17 
Sen
2019
21:08
73
231
7889
Virtual karabakh

Avropanı ağ günə çıxaran müsəlman

17 Sen, 2019
21:08
7889

Avropanı ağ günə çıxaran müsəlman

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Çinlilər 135 metr uzunu, 36 metr eni olan gəmilərlə 1403-cü ildə dünya səyahətinə çıxanda avropalılar onları cüzama bulamış siçovullarla əlləşirdi. Minq imperatorluğunun dənizçiləri Kolumbdan doxsan il əvvəl ilk dəfə başqa bir qitəyə gəldilər – Afrikaya. Afrikanı, nənəm demiş, “ağzımilçəkli o qara gədələri” görəndən sonra Çin insanı öz içinə qapandı: “Əlvida dünya” deyib, Çini “planetdə planet”ə çevirməyə girişdi. Və bu gün hər şeyi ilə dünyanın üstünə gələn bir Çin sivilizasiyası oldu. 

Bəs biz müsəlman sivilizasiyası olaraq niyə “ortada qalmışıq?” Yuxarıdakı abzasın sahibi olan ingilis tarixçisi Uilyam Vudurf yazır ki, əslində, siz müsəlmanların tarixdəki rolu Çin “tənhalığı” ilə Avropa “çarəsizliyini” birləşdirmək oldu. Avropa müsəlmanlar vasitəsilə Çini tanıdı. Sonra nə oldu?

Xeyirxahlıq haqqında danışmağı sevən insanların sevimlisi din sosioloqu Maks Veber İslam və inkişaf arasında hansı əlaqənin olduğunu tapmaqda çətinlik çəkirdi; ya qərəzli idi, ya da islam mədəniyyətinin əməvilər dövrünü oxumamışdı.

Veber deyirdi ki, bütün rasionallıqları öz içinə alan kapitalizmin zəminini “azad bazar”, “rasional texnologiya”, “rasional hüquq”, “Şəhər muxtariyyəti” və onların ortaya çıxardığı burjua sinifi hazırladı. Kapitalizmə zəmin hazırlayan bu ünsürlər Çin və Hindistanda olduğu kimi, islam cəmiyyətlərində də yarana bilmədi.

1960-cı illərdə Polşa yəhudisi Maksim Rodinson Veberin bu “uğursuz islam” tezisini ciddi şəkildə tənqid edən ilk Qərb sosioloqlarından biri kimi sübut etməyə çalışdı ki, xeyr, islam kapitalizmə uyğunlaşa biləcək qədər ticarət ənənələrinə və bacarıqlarına malikdir.  

XV əsrdən başlayaraq Avropanın “qulağımızın dibində” gücə çevrilməsinin çoxlu səbəblərinin olduğunu göstərən xeyli kitab, araşdırma yazıları, tarixi əsərlər var. Bütün bunları oxuyub bir cümlədə ifadə etməli olsaq, belə bir tabeli mürəkkəb cümlə alınacaq:

“XV əsrdən başlayaraq, Qərbin Şərq üzərində hakimiyyəti ələ almasının bircə səbəbi var idi; ağlın inancın önünə çıxması”. 

Müsəlman alimləri deyir ki, Avropada ağlın önə çıxması fikrini də biz onların yadına saldıq. Daha doğrusu, “Qaranlıq çağ”ın avropalılarına ağlın “çırağının” yerini - antik yunan və Roma mədəniyyətini biz onlara xatırlatdıq. Haradasa haqlıdırlar da. 

Çünki müsəlmanların İber yarımadasına çıxdıqları 711-ci ildə müsəlman dünyası əməvi sülaləsinin hakimiyyəti altında idi və əməvilər elmə, xüsusilə, yunan fəlsəfəsinə, astronomiyaya, riyaziyyata, tibbə böyük önəm verirdilər.

Həmin dövrdə Avropa elə bir cəhalət içində boğulurdu ki, Əməvi xəlifəsi Frank kralına “Astolyabiya” adlı səma cisimlərini müşahidə edən bir cihaz göndərdikdə xristianlar cihazı “şeytan aparatı” adlandırıb sındırmışdılar (Montefiore: “Yerusəlim” kitabı). Eyni “çanağı” biz daha sonralar Avropa alimlərinin ixtiralarının başında sındıracaqdıq. 

Avropanın, bütövlükdə Qərbin inkişafında bir şəhərin rolunu danmaq nadanlıq olar; bu şəhər müsəlmanların İberdə saldıqları Kordoba şəhəridir ki, bu şəhərdə üç mədəniyyət bir-biri ilə ünsiyyətdə idi – Çin, müsəlman və xristian. Dinin mərkəzi Qüds olduğu kimi, elmin mərkəzi də Kordoba idi. Və Kordobada ağlı inancın önündə görən bir insan vardı ki, o insan bütün Avropa ağlına gələcəyin yerini göstərdi. O insan İbn Rüşd idi. İbn Rüşd Avropada Aristotel məntiqini oyadanda Şərqdə müsəlman dünyası başqa bir filosofun Qazzalinin ağlı, məntiqi inkar edən, hər şeyi ilahi vəhyə bağalayan fikirləri ilə yatıb-qalxırdı. Qazzali “Tehafütü’l Felasife” kitabında yazırdı: “Mən zəka və anlayış baxımından özlərinin digər insanlardan üstün olduğunu düşünən bir qrup şəxs gördüm ki, ibadətlərini tərgitmiş, namazlarını buraxmış, qadağaları məsxərəyə qoymuş və şəriətin qanunlarını pozmuşlar. Onların küfrlərinin yeganə mənbəyi Sokrat, Hippokrat, Platon və Aristoteldir. Onlar ağıllarının çoxluğu ilə məzhəbləri və şəriəti inkar edirlər. Dinin səbəblərinin uydurulmuş əfsanələr olduğuna inanırlar. Bu axmaqların üzərində axmaqlığın bu qədər dərin iz buraxdığını gördükdə qədim filosofları rədd etmək, ziddiyyətlərini ortaya çıxarmaq, yollarının pis, əyri olduğunu göstərmək üçün bu kitabı yazmağa başladım”. 
Bu sözlər hər hansı fəlsəfi fikri deyil, bütünlüklə fəlsəfəni, yəni Orta əsrlərin elmini rədd etmək demək idi və bunu edən bir filosof idi. İbn Rüşd isə sələfinin bu kitabına cavab olaraq yazdığı “Təhafütü’t Fəlasifə” (Ziddiyyətin ziddiyyəti) kitabında vəhyi ağıldan, dini fəlsəfədən ayırır,  bunların bir-birilərinə qurban verilməsinin ağır nəticələrinin olduğunu car çəkirdi. Axırı nə oldu? Ölümündən üç il əvvəl ağlı vəhyə qurban verən Qazzali tərəfdarları 1195-ci ildə İbn Rüşdin bütün kitablarını yandırdılar, özünü isə Mərakeşə sürgün etdilər.

O gün Qazzali İbn Rüşdə qalib gəldi, ancaq Şərq Qərbə məğlub oldu. Çünki İbn Rüşdin yandırılmayan kitabları ağıllı avropalıların əlində qalmışdı və bu kitablar onlara inkivizisiya başa çatandan sonra lazım olacaqdı. İbn Rüşd öldü, amma onu ideyaları Dante kimi humanistlərin əsərlərində yaşadı.  

Yaxşı, Qazzalinin düşüncəsi bizi haraya gətirib çıxardı? Bu gün müsəlmanların yaşadığı əlliyə yaxın ölkə var ki, əhali sayı 1,6 milyarddan çoxdur. Bu günə qədər elm sahələri üzrə 609 Nobel mükafatı verilib ki, onların 150-sini yəhudi əsilli elm adamları alıb. (Müsəlmanları tanrının təkliyinə və göydə olduğuna inandıran bir xalqın nümayəndələri elm sahələri üzrə rekord təzələyir) Bəs elm sahəsində müsəlmanlar neçə Nobel qazanmışlar? 3 dənə. 15 milyonluq yəhudilər 150 Nobel, 1,6 milyardlıq müsəlmanlar 3 Nobel. Bu cümlələrə əsəbiləşmək lazım deyil, dəyişdirilməsi mümkün olmayan gerçəklik belədir. 50-yə yaxın müsəlman ölkəsinin dünya məhsul istehsalındakı payı bu gün təkcə 80 milyonluq Almaniyanınkı qədər deyil. 

Statistik rəqəmləri sadalayıb qanımızı qaraltmaq istəmirəm. Bəlkə də, biz inancımızın faydasını o biri dünyada görəcəyik. Avropalılar qır qazanlarında bişəndə, biz qədəhlərimizi buz kimi şərab axan çaylardan doldurub bir-birimizin sağlığına içəcəyik. Amma bu dünya, açığı, bizlik deyil.  Bu yazımı da öz zəkası ilə Avropanı ağ günə çıxarmış o müsəlman kiminin – İbn Rüşdin sözləri ilə bitirirəm: Harada olursa-olsun, ana vətənimiz elmdir, cəhalət yad bir yer!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri