14 
Avq
2019
09:00
68
162
5733
Virtual karabakh

Səbuhi Sədəf: Vətəndaş nikahında yaşasaq, daha yaxşı olar, rəsmiyyət faciə doğurur - MÜSAHİBƏ

14 Avq, 2019
09:00
5733

Səbuhi Sədəf: Vətəndaş nikahında yaşasaq, daha yaxşı olar, rəsmiyyət faciə doğurur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış jurnalist Səbuhi Sədəfin (Məmmədli) Oxu.Az-a müsahibəsi:

– Səbuhi, yadındadırsa, bir il əvvəl səndən müsahibə almışdım. Onda “siz”lə danışırdıq, indi “sən”lə danışa bilərikmi?

– Təbii ki.

– Hamı ilə belə tez dost olursan, yoxsa?

– Mənimlə münasibət qurmaq çox asandır. Bir insanla yarım saat içində isinişib ömürlük dost, yoldaş ola bilərəm. Bu, kişilərə də, əks cinsin nümayəndələrinə də aiddir. Səmimi deyim, münasibət qurmağa çox həvəsliyəm. İnsanlarla aramdakı körpüləri isə heç vaxt yandırmıram, çünki taledir, qayıdıb yenidən o körpülərdən keçməli ola bilərəm.

– Deyirsən, heç vaxt körpüləri yandırmıram. Amma elə ən çox sənin adın körpüləri yandıran adam kimi hallanır.

– Bununla razı deyiləm. Mən heç kəslə körpüləri yandırmamışam.

– Ürəyində ciddi problemlər yaranmışdı...

– Yüksək şəkərim var idi. Elə indi də var. Bir çox dəyərli insanların dəstəyi ilə Ukraynanın Mirqorod şəhərinə müalicəyə getmişdim. İnfarkt keçirdiyimi isə elə orada təsadüfən bildim. Bir gün əvvəl dostlarımız Arif Aydın və Şəhriyar del Gerani məni yoxlamağa gəlmişdi. Axşam özümü pis hiss etdim. Sanki kimsə dəmir əlləri ilə məni boğurdu. Sonradan Şəhriyar mənə dedi ki, qapqara qaralmışdın, özündə deyildin. Arif isə başımın üstündə durub ağlayırdı.

Həmin gün növbəti prosedurdan çıxmışdım. Dəhlizdə divanda oturub Orxan adlı dostumuzu gözləyirdim. Xəstəxanada, cavan olmasına baxmayaraq, xeyli təcrübəli bir tibb bacısı yaxınlaşıb özümü necə hiss etdiyimi soruşdu. Dedim ki, normalam. Həkim qrupu gəldi, kardioqram elədilər, məlum oldu ki, geniş infarkt keçirmişəm, sadəcə, şəkər olduğuma görə ağrını hiss etməmişəm.

Oradan məni ya Kiyevə, ya da Poltavaya aparıb əməliyyat etməli idilər. Kiyev daha uzaq olduğuna görə qərara gəldilər ki, Poltavaya aparsınlar. Oraya çatan kimi əməliyyat masasına uzatdılar və dedilər ki, əməliyyatdan sağ çıxmaq ehtimalım 30 faizdir. Soruşdular ki, arzun nədir? Bircə qızımın şəklini görmək istədim, telefonu açıb baxdım, baxdım...

– Son arzu kimi şəklə baxmaqla kifayətlənmisən. Bəs arzunu sözlə ifadə etsəydin, nə deyərdin?

– O, mənə atam deyir. Mən də deyərdim ki, Sədəfim, ata qayıdacaq yanına.

– Yəni aldadardın da? Çünki son arzudursa, sağalmayacaqsan, qayıtmayacaqsan axı.

– Düzdür, aldadardım... Özümə gələndə məni əməliyyat edən cərrah Roman Ryabuşka yanıma gəldi, dedi, sənə çoxlu zənglər olub. Daha sonra bir uşaq şəkli göstərdi ki, bu da mənim qızımdır. Mənə çox pis təsir elədi, kövrəldim. Dedi, bu şəkli sənin narkozdan ayılmağın üçün göstərdim. Sonra məlum oldu ki, daha dörd damar əməliyyat olunmalıdır, stend qoyulmalıdır. Damarlarımdan biri 99, biri 85, digəri isə 76 faiz tutulmuşdu.

– Prezidentin tapşırığı ilə müalicənin maddi tərəfi dövlət tərəfindən qarşılanana qədər nə qədər vəsait toplamışdın?

– O vaxt işsiz idim. İctimaiyyətdə tanınan bir adam olduğumu nəzərə alıb qərara gəldim ki, vəsait yığım və əməliyyat olunum. Mənə ən çox təsir edən hesabıma 1-2 manat köçürənlərin olması idi. Yəni belələrinin kömək etmək istəyi məni çox təsirləndirmişdi.

– Prezidentin tapşırığı ilə də bütün problemlərin həll olundu, düzdür?

– Əslində, əvvəlcədən ümid edirdim ki, nəsə olacaq. Məlum oldu ki, cənab Prezident göstəriş verib, sonra da əlaqədar şəxslərlə görüşdüm və müalicə xərclərini ödədilər. Fevral ayında da yenidən Ukraynaya getdim, yenə də dövlət müalicəmin xərclərini qarşıladı.

– Sirr deyilsə, nə qədər vəsait lazım oldu?

– Əməliyyatdan tutmuş dərmanlarımın alınmasına qədər artıqlaması ilə bəs elədi. Halbuki həmin dərmanlar çox baha idi, mənim onları almağa gücüm çatmazdı.

– İndi tam sağalmısan?

– Həmişə demişəm, yenə də deyirəm: məni Prezident xilas etdi. İndi yaxşıyam, amma bir qədər əvvəl müayinə olunanda məlum oldu ki, daha bir stendə ehtiyac var.

– Səbuhi, əslində, aydın məsələdir, verəcəyim sualın cavabını özüm bilirəm. Amma mənə maraqlıdır ki, bu, sənin dilindən necə ifadə olunacaq. Niyə canını öz həkimlərimizə etibar eləmədin, iki ayağını bir başmağa dirədin ki, Ukraynada əməliyyat olunmalıyam.

– Mənə yardım ediləndə də niyə Azərbaycanda əməliyyat olunmaq istəmədiyimi soruşdular, amma buna görə məhdudiyyət qoymadılar. Sadəcə, mən infarktı Ukraynada keçirdim və Roman Ryabuşka məni əməliyyat elədi. Fikirləşdim ki, o, mənim ürəyimi tanıyır, yaxşı olar ki, elə sonrakı əməliyyatı da o özü eləsin. Sadəcə, Romana inanırdım.

Məsələn, bir qədər əvvəl bir dostumuzla İrana getmişdik. O, müayinə olunacaqdı, mən də qoşuldum ona. Azərbaycana gələndən sonra məlum oldu ki, sən demə, ürəyimə görə yanına getdiyim İran həkimi mənə qızdırma dərmanı yazıbmış. Yəni haqqında ağızdolusu danışdığımız o fövqəladə tibb yoxdur İranda.

Azərbaycan səhiyyəsinə güvənmədiyimi deməzdim. Sadəcə, məni əməliyyat edən Romana inanıram. Bəzən mətbuatda elə məqamlarla rastlaşırsan ki, bizim səhiyyə ilə bağlı bəzi şeylərə görə bir az ehtiyat edirsən. Yenə deyirəm, təbii ki, bizdə də yaxşı həkimlər var. Amma mənim Ukraynanı seçməyimin əsas səbəbi məhz Roman Ryabuşkadır.

– İşdən çıxarılmağın, ailənin dağılması, ürəyindəki problemlər – hamısı üst-üstə, eyni vaxta düşdü.

– Mənim 49 yaşım var, 2018-ci il həyatımdakı ən ağır il oldu, elə başlanğıcından bəd gətirdi. Ailədə problemlər, boşanma, xəstəliyimin artması infarkta gətirib çıxardı.

– Maraqlıdır, nədir sənin dözülməz xüsusiyyətin?

– Birmənalı şəkildə məsuliyyətsizlik!

– 49 yaşında məsuliyyətsizlik?

– Başım daşlara dəyəndən sonra özümə gəldim, fikirləşdim ki, bu, nə həyatdır mən yaşayıram. Təsəvvür elə, ildə 55 dəfə qızım Sədəfi görmək haqqım var. Halbuki ildə 365 gün onu görmək şansım vardı, itirdim. Sədəf mənim üçün Allahdan da o tərəfədir. Qızım yanımda olsa, onu hər gün görüb oxşasam, mən 100 yox, bəlkə, 150 il yaşayaram. Amma bir onun üçün Allaha şükür edirəm ki, bu şeydən çıxdım mən.

– Bu şey deyərkən?

– Bu, sanki qara bir dəlik idi, çıxdım. İndi isə işim var, məsuliyyətlə çalışıram, saat 10-da gəlib 19-da gedirəm, ezamiyyətə göndərirlər, gedib normal, oxunaqlı material gətirirəm və s.

– Bu 48 illik məsuliyyətsizliyin əsas səbəbi içki idimi?

– Əlbəttə, münasibətlər elə içkinin ucbatından korlanıb.

– Artıq məsuliyyətli həyata başladığını deyirsən. Səncə, bu, keçmiş səhvlərini düzəldəcəkmi? Yenidən inanacaqlarmı sənə?

– Bəli, inanacaqlar! Elə bir həyat tərzi yaşayacağam ki, mənə etibar edəcəklər, sevəcəklər. Düzdür, indi də sevirlər. Amma daha çox sevəcəklər. Mən buna nail olacağam, hətta artıq nail olmaqdayam. Sədəfi də həyatıma qaytaracağam.

– Səhhətinlə bağlı problemləri “Facebookda yazanda görürdüm ki, sənin ölməyini istəyənlər belə var. Çox qəribədir, bu nifrəti necə qazanmısan?

– Ölməyimi istəyənlərin olduğunu deməzdim. Amma məni ən çox ağrıdan odur ki, illərlə evimə gələn, mənə “qağa”, “qardaş”, “Səbuş” deyən adamların biri həmin vaxt yazmadı ki, Allah köməyin olsun. Halbuki onlar illərlə evimdə stolun başında oturublar, axşam olanda taksi ilə yola salmışam. Hətta mənim onların yanında səhvim, günahım olsa belə, bircə “Allah şəfa versin” yazmaq etik bir məsələdir. Bu, mənə çox pis təsir elədi.

Demirəm, toy-bayram edirdilər ki, Səbuhi ölsün. Amma 100 faiz əminəm, deyirdilər ki, Səbuhiyə nə olub, əcəb olub (gülür).

– Bir qrup adam da vardı ki, sənin səhhətinin, doğrudan da, ağır olduğuna inanmırdı. Deyirdilər ki, Səbuhidi də...

– Ola bilər ki, elə məqamlar da olub.

– Bayaqdan deyirsən ki, səhvlər özündə olub. Maraqlıdır, bütün bunlar heç kimə heç nəyi sübut edə bilməyən adamın çarəsizlikdən dediyi sözlərdir, “günah məndə deyil, amma üzr istəyirəm” etiraflarıdır, yoxsa doğrudan da, düşünürsən ki, günah səndədir? Axı sən qələmi olan adamsan. Bəlkə, elə mühit səni bu vəziyyətə salıb ki, bütün günahları öz boynuna götürəsən? Şəxsən mən səndə günah görmürəm! Çünki məsuliyyətsizlik səhv deyil, xarakterdir.

– Bir şeyi deyim, işsiz vaxtlarımda neçə-neçə sayta müraciət elədim ki, yazı verim, qonorar alım. Bir kimsə yaxın durmadı. Yerli qəzetlərə xəbər, köşə yazırdım. Onda fikirləşdim, neyləmişəm ki, mənə qarşı belə münasibət göstərirlər? Yəni, doğrudanmı, Səbuhi Məmmədli imzası, Səbuhinin reportajları heç kimə lazım deyil? Onda bir saat oturdum, fikirləşdim, bəlkə də, bir qutu siqaret çəkdim. Halbuki mənə siqaret çəkmək olmaz. Axırıncı siqareti söndürdüm və dedim ki, mən bacaracağam! İşimi də, yazılarımı da bərpa edəcəyəm, yenidən pik vaxtlarda olan Səbuhi olacağam...

– Ailəni də bərpa edəcəksən?

– Yox, ailənin bərpası mümkün deyil. Amma öz həyatım olacaq və mən Sədəfi dünyanın ən xoşbəxt uşağı eləyəcəyəm! Mən həyatda olmayanda onun evi də, maşını da – hər şeyi olacaq!

– Bayaq dedin ki, Sədəfi əvvəl-axır yanına gətirəcəksən. Amma indi də deyirsən, ailənin bərpa olunması mümkün deyil.

– Mən heç vaxt razı ola bilmərəm ki, uşaq anasız böyüsün. Birmənalı şəkildə uşaq anasının yanında olmalıdır. Amma elə bir həyat tərzim olacaq ki, Sədəf yanımda günlərlə qalacaq, anası da başa düşəcək ki, o uşaq mənim yanımda qala bilər.

– Anası qızını niyə sənə etibar eləməsin ki? Səni öz uşağına pislik edəcək qədərmi...

– Etibar edirdi. Sadəcə, o, rəsmiyyət adamıdır, əgər məhkəmə uşağı atasına bir gün verirsə, deyir, elə bir gün də qalmalıdır. Düzdür, hələ məhkəmədən günü, saatı almamışıq, hələlik məsələni centlmensayağı öz aramızda həll edirik... Dediyim odur ki, mən elə bir vəziyyət yaradacağam, Sədəf günlərlə yanımda qalacaq.

Məsələn, indi ancaq Bakı ərazisində gəzə biliriksə, istərdim ki, onu hansısa bir rayona da aparım. Evim olsun, evdə Sədəf üçün uşaq guşəsi olsun, gəlib qalsın, oynasın... Məni ən çox ağrıdan odur ki, hərdən telefonla danışanda qızım soruşur: ata, sənin evin var? Anasının yanına aparanda deyir: ata, sən evə gedəcəksən?

– Səbuhi, doğrudan, evin var?

– Yox, kirayədə qalıram.

– Axı keçəndəfəki müsahibəndə demişdin ki, evim var, mənə jurnalistlərin binasından ev lazım deyil.

– O, iki il bundan qabaq idi. Həmin ev ayrılandan sonra satıldı.

– Bölündü, yoxsa?

– Xeyr, bölünmədi. Müəyyən problemlər vardı, onları həll etməyə xərcləndi. Hazırda mənim də, digər tərəfin də evi yoxdur. İndi, təbii ki, ev istəyərəm, artıq 50 yaşım olacaq.

– Haqq-nahaq, səni də gənclərə pis, cəmiyyətin etibarını itirmiş yazar nümunəsi kimi göstərirlər. Şəxsən mənə tez-tez deyirlər ki, Səbuhini görürsən, axırda onların gününə qalacaqsan. Necə oldu ki, belə bir nümunəyə çevrildiniz?

– Başqa heç kim yox, mən özüm-özümü o nümunəyə çevirdim. Mənim əsl bədbəxtliyim odur ki, qəfildən parlamışam, başgicəlləndirici bir karyeram olub. Bir-iki yazımdan sonra, 21-22 yaşında, III kurs tələbəsinin “525-ci qəzet” kimi ciddi bir mətbuat orqanının baş redaktoru olmağım... 144 illik mətbuat tarixində məndən cavan qəzet baş redaktoru olmayıb. Mətbuat tarixinə düşüb bu. Hazırda 19 yaşında da sayt rəhbəri olmaq olar, amma söhbət ciddi qəzetdən gedir. Bundan başqa, tələbə ola-ola “Azəbaycan” kimi dövlət qəzetinin xüsusi müxbiri olmaq, “Rezonans” kimi parlayan qəzet, Avropanı, Şimali Koreyadan tutmuş Əfqanıstan, Pakistan kimi ölkələri gəzmək, İraq, Suriya kimi müharibənin getdiyi yerlərdən reportaj gətirmək...

– Axırda da 48 yaşında iş tapa bilməmək...

– Hə... Bu qədər yüksəlirsən, yüksəlirsən və bir günün içində buraxılmış bütün səhvlər yığılıb partlayır. İşini də itirirsən, ailəni də itirirsən, infarkt olursan və qalırsan vakuumda. Birtəhər əl uzadıb çıxmaq istəyirsən, amma iş tapmırsan, xəbər, reportaj, köşə yazmağa heç bir yer tapmırsan. Amma sonra sənə yenidən etibar edirlər. Bu, çox xoşdur.

– Sən yaradıcı, həssas adamsan, inanıram ki, səmimi cavab verəcəksən. Bəlkə, qızının anası üçün darıxırsan, amma ona sevginin adını Sədəf qoymusan...

– Yox, tam səmimi deyirəm, birmənalı şəkildə belə deyil. Anası üçün yox, təkcə qızımdan ötrü darıxıram.

– O biri övladını da bu qədər sevirsən? Münasibətin var?

– Təbii... O biri övladım böyükdür, Polşada yaşayır.

– Murad Köhnəqalanın alimentə görə həbs olunmasından sonra bu sualı sənə də verməyim məntiqli görünür. Qızının aliment məsələsini necə həll edirsən?

– Sədəfin anası aliment tələb etməyib, amma maddi yardım edirəm. Əgər aliment tələb olunsa, təklif edəcəyəm ki, ən yüksək məbləğ təyin olunsun.

– Sonuncu dəfə uşağa nə vaxt pul vermisən?

– Etiraf edim ki, son iki ayda pul verə bilməmişəm, indilərdə kömək edəcəyəm. Ortaya özümdən asılı olmayan problemlər çıxmışdı, bahalı dərmanlar, habelə bəzi məqamlar... Çatdıra bilmədim.

– Bir şeyi də soruşum, Azərbaycanda klassik ailə institutu, demək olar, dağılıb. Boşanmaların sayı sürətlə artır, məhkəmə divarları boşanma elanları ilə doludur. Səncə, bu yaxşıdır, ya pis? Necə düşünürsən, bunun yerində daha azad, sərbəst ailə institutu formalaşacaqmı?

– Məncə, bir qədər liberallaşsaq və vətəndaş nikahında yaşasaq, daha yaxşı olar. Çünki boşanmanın arxasında böyük bir faciə durur. Halbuki burada elə böyük bir şey yoxdur. Boşanma nədir ki? Bir kağızı dəyişirlər, vəssalam. Sadəcə, rəsmiyyət faciə doğurur. Buna görə də ən labüdü vətəndaş nikahıdır. Bunun rəsmi nikah qədər məsuliyyəti də yoxdur.

– Bəs buna mental dəyərlərimiz imkan verirmi?

– Ailə institutu mentallıqdan da o yanadır. Çünki bizdə ailəni toxunulmaz, müqəddəs bir şey kimi görürlər. Məsələn, bir atanın kürəkəni qatil olsa, buna təəssüflənər, amma qızını boşasa, bu, artıq onun üçün faciə olar.

– Bir müddət “Facebook”da dayanmadan, ard-arda şəxsi həyatınla bağlı statuslar yazırdın. Necə oldu ki, bu yanğının üstünə sərin su səpdilər? Daha sakitləşmisən, özünə gəlmisən...

– Etriaf edim ki, ailəm dağılandan sonra mən dəli olmaq səviyyəsinə gəlmişdim, özümlə bacarmırdım, barışa bilmirdim ki, doğrudanmı, hər şey bitdi? İkinci dəfə ürəyim elə buna görə tutmuşdu.

– Bu, sevgi idi?

– Təbii, böyük sevgi idi, möhtəşəm sevgi idi.

– Bəs bu möhtəşəm sevgi nə tez yoxa çıxdı?

– Bu mövzuda danışmaq istəmirəm, bircə onu deyim ki, bu, platonik bir sevgi idi.

– Maraqlıdır, şəxsi həyatın bundan sonra necə olacaq? Ancaq vətəndaş nikahında yaşamağı düşünürsən, ya rəsmi ailə quracaqsan?

– Maraqlı bir şey deyim. Ayxan Ayvazın “Buri” adlı hekayələr kitabı var. Ona o qədər Buri, Buri dedim, bir gün zarafata Buriyə düzəltdik. Yəni Burini kişi, Buriyəni isə qadın cinsinə aid etdik. İndi də hərdən Ayxana zarafatla deyirəm ki, mənə bir Buriyə tap (gülür).

– Buriyəni tapırlar, yoxsa qarşına çıxır?

– Təbii ki, qarşıma çıxır. Bütün hallarda Buriyə mütləq lazımdır nə vaxtsa. Çünki evin böyük uşağı olmuşam, mamauşağı kimi böyümüşəm...

– İstəyirsən ki, başını sığallasınlar, nazınla oynasınlar, hə?

– Əlbəttə, o da lazımdır. Yenə deyirəm, mən uşaqlıqdan heç vaxt tək qalmamışam. Amma artıq neçə aydır tək yaşayıram. O demək deyil ki, bu istəyim “ölərəm, meyitim ortalıqda qalıb iylənər” qorxusundan yaranır. Yox! Sadəcə, tək qala bilmirəm, axşamlar xof basır. Səhərlər oyananda fikirləşirəm ki, durub Sədəfi yuxudan qaldırım... Dözülməzdir.

– Azərbaycanda ən asan əldə olunan şey qadındır. Bəs sən niyə təksən?

– Doğrudan da, maraqlı sualdır (gülür). Əşi, əvvəl-axır qabağıma bir Buriyə çıxacaq da, küçə-küçə düşüb qadın axtarası deyiləm ki... Hazırda bir neçə ciddi planım var...

– Nə planıdır elə?

– İstəyirəm konfliktli zonalardan olan reportajlarımdan ibarət kitab çap etdirim. Düzü, hələ də işə oturuşa bilmirəm. Təsəvvür elə ki, 1992-ci ildən bəri dayanmadan işləyəsən, sonra da birdən işsiz qalasan. Təzədən relsə düşmək çətindir.

– Nə qədər müddət işsiz qaldın ki?

– Hər gün evdən çıxıb işə gələn adam düz bir il üç ay işsiz qaldı.

– Hər gün evdən çıxıb işə gəlirdinsə, niyə çıxardılar?

– İşə gəlib-getmək məsələsi deyil, sadəcə, axmaq həyat tərzi və xüsusən, son 4-5 ayın məsuliyyətsizliyi işdən çıxarılmağıma səbəb oldu, başqa heç nə...

Kəramət Böyükçöl

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri