23 
Avq
2019
15:00
40
173
4179
Virtual karabakh

Gələcək uşaqları bu günün əlindən alıb

23 Avq, 2019
15:00
4179

Gələcək uşaqları bu günün əlindən alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Beş yaşlı oğlum təbiətlə, demək olar ki, maraqlanmır. Məndən fərqli olaraq, at-eşşək görəndə əzizlərini görmüş biri kimi cuşə gəlmir. Özünü ona hiss etdirmək istəyən hər şeydən diksinir. Uşaq, ümumiyyətlə, ətrafı hiss etmək istəmir, ya da ətrafla münasibətlərində hisslərinə etibar etmir. Hisslər onun üçün sanki keçilmiş mərhələnin rudmentlərdir.

Müşahidələrimə görə, azyaşlı uşaqların çoxunda bu hal var. Məşhur ifadə ilə desək, indiki uşaqlar atalarınının uşaqlığından fərqli olaraq, dost mühitinə deyil, təkliyə can atırlar, ancaq bu təklik bizim nəslin can atdığı Kafkasayağı könüllü özünü təcridetmə deyil, indiki balaca kafkaların təkliyi xaotik musiqilərlə müşayiət olunan cürbəcür beyin oyunları, mifik-fantastik obrazlar, dünya haqqında daha çox şey öyrədən texnogen əcinnələrlə doludur. 

İndiki uşaqlar hiss etmək yox, bilmək istəyirlər. Səbəb mənə görə çox sadədir (bir luddist kimi həm də "qorxuludur" deməyəcəyəm); indiki uşaqları valideynlərindən çox, kompüter proqramları, telefon oyunları böyüdür, tərbiyə edir. Uşaqlar yazıb-oxumağı öyrənmədən davamlı bilik, informasiya almağı öyrənirlər. Kiçik beyinləri məlumat toplamaq, nəticə çıxarmaq, qərar vermək üçün proqramlanır.

Əlindən şokoladı deyil, tableti, yaxud telefonu alınmış uşaq daha ağır depressiyaya düşür, çünki beyni informasiya qıtlığı ilə üzləşir, özünü aid olduğu dünyadan tədric olunmuş halda görür. İndiki uşaq özünü bizim dünyanın yadı hesab edir. 

İndiki uşaqlar valideynlərinin deyil, transhumanist utopiyanın övladlarıdır. Atalarından fərqli olaraq, gələcəyi Tomas Morun "Utopiya"sında deyil, Qordon Morun "utopiyasında" axtarırlar. Biz atamızı "oynayırdıq", onlar tanrını "oynayırlar" ("Ruh, yoxsa bədən? Əxlaq, yoxsa hüquq? Şərq, yoxsa Qərb?" başlıqlı yazımızı oxumayanların nəzərinə çatdırım ki, transhumanizm insan həyatını elmi-texnoloji bir məhsula çevirməyin, onu mənəvi-ruhani keçmişindən təmizləməyin üstünlüklərindən bəhs edən intellektial bir baxışdır. Qordon Mor isə transhumanizmin ilk qanunlarından birinin müəllifidir: "Hər 18 ayda alıcılıq ehtiyacı eyni qalsa da, texnoloji üstünlük iki dəfə artır").

Gələcək uşaqları bu günün əlindən alıb; bununla razılaşmalıyıq. Məni keçmişim (nənəm) böyütmüşdü, oğlumu gələcəyi (hər 18 ayda iki dəfə güclənən, yenilənən kompüter proqramları) böyüdür. Transhumanizmə "əh" deyənləri isə dünyada yaşayan ən ağıllı adamlardan biri adlandırılan yapon əsilli ABŞ alimi Mitio Kakunun bu sözlərinə tapşırıram: "Gələcək çoxdan gəlib, sadəcə, bərabər bölüşdürülməyib!" 

Biz, yəqin ki, heç vaxt klassik ata-oğul ola bilməyəcəyik. Məndə həmişə keçmişin travmaları və nostaljisi olacaq, onda həmişə gələcəyin həyəcan və narahatlığı. Biz getdikcə bir-birimizdən uzaqlaşacağıq və bir gün mənim köçdüyüm dünya onun artıq unutduğu dünya olacaq. 

Müasir italyan marksist yazarı Franko Berardi "Şüur və zaman transhumanist utopiyaya qarşı" məqaləsində qeyd edir ki, transhumanist utopiya, Renessans humanizminin çürüməsindən və Yuval Hararinin zəka və şüuru bir-birindən ayrılması kimi izah etdiyi tənqidi ağlın hazırkı süqutundan qidalanır.   

Hisslər get-gedə həyatı "paslaşmaq" işində acizləşir, bu hal özünü dünya şairlərinin maraqsızlaşmasında daha aydın göstərir. Hisslər, duyğular aləminin hökmdarları "Sehirli xalat" filmindəki şah kimi gülünc vəziyyətə düşürlər. Onların hiss etdikləri, duyduqları dünya daha heç kimi heyrətləndirmir (Artıq Türkiyədə nəşriyyatlar gənc şairləri qapılarından qovurlar).

Çağımızı hiss etmək işi zəkanın öhdəsinə düşür. Eyni zamanda, bioloji zəka da öz işini bir üst olan süni zəkaya ötürür, məsələn, ölçmə, nəticə çıxarma, qərar vermə kimi zəka öhdəlikləri kompüterlərə yüklənmiş proqramlara təhvil verilir. Ən əsası, bioloji zəka yaddaşla vidalaşır, yaxın gələcəkdə zəkamızın yaddaş deyə bir yükü olmayacaq, ya da çox cüzi idman yaddaşı ilə keçinəcəyik. Məsələn, artıq insanların yaşadıqları şəhərdə ünvan əzbərləmək kimi bir dərdləri yox. Lazım olan ünvanı telefona yazmaq yetərlidir ki, o, səni simurğ quşu kimi istədiyin işıqlı dünyaya aparıb çıxarsın. 

Reymond Kurçveyl kimi süni intellektçilər iddia edirlər ki, yaxın gələcəkdə insan bədənləri belə bioloji olmayan zəkanın hakimiyyəti altında olacaqlar. Yəni bədənlərimizi belə bədəni olmayan zəkalar idarə edəcək. Bədəni olmayan beyin – bu təqdimat hələlik süni zəkaya verə biləcəyimiz ən poetik tərifdir.

Franko Berardi öz məqaləsində insanı insanüstü (transhuman) varlıqlara çevirən bu texnointibahı borclu olduğumuz ünvanı da söyləyir - alman nasizmi! "Nasizmin mükəmməliyi budur. Funksional olanın mütləq birinciliyi, iqtisadi funksionallıq prinsipinə əsaslanan ictimai dünyanın yenidən inşa edilməsi. Geri dönülməsi mümkünsüz olan yaşayacağımız dünya".

Məni oğlumda təbiətə maraq oyatmağa qoymayan da budur: təbiətin iki ən başlıca prinsipi artıq onun əlinin altında. Belə ki, klassik humanizmin tüğyan etdiyi Renessans sonrası dönəmdə ictimai müqavimət rəqabət mühitini yavaşıtmaq, demokratik dəyərlərə tapınma isə cəmiyyətə darvinizm qanunlarını buraxmamaq istəyi idi. 

Berardi yazır ki, klassik humanizm çürüdü, "demokratiya maliyyə kapitalizminə, ictimai müqavimət rəqabət mühitinə yenildi. Təbiət geri döndü və texnologiyalar onun qələbəsinin vasitəçisi oldu". Bundan sonra yaşamaq uğrunda mübarizə bədənlər deyil, beyinlər, hətta bədənsiz beyinlər arasında gedəcək. Təbii seçim şaxtadan, stressdən deyil,  genetik alqoritmlər arasından sağ çıxan fərdi alqışlayacaq. 

Berardi öz məqaləsini italiyan mənşəli amerikalı fizik Karlo Rovellidən gətirdiyi bu sitatla bitirir:

"Ölüm qorxusu mənə təkamülün bir səhvi kimi görünür: bir çox heyvanın instinktiv dəhşətləri var və bir ovçu yaxınlaşarsa hamısı qaçar. Bu, sağlam bir reaksiyadır, çünki təhlükədən qaçmağa imkan verir. Ancaq seçimi gələcəyi proqnozlaşdırmağa qadir olan həddindən artıq böyük frontal loblara sahib tüksüz meymunlar müəyyən etdi. Bu, əhəmiyyətli bir üstünlükdür, amma real riski budur ki, ölümün qaçılmazlığını əbədi olaraq görür və bu da öz növbəsində (insanın) əbədi dəhşət içində yaşamaq ehtiyacını doğurur.

Buna görə də mən ölüm qorxusunun iki ayrı təkamül təhdidini birləşdirən təsadüfi və cəfəngiyyat bir narahatlıq olduğunu düşünürəm: (bu qorxu) beynimizdəki pis avtomatik bağlantıların bir məhsuludur: bir - hər şeyin məhdud bir mövcudluğu var. İki - insan irqi də buna daxildir".

Rovellidən gətirilən bu sitat oğlumla mənim aramdakı uçurumun intellektual təsviridir. Mən ölümün dəhşətindən qorxan bir keçmişin mənəvi qulluqçusuyam, o, ölümsüzlüyün hansı dəhşətlər gətirə biləcəyini götür-qoy edən bir gələcəyin intellektual qurucusu.

Ancaq transhumanist gələcək gəlir deyə gül kimi keçmiş nağılların yuxusundan ayılmağa gərək yox. Çünki gələcəyə tısbağa kimi də getmək olar; iki yüz milyon ildir hər səhər dünyaya tısbağa oğlu tısbağa olaraq oyanan bir canlı kimi.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri