Okt
2019
10:00
110
91
6933
Virtual karabakh

“Ağ atlı oğlan”ı aşağılamaq lazımdır, nə qədər qızımızı bədbəxt elədi o zırrama!

3 Okt, 2019
10:00
6933

“Ağ atlı oğlan”ı aşağılamaq lazımdır, nə qədər qızımızı bədbəxt elədi o zırrama!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Elmin gözlənilən təhlükələrinə qarşı aramızda hər nə qədər luddistcəsinə narahat olan mövhumi asudəlik heyranı qafalar olsa da, atom bombasının çalasından cücərib, pulu silahlanmaya deyil, təhsilə xərcləyərək cəmi otuz ilə dünyanın ən inkişaf etmiş texnologiyalar qütbünə çevrilən ənənələr ölkəsi Yaponiyanın adı çəkiləndə hər kəs danışığına fikir verməyə məhkumdur. 

Dünya xəritəsində Çinin çeçələ barmağının dırnağı boyda görünən Sinqapurun bu gün inkişaf etmiş ölkələr sırasında olmasının sirrini bilmək, inkişaf etmək, müstəmləkə qaraçılığından arınmaq, adam olub adamlara qoşulmaq istəyən hər bir azərbaycanlı kimi şəxsən mənə “qaval daşının sirrini” bilməkdən daha vacibdir. 

Yeri gəlmişkən, “Qaval daşının sirri” haqqında rejissorlarımızın çəkdiyi cizgi filmi çox ibrətamizdir. Filmdəki qəbilə başçısı gənc və istedadlı qəbilə üzvünə deyir ki, işə düzəlmək, arvad almaq istəyirsənsə, get, qaval daşını gətir. Bildiyimiz “şirinlik” tələbi. 

Gənc və istedadlı, bir az da romantik olan oğlan durub gəlir Qobustana, qaval daşını tapır. Baxır ki, bu ağırlıqda daşı nəinki o təkbaşına, heç dövrün mühədis-istehkam avadanlıqları ilə də sürüyüb “Baksovet”ə gətirə bilməz. Ağıl belə yerdə lazımdır; daşın altından girib, üstündən çıxır və çırtma vuranda nağara kimi niyə gumbuldadığının sirrini öyrənir. Ancaq daşın əvəzinə daşın sirrini gətirmək qəbilə başçısının “soğan olsun, nağd olsun” prinsipinə uyğun olmadığı üçün gənc və istedadlı oğlanın CV-si geri qaytarılır. Halbuki sirri bilərək, Bakının hər tinində bir qaval daşı qoyub ətrafında çalıb-oynamaq olardı. 

Bizim cizgi filminə çevirdiyimiz bu əhvalatı 40 il əvvəl sinqapurlular dövlət proqramı kimi qəbul etdilər; “bizə daşı gətirən gənclər yox, onun sirrini gətirən gənclər lazımdır”, - dedilər. Bu proqramın adı belə idi: “Düşünən məktəblər, öyrənən xalq” (Thinking Schools Learning Nation). Biz isə inkişafın “öyrənən məktəblər, düşünən xalq” mərhələsində ilişib qaldıq. Bəlkə də, Musa peyğəmbərin dövründə xalqın düşünən, müdrik olması hansısa yanan ümumi barmağın işinə yarayırdı, amma bu gün xalq müdrikliyinə loppağ da vermirlər, əgər o müdriklik modern vəba olan xərçəng xəstəliyinin əlacında demirəm, qarınağrısı dərmanı istehsalında bir “xıx”a yaramırsa. 

Yaxud “öyrənən, öyrədən məktəblər” dövrü təhsilin Uşinski dövrü üçün keçərli idi, bu gün düşünən, araşdıran, axtaran məktəblərin, universitetlərin yoxdursa, səni heç bir mistik qüvvə gələcəyə apara bilməz. Sinqapur ən birinci öz qədim müdrikliyindən imtina etdi.

Sinqapurun inkişaf proqramı insanlıq şüurunun qəbilə dövrünü formalaşdıran “Gənclik gələcəyimizdir!” düşüncəsini beyinlərdən qazıyaraq, onu “Gənclik bu günümüzdür!” məntiqi ilə əvəzləyib.     

Təhsildə ABŞ alimi Hovard Hardnerin yaratdığı “Hardner modeli”ni əsas götürən Sinqapur hökumətinin tədris proqramı şagirdin, tələbənin, magistrın intellektual potensialını maksimim istifadə etmək deyil, onu potensialının fövqünə çıxarmağı hədəf götürür. Bundan ötrü Hardnerin təhsildə “Çoxlu zəka” nəzəriyyəsinə söykənirlər. 

Nədir “Çoxlu zəka” nəzəriyyəsinin məzmunu? Hovard Hardner bu nəzəriyyəsində insan zəkasının çoxçeşidli olduğunu söyləyir və ümumi zəkanı səkkiz əsas zəka növünə bölür: 

1. Şifahi zəka – Dil, 2. Məntiqi zəka – Riyaziyat, 3. Vizual zəka – Kosmik, 4. Musiqili zəka – Ritmik, 5. Fiziki zəka – Kinestetik, 6. Fərdlərarası zəka – Sosial, 7. Şəxsə yönəlik zəka – Daxili, özünəməxsus, 8. Təbiət zəkası. 

Hardner modeli təhsildə fərdin paralel olaraq bütün zəka çeşidlərinin iştirakını nəzərdə tutur.

Yəni oxu, yaz, gör, hesabla, qulaq as, hiss et, özününküləşdir və paylaş.  

Statistik araşdırmalara görə, dünyada ən istedadsız vətəndaşların vətəni olan ABŞ-ın təhsil sistemi öyrənən beyinləri bir-birinə bağlayaraq Hardner modeli sayəsində bu gün dünyanın ən yaradıcı təhsil ocaqlarına sahibdir. Eyni sözü Sinqapurun təhsili haqqında da deyə bilərik. Hər iki ölkədə göydəndüşmə “istedadlı uşaq” anlayışı ortadan yığışdırılıb.

“İstedadlı uşaq” anlayışı təhsilin “Ağ atlı oğlanı” kimi bir şeydir. Məktəbin oturub hansısa ananın qarnından çıxacaq istedad yolu gözləməsi artıq keçmişdə qaldı. Yeni təhsil proqramları sübut edir ki, istedad uşağa təlim-tədris vasitəsilə də verilə bilər. İstedad nədir – müşahidə bacarığı, məntiq yürütmə və təcrübə. Əgər uşaqlara kiçik yaşdan bu vərdişlər öyrədilsə, hər hansı bir sahədə ölkənin oturub “ağ atlı oğlan” yolu gözləməsinə ehtiyac qalmaz. 

Ümumiyyətlə, bizim xalqı da zehni inkişafdan saxlayan bu “ağ atlı oğlan”ı bacardıqca aşağılamaq lazımdır. Hər rastımıza çıxanda atına-zada muçqurmalıyıq ki, ürküb yaddaşımızdan götürülsün. Nə özü bir işə yarayır, nə atı. Təhsildə “Çoxlu zəka” nəzəriyyəsinin faydalarından yazdığım yerdə yenə özünü pərçimlədi beynimə. Hər işimizdə belədir; ümid verib, aradan çıxır. Nə qədər qızımızı bədbəxt elədi o zırrama! 

Sinqapurluların “düşünən məktəblər” anlayışını hərfi mənada anlamaq doğru deyil; bu, gələcəyin düşünən nəslini yetişdirən məktəblərin varlığını işarələyən bir şifrədir. Başqa bir amerikalı təlimçi Piter Senqenin sözləri ilə desək, “düşünən məktəblər”, bir növ, “öyrənən mafiyalar”dır, bəli, düz oxudunuz, təhsil mafiyaları, təşkilatlanmış, çete halına gəlmiş məktəblər.

Bilgi, elm, üzərindən bir-birinə hörülmüş beyinlər. 

Sinqapurun təhsil proqramının fəlsəfəsinə görə, “düşünən məktəblər”in uğurunun səbəbi həm də “öyrənən xalq”dır. Xalq da elmin inkişafı ilə ayaqlaşmağa can atmalıdır ki, öz alimini başa düşsün, ona sabun bişirtdirməsin. Bizdə belə bir fikir formalaşıb ki, xalqa ağıl öyrətmək olmaz, xalq minillik təcrübələri sayəsində özü-özünü anadangəlmə ağıllı doğur.

Bu fikrin dominant olduğu bütün ölkələrdə kitab satışı deyə bir anlayış yoxdur. Məsələn, bütün ərəb ölkələrində il ərzində təkcə İspaniyada olduğu qədər kitab satılmır. Çünki ərəblər inanırlar ki, anadangəlmə ağıllıdırlar, kiminsə kitabını oxumağa ehtiyacları yoxdur. Ya biz? “Elin gözü tərəzidir”. Ə, get, hoppan e burdan!   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri