23 
İyl
2019
18:00
313
25
3515
Virtual karabakh

Azərbaycanda narkotiklərlə mübarizə üzrə yeni mərkəz yaradılır

23 İyl, 2019
18:00
3515

Azərbaycanda narkotiklərlə mübarizə üzrə yeni mərkəz yaradılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə cari ilin sonunadək narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzi yaradılacaq.

Mərkəzin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 22-də təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulub.

Mərkəzin yaradılması üzrə məsul qurumlar qismində Azərbaycan Nazirlər Kabineti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu çıxış edir.

Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla operativ qaydada əlaqələndirməni təmin etmək üçün 2019-cu ilin sonunadək “Qaynar xətt” rabitə əlaqəsinin yaradılmasını nəzərdə tutur.

Dövlət Komissiyasının işçi qrupu, eləcə də müxtəlif orqanlar (strukturlar) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın son 5 ildə vəziyyətini, dinamikasını, latentliyini hərtərəfli təhlil etməli və müvafiq tədbirlər görməlidir. Dövlət Proqramı narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasını, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılmasını, reabilitasiya mərkəzlərinin yaradılmasını da nəzərdə tutur.

Ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramına əsasən, Dövlət Komissiyasının işçi qrupunun səlahiyyətlərinə, həmçinin hər il yanvarın 30-dək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabatın hazırlanması daxildir.

Dövlət Proqramının müddəalarının qüvvədə olduğu dövrdə müxtəlif dövlət strukturları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verməlidir.

Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılması nəzərdə tutulub.

Dövlət Proqramının müddəalarına əsasən, müvafiq dövlət strukturları narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər görməlidir. Tədbirlər planı sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanmasını da nəzərdə tutur.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri