Avq
2019
09:00
17
199
5672
Virtual karabakh

Bazarda qəpik-quruşadır, marketlərdə isə od qiymətinə satılır - VİDEOREPORTAJ

1 Avq, 2019
09:00
5672

Bazarda qəpik-quruşadır, marketlərdə isə od qiymətinə satılır - VİDEOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yay mövsüm meyvə və tərəvəzlərinin qiymətləri ilə bağlı şikayətlərin ardı-arası kəsilməyib. İnsanlar yay uzunu meyvə ala bilmədiklərindən, hər şeyin baha olduğundan şikayətlənir.

Oxu.Az-ın əməkdaşları elə bu səbəbdən paytaxt sakinlərinin ən çox alış-veriş etdiyi “8-ci kilometr bazarı”na üz tutublar.

Bazara daxil olan kimi buradakı qiymətlərin marketlərlə müqayisədə xeyli aşağı olduğunu aydın sezmək olur. Satıcılar da bir ağızdan deyir ki, marketlərdən fərqli olaraq, bazarlarda qiymət artımı yoxdur.

Bazarda pomidor, xiyar, badımcanın qiymətləri 50 qəpikdən başlayır, 80 qəpiyə qədər artır. Bir qədər əzilmiş məhsulları isə 40 qəpikdən də almaq olar. 

Satıcılardan biri deyir ki, market rəhbərlərindən fərqli olaraq onlar məhsulun maya dəyərinin üzərinə 10-15 qəpik qoyurlar:

“Xaçmaz pomidorudur. Biz pomidorun yeşiyini (26 kq) 10 manata alırıq. Onun kiloqramı bizə 30-40 qəpiyə düşür. Üzərinə də10-15 qəpik qoyub satırıq. Badımcanın 3 kilosunu 1 manata satırıq. Marketlərdə isə 80 qəpikdən aşağı pomidor, xiyar tapmaq olmaz.

Bibərlərin qiymətləri də fərqlidir. Acı bibərin 10 ədədi 1 manata, şirin bibərin isə 20 ədədi 1 manata satılır”.

Gündəlik istehlak olunan məhsullar arasında kartof, soğana təlabat daha çoxdur. Şəmkir kartofunun kiloqramı 50-80 qəpik, Tovuz kartofunun bir kiloqramı isə 60 qəpikdən başlayır. Bəzi piştaxtalarda 3 kilosu 2 manata satılan Tovuz kartoflarına da rast gəldik. Şəmkir soğanının bir kiloqramını isə 50 qəpikdən almaq olar.

Satıcılar deyir ki, qiymətlərin artımı hava şəraiti ilə bağlıdır. Bu il isə elə kəskin keçmədiyindən bahalaşma yoxdur.

Tərəvəzlərdən başqa, meyvələrin də qiyməti marketlərlə müqayisədə pis deyil. Meyvə bölməsində gözümüzə ağ gilas dəyməsə də, alıcılar sözügedən giləmeyvənin yüksək qiymətə satıldığını deyir.

Elə yanımızda gilas satan şəxsə yaxınlaşıb, alıcının fikrinə münasibət öyrəndik.

O deyir ki, bu il ağ gilas da əvvəlki illərdən daha münasib qiymətə satılıb:

“İndi bazarda ağ gilas tapmaq olmur. Amma qiymətlər elə də baha olmayıb. İndi Qubanın qara gilasının bir kilosunun qiyməti 2 manat - 2,50 qəpikdir. Amma marketlərdə 4-5 manatdan aşağı tapmaq olmaz. Bəzən alıcılar fikirləşir ki, marketlərdən almaq sərfəlidir. Çünki 30 qəpik verib bazara gəlmək, məhsul alıb geri qayıtmaq elə haradan baxsan o qiymətə gəlib çıxır”.

Bazarda tüksüz şaftalı və gavalının 1 kilosu 1,50 qəpiyədir, tüklü şaftalının 1 kilosu 1,50-1,80 qəpik arasında dəyişir. Düşes armudun bir kilosu 1-2 manatdan, Masallı çiyələyinin kilosu isə 1,70 qəpikdən başlayan qiymətlərlə satılır.

Böyürtkənin bir vedrəsi 4 manata, moruğun bir vedrəsi isə 8 manata təklif edilir. Əriyin bir kilosunu isə 3 manatdan başlayan qiymətlərlə almaq mümkündür.

Hər kəsin qiymətlərindən şikayət etdiyi yemiş-qarpızda vəziyyət bir qədər qəlizdir. Satıcılar deyir ki, qiymətlər bir başa onların növlərinə görə dəyişir:

“Yemişin şahnazar, bildirçin, şamama növləri var. Bu gün ən çox alınan şahnazar növüdür. Kiloqramı 50-60 qəpiyə satılır. Yemişin digər növlərinin qiyməti isə 25-40 qəpik arası dəyişir. Elə növləri var 3 kilosunu 1,40 qəpikdən satırıq”.

Bundan başqa, lobyanın kilosu 1,20 qəpikdən 1,50 qəpiyə qədər artır. Lənkəran limonunun 4 ədədi isə 1 manata təklif edilir.

Yekun olaraq bazardakı qiymətlər belədir:

Xiyar – 0,50 - 0,80 manat;

Pomidor – 0,50 - 0,80 manat;

Kartof – 0,50 - 0,80 manat;

Soğan – 0,80 manat;

Alma -  0,60 – 0,80 manat;

Armud – 1 - 2 manat;

Üzüm  - 1 manat;

Banan - 2 manat;

Müqayisə üçün bir neçə marketə girib, qiymətlərlə də tanış olduq. Eyni məhsullar marketlərdə ən az 1 manat baha qiymətə təklif edilir.

Könül Cəfərli 
FOTO: Ramil Zeynalov
VİDEO: Orxan Hüseynov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri