Mosuo adlı bir qəsəbəyə. Və burada, həqiqətən, hər bir kişinin arzuladığı cənnəti tapır, qərara alır ki, gördüklərini kağıza köçürüb bütün dünyaya yaysın.      

Rikardo kitabında yazır ki, Çinin cənubundakı Mosuo qəsəbəsində insanlar matriarxal dövrdə yaşayırlar və burada mübarizə erkəklərin dişiləri əldə etməsi uğrunda deyil, dişilərin erkəklərə sahib olması uğrunda gedir. Kişilər qadınları deyil, qadınlar kişiləri “yoldan çıxarırlar”. Kişilərin zülmlə ayaqladığı bizim patriarxal cəmiyyətdən fərqli olaraq, Mosuo qəsəbəsində ailə deyə sosial qurum yoxdur. Əsl Kəramət Böyükçölün yeridir. Qadınlar evlənməyə, ailə qurmağa lazımsız bir şey kimi baxırlar.

Mosuolu qadınlar Rikardoya etiraf edirmişlər ki, hər tərəfdə kişilərin işçi arılar kimi qaynaşdığı bir halda nə üçün onlar bütün ömürlərini yeganə və səfeh bir kişi ilə keçirməlidirlər? (Bizim cəmiyyətdə bunu hansı kişi desə, arvadı başında qırxgünlük turp əkər). Kişilər cinsi münasibətlərdə tabe olan səlahiyyətsiz kəslərdir, nə yaşadıqları evdə, nə də cəmiyyətdə hər hansı bir mülk, mal sahibi ola bilərlər. Heç buna ehtiyacları da yoxdur, çünki heç bir mosuolu qadın evi, işi, maşını olan kişi axtarmır, kişi dedikdə mosuolu qadın öz aləmində seks köləsi demək istəyir.

Vətəni qorumaq, ev-eşik sahibi olmaq, uşaqların təlim-tərbiyəsi qadınların ixtiyarında olan məsələlərdir. Mosuo qəsəbəsində Vətəni qorumaq fikrinə düşən kişiyə “matişgə” kimi baxırlar. İqtisadi idarəetmə də qadınların əlindədir, kişinin ağzı nədir ki, ailənin mal varlığına müdaxilə etsin. Qadınlar kişilərin deyil, kişilər qadınların soyadını daşıyırlar. Qız uşaqları oğlan uşaqlarından daha üstün mövqeyə sahibdirlər, çünki nəslin davamlılığı onların əlindədir. Kişilər axşama kimi bir yerə yığışıb laqqırtı vururlar, axşam isə hər dəfə başqa bir qadın gəlib onları “oppalara” aparır. Bir də özümüzə baxın; “çevir tatı, vur tatı”.   

Allah haqqı, bunları yazanda belə patriarxal cəmiyyətdə yaşadığım üçün durub eyvanda üstümə nöyüt töküb, özümü yandırmaq istəyirəm. 

Mosuoluların “Qadın krallığı”nda sevgi anlayışı da bizdən min dəfə yaxşıdır - əlbəttə, Rikardo Kolerin yazdıqları doğrudursa. Belə ki, heç bir mentalitet basqısı, əxlaqi yengəlik olmadan açıq münasibət yaşayırlar. Həddi-buluğa çatmış qızlar tək kişi ilə əlaqənin onlar üçün darıxdırıcı olduğunu söyləyirlər.

Onların “it kimi darıxan” şairləri kişilər yox, qadınlardır. Həm də onlarda darıxmaq hissi bizim şairlər kimi ömürlük deyil, axşam hava qaralanacandır. Elə ki gün bir balaca əyildi, qadınlar yolda, kolda bəyəndikləri kişinin əlini üç dəfə sıxaraq ona intim münasibət təklif edirlər. Mən bir dəfə İstanbulda ayaqqabısına toxunduğum qıza əlimi uzadıb üç dəfə üzr istədim, “homo erectus”lara qədər bütün nəslimi söyüb batırdı. 

Mosuolu qadınlar on üç yaşından etibarən özlərinə ayrı bir ev tikirlər, kişilər isə əlləri hər gün üç dəfə sıxılana qədər bütün günü ömürləri boyunca anaları ilə yaşayırlar. Yəni xalis-munis “mamauşağıdırlar”. 

Kitabın müəllifi Rikardo Korel “Spigel.de” saytına müsahibəsində deyir ki, var-dövlət yığmaq mоsuolu qadınların ağlının ucundan belə keçmir, uşaqlar dolana bilirsə, demək, hər şey yaxşıdır: “mənə elə gəlir ki, çox pul qazanmaq, kapital yığmaq kişi ideyasıdır”, - Rikardo deyir, - “mosuolu qadınlar kişilərlə pul, uşaq xətrinə yatmırlar, onları ancaq öz hissləri maraqlandırır. Onlar uşaqlarını ailə ilə qorxudurlar, məsələn, qızına əsəbiləşən ana deyir: “Əgər özünü yaxşı aparmasan, səni ərə verəcəyəm. Atalara və övladlara gəlincə, onlar heç vaxt kimin atası və kimin övladı olduqlarını bilmirlər”.  

İnsanların ilk cəmiyyətləri qadınların hakim olduğu matriarxal cəmiyyətlər idi. Bunun ən böyük səbəbi, araşdırmaçılara görə, dişilərin doğmaq bacarığının bərəkət anlayışı ilə bərabər tutulması idi. Əkinçilik dövrünün ilk tanrıçaları da bərəkəti ifadə edən qadın (dişi) illahlar idilər.

Bu gün də Mərkəzi və Orta Asiyada hamilə tanrıların heykəlləri mövcuddur. Qədim əcdadlarımız cütləşmədən sonra kişilərdə heç bir zahiri dəyişiklik hiss etmirdilər, qadınların isə bədəni yeni şəkil alırdı və qədim insanlar dişilərin təkbaşına doğub-törədiklərini düşünürdülər. Qadına tanrının bədən verilmiş bir nüsxəsi kimi baxırdılar. Yeni doğulan körpənin çıxdığı bətnin ağzında doğuşdan əvvəl hər ay bir neçə gün qan görən əcdadlarımız qanaxma kəsildikdən bir neçə ay sonra doğuş baş verdiyinə şahid olurdular. Onların uşağın cütləşmədən deyil, qandan yarandığını düşünməsi çox məntiqli idi. (“Quran”ın Alaq surəsində də bu qədim inanca işarə var, müsəlmanların müqəddəs kitabında tanrının insanı qan laxtasından yaratdığı deyilir). 

Qədim vikinqlər, yaxud qədim türk kişiləri sırğa taxır, uzun saç saxlayır, gözlərinə sürmə çəkirdilər. Əksər insanlar elə bilirlər ki, bu zahiri cəlbedici effektlər sonralar kişilərdən qadınlara keçib. Tam əksinə, Dədə Qorqudun “iminnavat” elədiyi Qazan xanın saçı, sırğası, ənlik-kirşanı matriarxal dövrün qalığı idi. Kişilər hakimiyyəti qadınlardan alanda hakimiyyət rəmzi olaraq onların kosmetik ləvazimatlarını da mənimsədilər, özlərinə isə bəzənib-düzənməyi qadağan etdilər. Sonra qadınları kosmetikasız görən qədim atalarımız it kimi peşman oldular və boya, kis, mastrok dolu çantalarını özlərinə qaytardılar.

Mosuo qəsəbəsi haqqında oxuyandan və yazandan sonra bir daha əmin oldum ki, Freyd düz deyirmiş: “Mədəniyyətin sonu vəhşilikdir”. Bir bizim mədəniləşmiş patriarxal dünyaya baxın, bir də gələcəkdən imtina edib geridəqalmış mosuolulara…

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri