21 
Avq
2019
18:31
148
96
3284
Virtual karabakh

Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi

Avqustun 21-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlini qəbul edib. 


Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, qonaqları salamlayan nazir Azərbaycanla Avstriya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb, iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin də mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini bildirib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin anoloji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu xatırladan nazir polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi qeyd edib.
 
Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş "Avroviziya" mahnı müsabiqəsi, I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

O, problemlərdən danışarkən toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığını və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. 

Səfir Bernd Aleksander Bayerl səmimi qəbula və məlumatlara görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. 

Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən iki dost dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri