30 
Sen
2019
19:35
53
195
6543
Virtual karabakh

Səni mən dünyaya gətirmişəm, gətirməyə də bilərdim!

30 Sen, 2019
19:35
6543

Səni mən dünyaya gətirmişəm, gətirməyə də bilərdim!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Hər bir insan tənhalıqdan qorxur. Əgər kimsə deyirsə mən tənha olmaq istəyirəm, inanmayın! Filmdə deyildiyi kimi “heç kim qırçı olmaq istəmir”. 

İnsan dediyin sosial varlıqdır. Tənhalıqdan qurtulmaq üçün əyləncə, dost-tanış, ailə icad etmişik. Ən böyük yalanları da buna görə uydurmuşuq. 

Ən böyük yalanı isə övladlarımıza danışırıq. Öz eqomuzu təmin etmək üçün, tənha olmamaq üçün övlad dünyaya gətiririk. Sonra da pafosla deyirik ki, səni mən dünyaya gətirmişəm, gətirməyə də bilərdim. Balaca insandan icazə almadan onu həyata gətirib sonra da onu borclu çıxardırıq. Onun həyatını, ömrünü öz istədiyimiz kimi qurmağa çalışırıq. Onu oxumadığımız institutlara göndəririk, işləmədiyimiz işlərə yönləndiririk. Yaşamaq istədiklərimizi ona yaşadırıq. Öz arzularımızı ona sırıyırıq. “Mən uşaq olanda atam məni musiqiyə qoymadı, hələ də pianoda ifa edənlərə paxıllıqla baxıram, amma mən uşağımı musiqiyə qoymuşam” deyən valideynin uşağının isə musiqidən zərri-zəhləsi gedir. Uşaq musiqi məktəbinə təhdidlə yollanır. Amma valideyn xoşbəxtdir, uşağı pianoda ifa edir… Və ömrünün sonuna qədər pianoya da, musiqiyə də nifrət edəcək. 

“Bizim nəsildə hamı həkim olub, gəlinlərimiz də, yeznələrimiz də həkimdir”, “Uşağın hünəri var başqa sənətə getsin, qıçını sındıraram” söyləyənlər bunu elə fəxrlə deyir ki... Gücünün, pulunun hesabına doğma övladını mənəvi sındırıb yox etməyinə elə sevinir ki... Gəlin və ya yeznə övladını xoşbəxt edir, ya yox, vacib deyil. Yaxşı insandır, ya yox, fərq etmir. Bir kriteriya var həkimdir, ailə modelinə uyğundur, vəssalam. Faciədir, deyilmi?

Səni mən doğmuşam, mən böyütmüşəm, yedirib-içirtmişəm, mənə borclusan. Onsuz da mənəviyyatı, şəxsiyyəti olan övlad valideynin qarşısında olan mənəvi borcu gözəl anlayır və bunu sevgiylə, qayğıyla valideynlərinə geri qaytarmağa çalışır. Bunu deməklə nə dəyişir ki? Niyə bizim cəmiyyətimizdə əksər hallarda övlad daha çox valideynin əşyası kimi qəbul olunur? Fikri soruşulmadan yerinə qərarlar verilir. Həyat planı cızılır. Zorla ərə vermək, evləndirmək, oxutdurmaq... Və həyatı valideynləri tərəfindən sındırılmış bədbəxt insanların sayı çoxalır ki, azalmır.

Və bu münasibət ailənin kasıb və ya varlı, ziyalı və ya qeyri olmasından irəli gəlmir. Təfəkkürdən irəli gəlir. 

Mənimsə bir fikrim var. Özündən icazə almayıb bu dünyaya zorla, məcburən gətirdiyim övladın özü istədiyi kimi olması üçün zəhmət çəkmək... Ona seçim vermədən onun anası olduğumun əvəzini çıxmaq... Bəlkə də onun seçimi olsaydı başqa ana, başqa ailə seçərdi. Amma mən ona bu seçimi verməmişəm. Onu “həyat” adlı tələyə salmışam və onu yaşamağa məcbur edirəm. Buna görə ən azı ondan üzr istəməliyəm. Hə, mən də milyonlar kimi öz eqomu təmin etmək üçün səni dünyaya gətirmişəm. Tənhalıqdan, qocalıqdan qorxduğum üçün... Qocalıqda bir stəkan su verənim olsun deyə... Üzürlü say, doğmam! Sənə isə əvəzində ancaq öz sevgimi verə bilərəm. Sənə dost ola bilərəm. Sənin arzularının arxasıyca səninlə bir yerdə dünyanın o başına gedə bilərəm. Səni xoşbəxt edə biləcək şeyləri edə bilərəm. Təki məni bağışlayasan. Səni sevirəm, doğum günün mübarək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri