26 
Avq
2019
16:33
43
142
5207
Virtual karabakh

"Xalx" nə deyər?

26 Avq, 2019
16:33
5207

"Xalx" nə deyər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

"Xalx" nə deyər? Bu ifadə hamıya ana südü və DNT ilə gəlir. Hətta uşağın dünyaya gəlməsi belə ona görə olur. Valideynlərin təkidi ilə evlənən cütlüklər sonradan bu ifadənin təzyiqinə məruz qalaraq, toydan doqquz ay sonra dünyaya uşaq gətirməlidirlər. Özü də oğlan uşağı, qayınata və qayınananın sifarişi ilə. Əgər qız doğularsa, yeni cəhdlər edərək oğlan dünyaya gətirilməlidir. 

Uşağın davranışı, uşaq bağçası, məktəb, universitet, iş və kiminlə ailə qurmasına valideynlər tərəfindən qərar verilir. Çünki onlar bilir ki, "xalx" nə deyə bilər. Uşağın xoşbəxtliyi, gələcəyi, azadlığı hamısı "xalx"ın sözünə qurban verilir. 

Əyləncəlisi odur ki, hətta mələk olsan belə, haqqında şayiələr, əfsanələr yaranacaq, özü də bu nağıllarda insanlar öz reallaşmayan fantaziyalarını əks etdirəcəklər. Heç nəyi gizlətmədən, hər şeyi olduğu kimi göstərənlər haqqında isə deyiləcək o qədər söz olmur, çünki hər şey göz qabağındadır.

Məsləhətçisi olduğum bir xanıma ilk məsləhətim: "Digərlərinin fikrinin həyatını idarə etməsinə imkan vermə. Ətrafdakıların fikrini yaddan çıxar, istədiyin kimi yaşa və davran".

Bir neçə aydan sonra həmin xanım özünü azad və xoşbəxt hiss edir. Çünki pis heç bir şey etmir, ona görə də gizlətməli heç nə yoxdur. Haqqında nələrsə eşidəndə, sadəcə, birlikdə bu "xəbərlər"ə gülürük.

Əsasən, kimlərinsə haqqında yayılan və müzakirə edilən söhbətlər reallığa uyğun gəlmir. Bunun səbəbi var. Uzun illər öncə İstanbulda təhsil alarkən, biz dili öyrənmək üçün müxtəlif oyun və eksperimentlər edirdik. Bu, həm də psixoloji davranışı öyrədirdi. 

Belə bir eksperimentlərdən biri də şayiələrin necə yayıldığı idi. Otaqdakı səkkiz nəfərdən yeddisi otaqdan çıxarılır, birinə isə yazılı mətn verilir. Bu hər hansı bir xəbər olur. İkinci şəxs daxil olanda, birinci ona oxuduğu xəbəri yadında qaldığı kimi danışır. Əlbəttə ki, burada təxminən 90 faiz uyğunluq olur. Sonra üçüncü səxs daxil olur və ikinci ona eşitdiyini danışır.

Beləliklə, bir-bir daxil olub, axırıncı biləndən xəbəri eşidirlər. Təsəvvür edin ki, yarım saat ərzində bir otaqda olan şəxslər eşitdiyi xəbəri səkkizinci adam hamıya danışanda, xəbər ilk olandan tam fərqli idi, tam əksi. Xalq arasında buna "birinin üstünə beşini qoyur" deyirlər. 

Xəbər hər adamdan o birinə keçdikcə transformasiya olur, həmin şəxsin fikirləri və beynində olan problemlər, fantaziyalar əlavə olunur, çıxışda isə fərqli məlumat alınır. İndi təsəvvür edin ki, bu məlumat çoxlu "filtr"dən keçərək nə qədər dəyişə bilir.

Digər problem isə bu nağıllara inanan və digərlərinə danışanlardır. Belə bir ifadə var ki, "bizim haqqımızda pis danışanlar bizdən pis olanlardır, bizdən yaxşı olanların biz heç yadına düşmürük". 

Bu, o deməkdir ki, bu şayiələri yayanlar özlərini xoşbəxt hiss etməyənlərdir. Öz növbəsində, xoşbəxtlik azadlıqdadır. Azadlıq deyəndə, digərlərinin fikri və sözünə görə deyil, öz həyatını yaşayanlardır. Yəni "xalx"dan azad olanlar.

Cəmiyyətin sözünün qulu olaraq yaşamaq heç kimə xoşbəxlik gətirməyəcək. Ona görə bu söz-söhbətlərdən azad olun. Bununla yanaşı, başqaları haqqında söz-söhbət yaymaqdan, kimi isə həyat tərzinə görə mühakimə etməkdən uzaq olun. Hərənin öz seçimi var və buna haqqı da var.

Təsəvvür etmirsiniz ki, "Xalx nə deyər?"dən azad olandan sonra nə qədər xoşbəxt olacaqsınız.

İnanmırsan, onda sınaqdan keçir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri