24 
İyl
2019
15:58
81
32
4984
Virtual karabakh

Məhkəmələrin müstəqilliyinə məhz bu qurum mane olur - Vəkildən iddialı açıqlama

24 İyl, 2019
15:58
4984

Məhkəmələrin müstəqilliyinə məhz bu qurum mane olur - Vəkildən iddialı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin sərbəst və müstəqil qoludur, amma bu, idealda belədir. Azərbaycanda məhkəmələr asılıdır və vətəndaşların etimadını itiriblər.

Bunu Oxu.Az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

O, Prezident İlham Əliyev tərəfindən 2019-cu il aprelin 3-də imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın vaxtında verildiyini vurğulayıb.

Qeyd edək ki, fərman zamanın tələblərinə cavab verən və cəmiyyətdə böyük nüfuza malik olan ədalət məhkəməsinin formalaşdırılması prosesinin sürətləndirilməsi məqsədilə imzalanıb.

Vəkil bildirib ki, məhkəmə fəaliyyətinin şəffaflığını artırmaq, məhkəmə icraatının səmərəliliyini yüksəltmək, məhkəmə qərarlarının icrasını tam və vaxtında təmin etmək, süründürməçilik, kənar müdaxilələr və korrupsiya hallarının aradan qaldırılması üzrə tədbirləri gücləndirmək lazımdır. Buna görə də bütün deyilənləri nəzərə almaqla, bu, çox vaxtında verilən fərmandır.

O diqqətə çatdırıb ki, ölkənin məhkəmə sistemindəki vəziyyət kritikdir:

“Məhkəmə işlərinin keyfiyyəti şikayət edilən qərarların sayından görünür. Birinci instansiya məhkəmələrinin qərarlarının praktiki olaraq 100 faizindən apellyasiya məhkəmələrinə şikayət edilir. İnsanlar məhkəmələrə inanmırlar, çünki onlar əsaslandırılmış iddiaları təmin etmir.

Apellyasiya Məhkəməsinin qərarlarının təxminən 90 faizindən Ali Məhkəməyə şikayət edilir – bu, keyfiyyətin ən aşkar göstəricisidir. Əgər məhkəmələrin qərarları qanuni şəkildə əsaslandırılsaydı, o zaman vətəndaşlar hətta uduzduqları halda belə, başa düşərdülər ki, qərar ədalətlidir”.

Bəraət hökmləri məhkəmə sisteminin müstəqilliyinin barometridir. Rəsmi şəkildə qəbul edilib ki, bəraət hökmlərinin sayı ittiham hökmlərinə nisbətdə təxminən 1% təşkil edir və bu da çox aşağı göstəricidir.

Ə.Mustafayev diqqətə çatdırıb ki, maddi-texniki bazanın möhkəmlənməsinə, yeni məhkəmə binalarının tikilməsinə, kompüterləşmənin aparılmasına baxmayaraq, məhkəmələrin işinin keyfiyyətini yüksək adlandırmaq olmaz:

“Prezident Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrdə hakimlərin sayını 200 nəfər artırmaq barədə göstəriş verib. Təkcə hakimlərin sayı artmayıb, həm də onların aparatı genişlənib. Bu, ədalət məhkəməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətinin azaldılması üçün edilib”.

Onun sözlərinə görə, artımdan sonra hakimlərin iş yükü cüzi azalacaq. Çünki ölkənin siyasi və iqtisadi sisteminin inkişafı həmişə məhkəmələrə şikayətlərin sayının artmasına gətirib çıxarır.

Hüquqşünas qeyd olunan fərmanın 3.3-cü bəndinə toxunub. Orada deyilir ki, hakimlərin müstəqilliyinin təmin olunması üçün məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdirilməli və bu cür müdaxiləyə görə məsuliyyət artırılmalıdır.

Bununla əlaqədar olaraq Məhkəmə-Hüquq Şurasına (MHŞ) şikayətlərin qəbulu üçün “qaynar xətt” yaratmaq və ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlıq və qərəzsizliyin daha dolğun təmin edilməsi məqsədilə məhkəmələr tərəfindən “Məhkəmələr və hakimlər haqqında” qanunun tələblərinə əməl edilməsinin müntəzəm monitorinqini keçirmək tövsiyə olunub.

Lakin Ə.Mustafayev hesab edir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə mane olan orqan məhz MHŞ-dir:

“Məsələ burasındadır ki, hakimlərin fəaliyyətinə MHŞ nəzarət edir – sədri ədliyyə naziri Fikrət Məmmədov olan bu orqanın hakimi cəzalandırmaq hüququ var. Belə çıxır ki, hakimlər icra orqanından asılıdır. Biz çoxdan bu problem haqqında danışırıq. MHŞ-nin tərkibinə hakimlərdən başqa, deputatlar, vəkillər, nazirlər daxildir ki, bu da düzgün deyil. Avropanın heç bir ölkəsində belə bir şey yoxdur ki, məhkəmə fəaliyyətinə aidiyyəti olmayanlar hakimlərin işinə qiymət versinlər. Vəkil hüquqşünas olsa da, o, hakim deyil. Bütün ölkələrdə bu cür şuralara yalnız hakimlər daxildir.

Avropa təşkilatları dəfələrlə təklif ediblər ki, MHŞ-nin əsasnaməsi dəyişdirilsin. Sözügedən qurum bu şəkildə qalmağa davam etdiyi müddətdə məhkəmə hakimiyyətinin müstəqilliyi olmayacaq”.

Vəkil əlavə edib ki, icra hakimiyyətləri Məhkəmə-Hüquq Şurası vasitəsilə hakimlərin işinə təsir edirlər:

“Bundan başqa, hamı bilir ki, birinci instansiya hakimləri yerli icra hakimiyyətlərinin, prokurorların, hətta polis rəislərinin təsiri altındadır”.

Fərmanın hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə yüksəldilməsi haqqında növbəti bəndinə gəlincə, Ə.Mustafayev bildirib ki, hətta ən yüksək əməkhaqqı məhkəmə sistemində korrupsiyanın kökünün kəsilməsinə təsir etməyəcək:

“Təəssüf ki, bizdə oturuşmuş rüşvətxorluq var. Məsələn, Gürcüstanda olduğu kimi çox sərt cəzalandırma sistemi olmalıdır. Belə olan halda islahatların effekti ola bilər”.

Azərbaycanda ədalət məhkəməsinin şəffaflığına və keyfiyyətinin artırılmasına gəlincə, hüquqşünas hesab edir ki, bu işə vətəndaş nəzarəti kömək edəcək. Məhkəmə prosesləri açıq olmalıdır. Bir çox ölkələrdə bu proseslər televiziya vasitəsilə yayımlanır, yaxud məhkəmə dəhlizlərində quraşdırılan monitorlar məhkəmə zalında baş verənləri göstərir. Qeyri-hökumət təşkilatları isə Azərbaycanda əvvəllər olduğu kimi, məhkəmə iclaslarının monitorinqlərini keçirməli, hesabatlar dərc etməli, ictimaiyyəti məlumatlandırmalıdır. Belə olan halda hakimlər prosessual tələblərə ciddi əməl edər, bununla da ədalət mühakiməsinin keyfiyyəti artar.

Vəkil əmindir ki, Azərbaycanda imtina edilən andlılar məhkəməsi institutunun tətbiqi də cinayət məhkəmə prosesinin effektivliyini artıra bilərdi. Əks halda, Avropa həmin institutdan çoxdan imtina etmişdi.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri