31 
İyl
2019
14:37
28
115
7339
Virtual karabakh

Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam - MÜSAHİBƏ

31 İyl, 2019
14:37
7339

Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin Oxu.Az-a müsahibəsi:

– Neynirsən ki, yenə müsahibə edib, Kəramət? Yorulmadıq, eyni şeyləri danışmaqdan?

– Rəşad müəllim, sizdən üçüncü dəfədir müsahibə alıram. Əvvəlki müsahibələrdən bərk narazı qalmışdınız. Ümid edirəm ki, bu dəfə yaxşı olar... 

– Hə, özündən mənim əvəzimə sözlər, suallar uydurmuşdun, demədiyim şeyləri yazmışdın, ona görə narazı qalmışdım. Onda cavan vaxtların idi, dişlərinin hamısı yerində idi, indi klassiksən. İndiki Kəramət Böyükçöl elə şeylər eləməz! 

– Mən qarışıq bəzi cavanlara tez-tez deyirsiniz ki, ağıllanmısan. Bəs özünüzdə bir dəyişiklik hiss eləmirsinizmi? Artıq əvvəlki emosiyanız yoxdur, xeyli sakitləşmisiniz. 

– Yəni demək istəyirsən, qocalmışam? Zaman hamını müdrikləşdirir. Həmişə demişəm, cavan olanda üsyankar olmalısan. Xüsusən, yaradıcı cavanlarda üsyankarlığı qəbul edirəm. Amma üsyankarlıq bir müddət olar. Sonra onun arxasınca ciddi əziyyət, zəhmət, əsər qoymasan, daima cığallıq, boş yerə narazılıq eləsən, onda itib-batacaqsan və heç bir uğur qazana bilməyəcəksən. Uğurun yolu canındakı o etiraz, üsyankarlıqla bərabər, həm də öyrənməkdədir, oxumaqdadır, çalışmaqdadır, yazmaqdadır. 

Bu yaxınlarda yaradıcı gənclərin planlarını oxuyurdum, ən çox xoşuma gələn Cavid Zeynallının fikirləri oldu. Cavid deyir, mən ağlayanları yaxına qoymuram, çünki ağlamağa həmişə bəhanə var. Doğrudan da, ən çıxılmaz vəziyyət olsa belə, sən müxtəlif variantlardan istifadə edib özünü təsdiq üçün çalışmalısan. İstedadlı, yaradıcı və zəhmətkeş adam üçün elə ədəbiyyat sahəsində də pul qazanmağın çoxlu yolları var. 

– Məsələn, necə? 

– Birinin kitabını redaktə edərsən, birinin xatirələrini, müxtəlif saytlara yazı yazarsan və s. Yəni öz yazısı ilə pul qazanıb yaşamaq istəyən adamlara şərait var. Azərbaycanda gəncliyin indiki kimi imkanları heç vaxt olmayıb. Heç vaxt olmayıb ki, hansısa gənc sarsaq bir şeir yazsın, onu geniş auditoriyaya çatdırsın və hətta bəyənənlər də tapılsın. Əvvəllər şeiri neçə-neçə mərhələlərdən keçəndən, neçə redaktədən, rəydən sonra da çap etdirmək olmurdu. İndi isə bir status, şeir yazırlar, o dəqiqə kimlərsə layk edir, beləcə üzə çıxmaq asan olur. Amma yadda qalmaq və bu qədər imzaların içində özünü təsdiq eləmək bir-iki günün işi deyil, bunun üçün uzun zaman lazımdır. 

– Hərdən mənə elə gəlir ki, siz öz həyatınızdan narazısınız. Məsələn, arzularınız, iddialarınız başqa idi, onlara çata bilməmisiniz. Doğrudanmı, iddialarınız daha böyük idi?

– Bu yaxınlarda məndən doğma bir adam qəfil soruşdu ki, həyatından məmnunsan? Düzü, karıxdım. Bilmədim, suala hansı kontekstdə cavab verim. Bütün hallarda mən özümü məğlub adam hesab edirəm. Birincisi, ona görə ki, içimdə məğlubluq kompleksi var. Mənim doğulduğum ev, kənd, sevdiyim dağlar, meşələr, şəhərlər, oxuduğum məktəb – bunlar hamısı işğal altındadır. Mən özümü necə həyatından razı adam kimi hiss edə bilərəm? Büruzə verməsəm də, içimdə bu ağrıları çəkirəm. Bu mənada Rəşad Məcid məğlubdur, həyatından məmnun deyil. 

– Həyatınızdan narazılığınızın sırf şəxsi səbəbi varmı? Tutaq ki, nazir, deputat olmaq istəyirdiniz, amma baş redaktor, katib oldunuz... 

– Sovet vaxtı redaktor olmaq çətin idi, mənim də uşaqlıqda arzum idi ki, redaktor olum, olmuşam. İstəmişəm Yazıçılar Birliyində katib olum, olmuşam. Əlbəttə ki, atam imkanlı adam olub, özü də təkcə maddi mənada yox, mənəvi cəhətdən də zəngin adam olub. Məndə də görməmişlik, hərislik olmayıb, xəsis olmamışam, pula can atmamışam, həyatın mənasını başqa şeylərdə görmüşəm. Qıraqdan baxanlar mənim bəzən ötkəm danışmağıma görə fikirləşirlər ki, Rəşadın milyonları var. Mən başqalarından fərqli olaraq adi, sadə şeylərdən xoşbəxt və güclü ola bilirəm. 

– Yəni, doğrudan, heç fikirləşmirsiniz ki, mənim tay-tuşlarımın böyük vəzifəsi var, ən azı, Milli Məclisin deputatıdır, obyektləri, restoranları var, mən isə uşaq-muşağın əlində qalmışam? Biri durub haqqımda onu yazır, biri bunu yazır, saytlar zəng vurur, soruşurlar... Düşünmürsünüz ki, bu nə iş-gücdür, heç yaşıma-başıma yaraşırmı? 

– Düzü, hansısa ovqatda elə pessimistliklər, məyusluqlar olur, bəzən düşünürəm ki, səhv yaşadım, gərək bu cür yox, başqa cür yaşayaydım, istədiklərimi əldə etmək üçün xarakterimdəki bəzi şeylərin üstündən xətt çəkəydim və s. Amma sonra fikirləşirəm ki, mən dəyişə bilmərəm, riyakar ola bilmərəm. Xarakteri dəyişmək mümkün deyil ki... Mən elə bu cürəm, pulum, maddi imkanlarım çox olmasa da, rahat, sakit yaşayıram. Hər halda sevənlərim, qiymətləndirənlərim var. 

“SEYİD NƏSLİNDƏNƏM, BƏLKƏ BAĞIŞLAMAQ XÜSUSİYYƏTİM GENDƏN GƏLİR”

– Qəribə bir xüsusiyyətiniz də var. Adamları iqtidar-müxalifətə, Yazıçılar Birliyinin dostuna-düşməninə bölmür, mümkün qədər hamı ilə münasibəti qoruyur, balansı saxlayırsınız. Bu da xarakterdir, yoxsa düşünülmüş bir siyasətdir? 

– Elə bu da xarakterdir. Elə məqamlar olur, yola verirəm. Məncə, mənim xarakterimin əsas keyfiyyəti dəyərləri bilməyimdir. İstedadlı, hətta kiçik bir işartı gördüyüm adamı da heç vaxt sındırmaram, əzmərəm. Cavanlar arasında mənə qarşı ən sərt olanı belə bağışlamağa həmişə hazır olmuşam. Bəlkə, bunun da kökləri genetikaya gedib çıxır. Seyid nəslindənəm, bəlkə məndə bağışlamaq xüsusiyyəti gendən gəlir. Düzdür, hərdən hirsli, emosional oluram, “asıb-kəsirəm”, amma bu, çox ani çəkir. Ümumiyyətlə, hesab edirəm ki, mənim düşmənim yoxdur və olmamalıdır. Niyə də olsun ki? Axı, bu davalar nəyin uğrundadır? 

– İşartı dediniz... Sizcə, işartı yazıb-pozan adamların elə hamısında yoxdurmu?

– Xeyr, hamısında yoxdur. Məsələn, kimdə var?

– Məsələn, birinin “Azərbaycan”, “Ulduz” jurnallarında şeiri çıxır, baxırsan ki, işartı var. Nəsə bir misra tapırsan da. Sizcə, işartı ilə məsələ həll olunurmu? Yəni adicə bir işartıya təqaüd, ev, pul verilməlidir? 

– Söhbət istedad işartısından gedir və mən o işartını genişləndirib daha gur işığa çevirməyə qadirəm, gənclərdə, lap elə qocalarda da özünəgüvən yarada bilirəm. Bu günlərdə Xəlil Adıgözəl mənə kitabını verdi, şeirlərini oxudum, bəyəndim, qüsurları ilə bir yerdə fikirlərimi yazıb “525-ci qəzet”ə təqdim elədim. Dedim, müsahibə də götürsünlər və bundan sonrası, gələcəyi onun özündən asılıdır. Bu mənada heç kim deyə bilməz ki, mən istedadlı bir adama qarşı qəddar olmuşam. Amma görəndə ki, bu adamın nə istedadı, nə qanacağı var, böyük iddiasının arxasında da heç bir keyfiyyət durmur, artıq mən də aqressiv oluram. Səndən fərqli olaraq, mən düşünmürəm ki, istedad işığı hamıda var, olanları mən hiss edirəm.

“GƏNCLƏRİ YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ ELƏMƏK ÜÇÜN QONAQLIQ DA VERMİŞƏM”

– Məsələn, işartı Elşad Baratda da var, İntiqam Yaşarda, Orxan Saffaridə, Oğuz Ayvazda, Ulucay Akifdə də... Bu cür işartılarla ortalıq doludur. Yenə deyirəm, hərəsinin bir misrasını oxuyursan, görürsən ki, nəsə var. Amma o nəsə məsələni həll eləmir axı. Sizcə, bu işartıların hamısına Yazıçılar Birliyi xüsusi diqqət, qayğı göstərməlidir? 

– Yazıçılar Birliyi gəncləri ədəbi mühitə yaxınlaşdırır, onlar üzv olur, təqaüd alırlar. Axırıncı qurultayda mən Məmməd İsmayıldan incidim. Çıxışında dedi ki, Yazıçılar Birliyinə pulla üzvlüyə götürürlər. Hamı şahiddir ki, Yazıçılar Birliyinin üzvü eləmək üçün mən özüm istedadlı gəncləri axtarmışam, tapmışam, hələ qonaqlıq da vermişəm. Bunun qarşılığında kimsə deyəndə ki, Rəşad Məcidin təqaüddən umacağı var, fikirləşdim ki, onu deyən ədalətsiz adamdır. 

– Maraqlıdır, əlinin altına neçə-neçə jurnal, qəzet olan Anar müəllim, yenə əlində böyük bir qəzeti olan Rəşad Məcid dünən meydana çıxmış bir gəncin sosial şəbəkələrdə yazdığı statuslara cavab vermək məcburiyyətində qalır. Vəziyyəti bu yerə nə gətirib çıxardı? 

– Vəziyyəti bu yerə zaman, müasir texnologiyalar, feysbuk gətirdi. Məsələn, əvvəllər çayxanalarda oturub qeybət edirdilər, indi o qeybətləri açıq-aşkar yazırlar. Mən mümkün dərəcədə cavab vermirəm. Amma elə məqam da olur ki, hirslənirəm, cavab vermək məcburiyyətində qalıram. Tənqid eləməyə nə var ki? Mən özüm tənqid eləsəm, bunu məni tənqid edən cavanlardan on qat yaxşı bacararam. Onların babat tənqid etməyə də istedadları çatmır, ancaq söyüş yazırlar. Onların yazdıqları da, tənqidləri də primitivdir.

Sən bəzən elə statuslar yazırsan ki, onu yazmağa mənim cəmiyyətdəki mövqeyim, yaşadığım həyat, tutduğum vəzifə imkan vermir. Sənin statuslarında çox uğurlu məqamlar, detallar olur. Dəqiq tutursan, bilirəm. Sənə münasibətimin dəyişməyi də yazılarına, hekayələrinə, istedadına görə oldu. Sadəcə, heyifim gəlir ki, sən öz istedadını - hansı ki, o istedadı o vaxt səndə axtarırdım, tapmırdım, amma sonra gördüm - daha yaxşı istiqamətə yönəltmirsən. Mənə elə gəlir ki, son illərdə səndə müsbətə doğru proseslər gedir və elə bilirəm, uğurlar qazanacaqsan. Dəfələrlə olub, çox fərqli adamlar görmüşəm ki, sənin sarkazmlı statuslarına ürəkdən müsbət münasibət bəsləyiblər. Nəyə görə? Çünki özləri həmin fikirləri içlərində, yeddi qat gizlində düşünüblər. Onlar həm təəccüblənirlər, həm də bunu necə də dəqiq yazdığından zövq alırlar. Ona görə gizlində səni çağırıb qonaqlıq verirlər, pul göndərirlər... (gülür) 

“SAXTAKARLIQ, RİYAKARLIQ MƏNİ QICIQLANDIRIR”

– Rəşad müəllim, bayaq dediniz ki, seyid nəslindənəm. Amma cəmiyyətdə  seyiddən çox yeyib-içən oğlan imiciniz var. 

– Hərdən deyirəm ki, mənim nəslim islam dini qarşısında öz borcunu onsuz da 1400 il yerinə yetirib, bir nəsil pozsa da olar. Mən yeyib-içməyə, əslində, ünsiyyət kimi baxıram. 15-20 il qabaq elə məqam olurdu ki, gün ərzində bir neçə dəfə tam fərqli insanlarla oturub-dururdum. Tutaq ki, Azərbaycanın rəsmi titulları olan yazıçılarla bir, Aqşinlə, Seymurla bir, orta nəsillə ayrı otururdum. Çünki bu adamların çoxunun bir-biri ilə münasibəti yox idi. Son vaxtlar kənar adamlarla oturmaqdan çəkinirəm. Çünki darıxdırıcıdırlar. Hərdən qonaqlıqlar o qədər sıxıntılı olur ki, mənə elə gəlir, deyiləcək bütün tostları, kimin nə deyəcəyini - hamısını əzbər bilirəm. Saxtakarlıq, riyakarlıq məni qıcıqlandırır. Çox istəyirəm ki, daha saf, daha səmimi adamlarla oturum. 

– Keçən dəfə riyakarlıqla bağlı status yazmışdınız. Kim incitmişdi sizi?

– Bəzi cavanlardan özümə, Anar müəllimə, Yazıçılar Birliyinin digər üzvlərinə qarşı riyakarlıq görürəm. Axırıncı dəfə Elşad Barata da dedim, adam öz uşaqlarının şəklini xəstə adı ilə paylaşıb ondan-bundan pul alıb, sonra o pulla dostlarını araq içməyə çağırırsa, yaxud adam bu tərəfdə deyirsə ki, Anar müəllim mənim bütümdür, Allahımdır, o tərəfdə əleyhinə danışır, müsahibələr götürürsə, bu cür riyakarlığı mən heç cür qəbul edə bilmirəm. 

“SEYMUR BAYCAN, AQŞİNLƏ DAVA ELƏYƏN ADAM İDİM, İNDİ İSTEDADSIZ UŞAQ-MUŞAĞIN ƏLİNƏ DÜŞMÜŞƏM”

– Vaxt var idi ki, Seymur Baycan, Aqşin, Əli Əkbər kimi istedadlı adamlarla döyüşürdünüz, indi hamısı aradan çıxıb, sakitləşiblər, sizin təbirinizcə desək, havaları alınıb. İndi Emin Piri, Elşad Baratla vuruşursunuz. Sizcə, səviyyəni bu qədər kim, nə cılızlaşdırdı? 

– Mənim günümə bax da – Günel Mövlüd, Seymur Baycan, Aqşinlə dava eləyən adam gəlib istedadsız uşaq-muşağın əlinə düşüb. Əlbəttə ki, səviyyə çox aşağı enib. Onların dili də vardı, dilçəyi də. 

Günel Azərbaycan dilində ən yaxşı yazanlardan biri idi, Markesin “Yüz ilin tənhalığı”nı çevirib. O, indi Norveçdədir, uğur qazanır və daha da çox qazanacaq. Əli Əkbərə böyük ümidim var idi. İndi İsveçrədədir, ola bilər, orada da uğur qazanacaq. Bir Seymurdan nigaranam ki, onun o saqqalı uğur qazanmağa imkan vermir. Əgər Seymur saqqalını qırxıb evlənsə - hələ ki gec deyil - uğur qazana bilər... 

Sevinirəm ki, Xəlil Adıgözəl Kürdəmirin kəndində müəllim işləyir. Emin, sən də evlən, get o kəndə, yoldaşın da, sən də müəllim işləyin, 2-3 ildən sonra görəcəksən ki, həyatında qapılar açılacaq. Ancaq narazılıq, ancaq söyüşlə heç nə qazanmaq mümkün deyil. Başını aşağı salıb işləyən adamlar var... Bu məqamda yaxınlarda rəhmətə gedən dostumuz İkinci Mahmudu yada salıram. Onun ölümü mənə ağır təsir elədi, iki gün stresdən çıxa bilmədim. Mahmudun hekayələrini çox bəyənirdim, su kimi axar dili var idi, gözəl ədəbiyyatçı idi, Yazıçılar Birliyinin üzvü idi, təqaüd də almışdı. Amma özünü reklam etmirdi, çox şeylərə qarışmırdı, ən əsas da o xüsusiyyətin qiymətləndirirdim ki, bir işi vardı, işləyirdi. Son vaxtlar az-az görünürdü, nə problemlər baş verdi, bilmədim. Hər halda fikirləşirdim ki, o, Azərbaycan ədəbiyyatına gözəl töhfələr verən bir yazıçı olacaq. Çox heyif... 

Ölümündən 10-15 gün qabaq Mahmud, Şəhriyar, sən oturmuşdunuz, feysbukda şəkil paylaşmışdın, gec gördüm. İçimdən böyük bir paxıllıq hissi keçdi. Həmin axşam da boş idim. Elə istəyərdim, sən həmin an mənə xəbər edəydin, sizinlə oturaydım. Çox təəssüf eləyirəm. 

– Rəşad müəllim, İntiqam Qasımzadə ilə aralarında olan problemə görə Əsəd Cahangir “Azərbaycan” jurnalındakı işindən çıxarılmışdı, ya da yeri dəyişdirilmişdi, dəqiq bilmirəm. Onda Əsəd Anar müəllimə möhkəm əsəbiləşmişdi, deyirdi, mən ona görə Aqşin Yenisey kimi böyük bir istedadla üz-üzə qaldım, Anara qarşı çıxıb deyə onun kölgəsinə döşədim. Məncə, Anar müəllimə görə sizin də üzünüzə çox sözlər gəlib. Çünki siz Yazıçılar Birliyindəsiniz, Anar müəllimin yanında olan adamsınız və istər-istəməz haqq-nahaq müdafiə mövqeyində dayanırsınız. Belə bir peşmanlıq hissi sizdə də olubmu və yaxud, ola bilərmi? 

– Xeyr, indiyə qədər olmayıb. Uşaqlıqdan bəri Anarı bir yazıçı kimi çox sevmişəm və mənim dünyagörüşümün, ədəbi zövqümün formalaşmasında Anarın təkcə bədii əsərləri yox, məqalələri, filmləri – bütün yaradıcılığı böyük rol oynayıb. Oğlumun toyunda dedim ki – atam da orada idi – mənim mənəvi valideynlərim, dünyagörüşümü formalaşdıran Anar, Elçindir. Düzdür, hərdən mənə deyirlər ki, Yazıçılar Birliyinə, Anara gələn bütün zərbələri öz üzərinə götürürsən. Amma heç vaxt bundan peşmançılıq hissi keçirməmişəm. Hesab edirəm ki, Anarın yazılarının, əsərlərinin Azərbaycan xalqının milli düşüncəsinin formalaşmasında danılmaz rolu var. Anar Azərbaycan ədəbiyyatının simvoludur və mənim sevdiyim yazıçıdır, dəyişilməz dəyərdir. 

– Heç ondan inciməmisinizmi? 

– Müəyyən məqamlarda incimişəm. Fikirləşmişəm ki, Anar müəllim bəlkə, bunu elə yox, belə eləsə daha yaxşı olardı. Amma zaman göstərib ki, Anar müəllim  düz edib. Mən onun özünə də deyirəm ki, bu 15 ildə sizdən çox şey öyrənmişəm...

– Məsələn, nə?

– O, hadisələrə bir tərəfdən emosional reaksiya verirsə də, o biri tərəfdən hədsiz səbir, təmkin göstərir. Anar müəllimin insanların dəyərini bilmək, dosta sadiqlik, etirbarlılıq kimi çox böyük keyfiyyətləri var. O, Ramiz Rövşənin də, Vahid Əzizin də, Musa Yaqubun da, Çingiz Əlioğlunun da yerini, dəyərini yaxşı bilir, ədəbiyyatı sevir. Yaxud hansı gənc, cavan yazarda işartı görürsə, qiymətləndirir. Bu mənada Anar müəllim həm də çox ədalətli adamdır. 

– Ədəbiyyat adamlarının bir-birindən fərqini bilmək ciddi məsələdir. Amma fərqi bilib ona uyğun davranmaq məncə, daha ciddi məsələdir. Məsələn, mən Yazıçılar Birliyinin üzvü deyiləm, amma bilirəm ki... 

– Gəl ərizəni ver, səni Yazıçılar Birliyinə qaytaraq. Son zamanlar sənin yazıların, fikirlərin, mövqeyin Anar müəllimin də xoşuna gəlib. 

– Axı, özünüz çıxarmışdınız...

– Yazıçılar Birliyinin Katibliyi çıxarmışdı, mən də razılıq vermişdim. Amma indi istəyərəm ki, sən Yazıçılar Birliyinə qayıdasan. 

– Rəşad müəllim, açıqlamalarınızda adamları içdiyinə görə vurursunuz. Salam Sarvan içib yazır, içib danışır və s. Hamı, elə siz özünüz də içirsiniz də... 

– Mən içib həmişə özümü idarə eləmişəm. İçib insanların psixologiyasına pis təsir eləmirəm, onları ziyanlı yollara yönəltmirəm. Məsələn, mən Mövlud kimi 15 yaşından Murad Köhnəqalanın, Şərif Ağayarın əsərlərini oxuyan, onlara heyranlıqla baxan adamın psixologiyasına təsir edib ona daim mənfi enerji yükləyənlərə dərin etirazımı, üsyanımı bildirirəm. Mənə uşaqlar dedilər ki, Mövlud intihar eləməmişdən üç gün qabaq özündən 20-30 yaş böyük bir neçə dostu – “vodka” yoldaşı ilə içib intiharın ən rahatı hansıdır mövzusunda müzakirə edirmiş. Psixologiyası zəif olan, stress keçirmiş cavan yazıçı ilə bu cür mövzularda danışmaq bağışlanmazdır.

“ANARLA, YAZIÇILAR BİRLİYİ İLƏ MÜBARİZƏNİ KİŞİ KİMİ APARMAQ LAZIMDIR” 

– Bəs Salam Sarvanı niyə içki ilə vurursunuz? 

– “Ulduz” jurnalı təşəbbüs göstərib AYB-dən 10 gənc yazarın kitabını çap etməyə vəsait alıb. Bu gənclərdən biri də Orxan Həsəni idi. Salam da gedib Orxanın beynini yeyib ki, sənin kitabın dəftərə oxşayır. Orxan da deyib ki, bilmirəm, bu kitabı yandırım, neyləyim? Gənc bir adamın psixologiyası pozulmuşdu. Sovet vaxtında həmin kitabın dörddə biri boyda ilk kitab çıxırdı. Mən gənclərin psixologiyasını pozan bu cür adamlara üsyanımı bildirirəm. Hesab edirəm ki, Anarla, Yazıçılar Birliyi ilə mübarizə aparırsansa, kişi kimi aparmaq lazımdır. 

– Siz sadəcə, təxmin edirsiniz ki, Orxanı Salam Sarvan yoldan çıxarır, yoxsa əlinizdə konkret fakt var?

– Nə danışırsan?! Orxan Həsəni mənə yazdığı mesajlarında açıq deyir ki, bunu Salam elədi. Mən öyrəncəliyəm, nə var, haqqımda gündə min söz deyirlər, amma Qulu Ağsəs həssas adamdır, Orxan kitabdan imtina eləyəndə iki gün depressiyaya düşmüşdü. 

– Tək Salam deyil axı, Şəhriyar Del Gerani də Anar müəllim haqqında yazanda demişdiniz ki, içkinin təsiri altındadır... 

– Şəhriyarın da fikirləri ayıq başın, soyuq düşüncənin məhsulu deyildi. Anara “şeiri bilmir” demək heç bir normal məntiqə sığmır. Türkiyədə bir dəfə məclisdə oturmuşduq, Nizami Cəfərov da orda idi. Şəhriyardan çox narazı qaldım. Şəhriyar bəzən məclisin estetikasını korlayır. Qoymur insanlar fikrini desin, başqaları da danışsın. Öz istedadı ilə qürrələnir, başqalarını əzir. Sən məclisdə içib başqalarını aşağılayaraq öz imperiyanı yaratmağa başlayırsansa, sabah başqa şeylər də eləyərsən. Şəhriyara, əlbəttə, arzulayıram ki, daha böyük uğurlar qazansın. Onun şeirlərini bəyənirəm, gələcəyinə inanıram.  

“ARAQ ADAMA HEÇ VAXT NAMƏRDLİK ELƏMİR, MƏRD İÇKİDİR”

– Yəqin, özünüz də içib nəsə yazıb, sonra peşman olub silmisiniz... Yoxsa olmayıb? 

– Adətən yazmıram, amma bir neçə dəfə olub. Bayaq da dedim, məndə hirs olur, amma o hirs anidir. Elə bu müsahibədə nəyəsə hirslənə bilərəm. Amma hirsim qısa müddətdən sonra keçir və kin saxlamıram. Bunu məndə içki eləmir, hirs eləyir. Son 25 ildə 1-2 dəfə olub ki, elə keflənmişəm. 

Mən həmişə deyirəm ki, araq çox mərd içkidir. Mərd düşməndir. Dünyanın ən yaxşı içkisidir. Araq adama heç vaxt namərdlik eləmir. Arağın bütün xarakterlərini, harda mənə neyləyəcəyini bilirəm. Ən riyakar içki şərabdır, şampandır, pivədir. Bunlar sənlə xoş danışdığı yerdə birdən arxadan zərbə vurur. Amma araq sənlə qabaq-qabağa oturur, haracan da deyirsən, gedir. Pislik edəndə də deyir, bu rumkadan sonra səni belə eləyəcəm. Amma o birilər demir. Buna görə də mən, əsasən, araq içirəm. 

– Rəşad müəllim, bəziləri Əfv Komissiyasına gəlirli yer kimi baxırlar... Guya komissiyanın üzvləri adamları əfv siyahısına saldırırlar...

– Sənə deyim, bu, bir çox hallarda illüziyadır. Əvvəla, Əfv Komissiyasının üzvü heç kimi ordan buraxdıra bilmir. Çünki orada uzun bir proses gedir. Səsvermə və müzakirələr o qədər demokratikdir ki, sənin ən yaxınını belə ümumi rəy olmadan əfv etdirmən mümkünsüz bir şeydir. 

Mən komissiyanın iclasında çıxış etmişdim və sonra da yazmışdım ki, qız qaçırmağı adam oğurluğu kimi təfsir etmək düzgün deyil. Kənddə qız qaçırana kömək eləyən uşağa 8 il iş vermək ədalətsizlikdir. Və sonra qız bağışlayıbsa, bunları azad etmək lazımdır. Keçən il bu çıxışımdan sonra 30-dan çox qız qaçıranı şəxsi bağışladılar. Sən demə, Ağcabədinin mənim bibimgil yaşayan kəndində bir oğlanı qız qaçırmaq üstündə tutubmuşlar, bir də gördüm, oradan mənə bir toyuq, 20-30 da kənd yumurtası gəlib. Sonra anladım ki, çıxışımı, yazımı oxuyublarmış (gülür). 

18 yaşında uşaq “Koroğlu” dastanını oxuyur, görür milli qəhrəmanımız qız qaçırır. Bunun da beyninə qan vurur, fikirləşir ki, milli qəhrəman da qız qaçırıbsa, mən niyə qaçırmayım? Ümumdünya Səhiyyə Təşkilatı sevgini psixi xəstəliklər siyahısına salıb. 18-20 yaşında uşaq qız qaçırıbsa, demək, burda sevgi amili də var. Heç olmasa, bunu da nəzərə alın ki, bunun psixikası yerində deyil, bu bədbəxt sevir də, xəstədir. 

– Sevgidən söz düşmüşkən, bir az da qadınlardan danışaq. Qadınla ovunmaq olurmu?

– Ümumiyyətlə, insanın tutquları olmalıdır. Tutqu olmasa, yaşamaq çətindir. Tutqular çoxdur: siyasət, pul qazanmaq, din... Yaxud, alkoqol, narkotik, qumar, qadın... Qadın deyəndə sevgini nəzərdə tuturam. Mən o tipli adamlardanam ki, sevginin gücünə inanıram və beynimi bir yerə yönləndirib sevgi ilə yaşamağa çalışıram. Həmişə çalışmışam ki, həyatımda sevgi olsun, fədakarlıq edim, bəxş edim, sevindirim. Bu həm də yaradıcılığa təsir edir. Sevgi bir adamı kainata bərabər edir, insanı çoxlu mənasız informasiya axınının içərisində nəfəsi kəsilmiş at kimi qaçmaqdan, yorulmaqdan qurtarır. Beynini bir nöqtəyə cəmləşdirir. Sənin hardasa bir gizli dünyan olur, o dünya, o mikromühitdə yaşayırsan. 

– Yəqin, sizin də gizli dünyanızda heç kimə danışmaq istəmədiyiniz bir qadın var... 

– Əlbəttə, həyatımda elə qadınlar olub. “Bir də gəlməyəcək” kitabının müzakirəsində dedim ki, bu kitab konkret qadınlara yazılıb. Bir qız durub sual verdi ki, o qadınlar hardadır? Dedim, ikisi Bakıdadır, biri Londonda. Güldülər. Amma mən çox vaxt həqiqəti elə zarafatda deyirəm. 

Ümumiyyətlə, insanlara güc vermək, özgüvən yaratmaq məndə peşəyə çevrilib. Heç münasibətim olmasa da, elə bil, məndən gözləyirlər ki, onlara diqqət göstərim, onların yazdıqlarını tərifləyim, qol-qanad verim. Deyəsən, mən bu işdə ustayam. Mənim verdiyim qol-qanad onların gücünü birə-on artırır.

– Hətta qudurdur da... 

– Bunu Qulu Ağsəs deyib ki, Rəşad Məcid gəncləri yetişdirmir, qudurdur. Bəlkə də, elə qudurmalısan ki, qanadlanasan, uçasan, göyə qalxasan, o səviyyəyə çıxasan. Mən bir adama inananda, etibar edəndə sonacan inanıram, sonacan etibar edirəm. Fikirləşmirəm ki, bu mənə namərdlik edəcək, ya yox. Edəcəksə, uduzuram. Məsələn, mən Yusif Rzayevlə 30 ildir bir yerdə işləyirəm, ona inanıram, fikirləşirəm ki, əgər Yusif mənə xəyanət edirsə, edəcəksə, deməli, mən məğlub olacam.  

“RƏŞAD MƏCİD LENİN BAĞINDA “QUMAR OYNAYAN” YERDƏ YAXALANMIŞDI”

– Müəllim, bayaq qumar adı da çəkdiniz. Heç oynayırsınız?

– Yox. Amma xatırlayıram, 7-ci sinifdə oxuyurdum, çörək növbəsini gözləyəndə kibrit qutusunun üstünün şəkilləri ilə başımızı qatmaq üçün oyun oynayırdıq. Raykomun qonaq evinin yanı idi. Kimsə milisə zəng edib, elə bilib qumar oynayıram. Milis gəlib bizi tutmuşdu. Məktəbə yazıb göndərmişdilər ki, Rəşad Məcidov Lenin bağında qumar oynayan yerdə polis leytenantı tərəfindən yaxalanmışdır. Hamı da məəttəl qalmışdı ki, axı Rəşad qumar oynamaz! 

Amma bir neçə dəfə kazinoda olmuşam. Müşahidə etmişəm ki, adamları ora çəkən nədir? Məncə, həm də unutmaq istəyidir. Kazinoda beynin bütün hüceyrələri bir yerə yönəlir, bir nöqtəyə istiqamətlənir və hər şeyi unudursan. Unutmaq isə hərdən insana çox lazım olur! Yaşaya bilmək üçün... 

Kəramət Böyükçöl

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri