21 
Sen
2019
16:21
30
219
9413
Virtual karabakh

Qorxu filmi kimi həyat: Yalançılığa məcbur edilən, “tas” qoyulan uşaqlar - REPORTAJ + VİDEO

21 Sen, 2019
16:21
9413

Qorxu filmi kimi həyat: Yalançılığa məcbur edilən, “tas” qoyulan uşaqlar - REPORTAJ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl sosial şəbəkələr azyaşlı Fəridin videomüsahibəsi ilə sarsıldı. O, müsahibəsində valideynlərini itirdiyini, azyaşlı qardaş-bacısına baxdığını bildirirdi. 

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fəridlə bağlı açıqlama yaydı. Məlum oldu ki, azyaşlının dedikləri həqiqəti olduğu kimi əks etdirmir. 

Məsələnin aktuallığını nəzərə alaraq, Oxu.Az-ın əməkdaşları Fəridin yaşadığı ünvana – Sabunçu rayonu, Aydınbəyov küçəsi, ev 3, mənzil 17 ünvanına baş çəkib. 

 

Fəridin yaşadığı ünvan bir azyaşlının məskunlaşması, qidalanması, sosial həyata atılması üçün tamamilə yararsızdır. Yaşıdları məktəbə getdiyi, doğma evdə valideyn qayğısı ilə böyüdüyü halda, Fərid və onunla birgə yaşayan azyaşlılar küçədə zibil yığır, dilənir, beləcə, həyata tutunmağa çalışırlar. 

Bu vəziyyət Fəridgilin qonşularını da narahat edir.

30 ildir burada yaşayan sakin Kübra Əhmədova deyir ki, uşaqlar baxımsız vəziyyətdə yaşayırlar:

“Onlar beş qardaş, üç bacı olublar. Qardaşların üçü onları tərk edib. Qalanlar bu evdə yaşayırlar. Əvvəllər Fəridin anası onu və qardaşını şəhərin mərkəzində diləndirirdi. O zaman onlarla yaşayan atası sağ idi.

Sonra eşitdik ki, həmin şəxs yüksək doza narkotikdən vəfat edib. İndi Fəridin anası başqa bir adamla yaşadığı üçün onun qardaşını götürüb gedib. Arabir bura gəlir. Fərid isə burada xalasının uşaqları ilə yaşayır”.

K.Əhmədovanın sözlərinə görə, uşaqlar məktəbə getmir:

“Evdə 15-17 yaşlı yeniyetmələr var, amma onlar hər gün məktəbə getmək əvəzinə, küçələrdə gəzirlər. Bir azyaşlı qız var, bircə o məktəbə gedir”.

Sabunçu sakini Rüstəm Mehdiyev deyir ki, evdə yaşayan uşaqlar dövlət tərəfindən sığınacağa köçürülməlidir:

“Onlar çox baxımsızdırlar. Anaları narkotik qəbul edir. Azyaşlıların evə giriş-çıxış saatları məlum olmur. Uşaqlar dövlət tərəfindən sığınacağa yerləşdirilsə, onlar normal həyat tərzinə uyğun böyüyərlər”.

Məhəllədə yaşayan 25 ailə onlardan şikayətçidir. Onlar iddia edirlər ki, anaları uşaqlardan hər gün 40 manat pul tələb edirlər. Azyaşlılar bunu işləyərək, ya da dilənərək qazanmaq məcburiyyətində qalırlar.

“Gecə səhərə kimi uşaqların anası gedir-gəlir. Bizim həyətdə sakitliyimiz yoxdur. Dəfələrlə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət etmişik, amma hələki nəticəsi yoxdur.

Uşaqların bir dayısı var. O, süpürgəçi işləyir, axşamlar gələndə bəzən uşaqlara nəsə alır. Amma uşaqların anaları harada işləyir, nə qazanır, bilinmir. Hər gün səs-küy olur. Deyirəm, xəstə adamam, sakitlik yaradın.

Mənə deyirlər ki, sənin uşağın yoxdur deyə bizə paxıllıq edirsən. Hər gecə içirlər. Söz deyən kimi deyirlər ki, ad günü keçiririk. Hər gün ad günü olar? Biz sakitlik yaradılmasını istəyirik”, - məhəllə sakini Anaxanım Zamanova bildirib.

Qadın deyir ki, uşaqların məktəbə getməsi təmin olunmalıdır:

“O evdə kimsə yaşamaz. Uşaqları atırlar, günlərlə baxmırlar. O uşaqlar bunlardan alınmalı, kömək göstərilməlidir”.

Həmin evdə Fəridi tapa bilmədik. Sakinlər bildirdi ki, uşaq dünən axşam saatlarında polis əməkdaşları tərəfindən aparılıb.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. 

E.Hacıyev saytımıza açıqlamasında bildirib ki, azyaşlı artıq uşaq sığınacağa yerləşdirilib:
“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəraitsiz yerdə aşkarlanan azyaşlı müvafiq olaraq rayon ərazisində yerləşən sığınacaqlardan birinə təhvil verilib”.

Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinin müdir müavini Adil Rzayevin sözlərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb:

“Əməkdaşlar həmin ünvanda olublar. Müəyyən olunub ki, hər şey Fəridin dediyi kimi deyil. Onun atası və anası sağıdır. Qonşuların qeyd etdiyinə görə, ailənin sağlamlıq durumu normal deyil.

Fəridin yaşadığı ünvan kirayə deyil, özlərinə məxsusdur. Fəridin anası Vlasova Liliyadır, o sağdır. Evi tərk edib və yaşayış ünvanı məlum deyil”.

Fərid və müxtəlif yaşlarda olan yeddi uşaq dayısı Vlasov Aleksandr, xalaları Elena və Oksana Vlasovalarla birlikdə yaşayırlar. Dayısı Aleksandr küçələrin təmizliyi ilə məşğul olur. Rəsmi sənəddə uşağın atasının adı Rasimdir və o ölüb”.

Qeyd edək ki, Fərid sağlamlıq imkanları məhdud olan uşaqlar kateqoriyasına aiddir. Nazirlik tərəfindən buna görə sosial müavinət (sağlamlıq imkanları məhdudluğa görə 150 manat və uşağa qulluğa görə 50  manat) ödənilir. Lakin ödəniş kartı anası tərəfindən götürülüb və uşağa hər hansı maddi dəstək göstərilmir. 


Hazırda azyaşlı üçün nəzərdə tutulan sosial müavinət kartının dondurularaq dayısının və ya

digər şəxsin qəyyumluğuna veriləcəyi təqdirdə yenidən bərpa edilməsi üzərində iş aparılır. Azyaşlının dayısına himayəsində olan uşaqların Nazirliyin sığınacağına yerləşdirilməsinə kömək göstərilməsi ilə bağlı təklif edilib”.

A.Rzayev bildirib ki, həmin ünvanda yaşayan digər uşaqlara gəlincə, qanunvericiliklə onların da sığınacaqlara yerləşdirilməsi üçün valideynlərinin icazəsi lazımdır. Biz onlarla əlaqə saxlamağa çalışırıq, maarifləndirici söhbətlər aparırıq. Ümid edirik ki, qısa zamanda digər uşaqlar da sığınacaqlara yerləşdiriləcəklər”.

Son olaraq, gözümüzə divardakı bu yazı sataşır: “Ana, sən həmişə bizim qəlbimizdəsən”. Öz seçimləri olmadığı halda, səfil həyata məhkum edilən azyaşlıların ürəyindəki ana sevgisi hələ də o natəmiz və yararsız daxmada sevgi olduğunu, o sevginin mühafizəyə ehtiyacını olduğunu göstərir. Ümid edirik ki, içindəki insanlıq qırıntıları tükənmədən dövlət o uşaqları öz himayəsinə götürə biləcək...

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

VİDEO: Billurə Mikayıllı, Bəhruz Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri