20 
Sen
2019
20:58
125
81
5869
Virtual karabakh

Biz başımızı quma soxan dəvəquşu kimi davranırıq

20 Sen, 2019
20:58
5869

Biz başımızı quma soxan dəvəquşu kimi davranırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Dünən gənc bir qız ailəsində uzun illər yaşanan zorakılıqdan yazıb.

Yazıb və bildirib ki, atası onun anasını, özünü və bacısını uzun illər şiddətin altında yaşamağa vadar edib. Və elə o zaman bunu bilən insanlar “kişidir də, çörəyini-suyunu verir, döz!” deyərək zorakılığa dəstək olublar. Açığı bu ananın və övladların nə çəkdiyini özlərindən başqa heç kim bilmir. Bunu ancaq onlar kimi ailə zorakılığına məruz qalanlar anlaya bilər. Dünən gündəmi alt-üst edən bu xəbərə qızın atası unikal şərh verdi ki, bəs qızımın profili oğurlanıb, yazılanlara inanmayın. Başına döndüyüm gənc qız da çıxdı canlı yayıma və bildirdi ki, profil məndədir, nə yazmışam altında imzamı da atıram. Nə demişəmsə, həqiqəti demişəm. Şəxsən mən bu gənc xanımın gücünə heyran oldum.

Onun yazdığı postun altında o qədər mənəviyyatsız insanlar gördüm ki. Belələrinin maskasını cırdığına görə ən azı təşəkkür düşür xanıma.

Məsələnin bu tərəfini qoyuram kənara. Ortada cinayət var. Vəssalam. Qanunla həll olunmalıdır. 

İndi keçirəm məsələnin digər tərəfinə. Cəmiyyətin bu hadisəyə münasibətinə. Namuslu, qeyrətli qadın və kişilər başladılar ki, “qız qələt edib, başını da daşa döyüb ki, atası haqqında belə şeylər yazıb. Bəs, atadır, sevər də, döyər də. Lap istəsə, öldürər də. Bunu demokratiyadan, insan və qadın haqlarından gecə-gündüz palaz boyda yazılar yazanlar deyir. A kişi, sən hansı haqlardan danışırsan? 

Bizim insanlar deyəsən, hələ də quldarlıq dövründə yaşayır. Hələ də anlamır ki, kimliyindən asılı olmayaraq heç kim heç kimi alçalda bilməz. Döyə bilməz, söyə bilməz. O ki, qala özündən zəif, qadın və uşaqları. 

Bu insan ailə zorakılığını təbliğ edir. Uzun müddət onunla bir evdə yaşamağa məcbur olan 3 nəfərə güc tətbiq edib. Fiziki və mənəvi. Amma başı qaçmış cəmiyyət deyir ki, qələtinizi edin, bu “ailə işidir”. Deməli bu insanların fikrincə əgər ərin səni döyürsə, uşaqlarına şiddət yaşadırsa bu normal haldır. Hətta qaydadır. Amma elə bu insanlar da Avropanın həyat tərzindən dəm vururlar. Avropada bir sillə üstündə adamı elə günə qoyarlar ki, ailənin üzünə ömürlük həsrət qalarsan. 

Əgər bu adam psixoloji xəstədirsə, deyin ki, başı qaçıb. Özünü idarə edə bilmir və s. Amma onun tərəfini tutanlar deyir ki, atadır, belə olmalıdır. 

Cəmiyyətimiz əməlli yolunu azıb. Çünki baş vermiş bu zorakılığa hansı tərəfdən baxsan, bu pisdir. İstər qanun, istər insani, istər dini zəmindən. Bütün dinlər zorakılığı, zülmü pisləyir. Bütün qanunlar insanı müdafiə edir. Çünki ən başlıca məsələ insan həyatıdır. Amma bizimkilər deyir ki, hamınız qələt edin. Bu, “ailə işidir”. Və biz bu düşüncə ilə XXI əsrdə yaşayırıq. Biz daha humanist vətəndaş cəmiyyətindən dəm vururuq. Biz başımızı quma soxan dəvəquşu kimi davranırıq. Məndən keçdi, qardaşıma dəydi fikri əsas həyat tərzimizdir. 

Sonda onu deyim ki, əgər cəmiyyət sağlam olsa, zorakılığı pisləsə, qınasa, bir əbləh əlini qadına-uşağa qaldıra bilməz. Zorakılığı edənlər də “namus-qeyrət əhlinə” sığınır ki, istədiklərini də edirlər. Psevdo namus üstündə insanları qətlə yetirirlər. Sonra da olurlar “hörmətli oğlanlar”. 

Yadıma Telli Borçalının sözü düşdü: “Kişi ki, səni döyüb, təpiyinin altına salmadı, nə kişidir o?”  
Uzun sözün qısası, “format” olunmalıyıq. Proqram yenidən yazılmalıdır. Vuris cəmiyyətin beynini yeyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri