13 
Okt
2019
12:21
48
202
6249
Virtual karabakh

“Ərəb baharı” niyə gül-çiçək açmadı?

13 Okt, 2019
12:21
6249

“Ərəb baharı” niyə gül-çiçək açmadı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

“Ərəb baharı”ndan sonra dünyanın biz müsəlmanlara qismət olan ərazilərində ağıllı adamların, üzərində ən çox baş sındırdığı mövzulardan biri bu oldu: “Əcəba, islam inancı ilə demokratik dəyərlərin ortaq nöqtələri varmı? İraqın, Liviyanın, Misirin küçələrində tələm-tələsik bu qədər qan tökməyə dəyərdimi?” “Yox” deyənlərin səsi, “hə” deyənlərin səsindən daha gur çıxdı.

Nöşün ki “islamla demokratiya bir damın altında yaşaya bilməz” deyənlər tarixi lenti lap əvvələ sarıyaraq, müsəlman cəmiyyətinin bünövrəsinin insanların sosial, siyasi, iqtisadi, mədəni və s. həyatlarının bütün sahələrinə yön verən islam dininin lap başından öz peyğəmbərini həm də bir dövlət başçısı kimi gördüyünü və müsəlman cəmiyyətinin gözünü açıb şəxsin xarizması ətrafında birləşdiyini deyərək açılan mötərizəni bağladılar. 

Bu o, deməkdir ki, başlanğıcda xristianlıq Roma imperiyasına müxalif idi, islam isə xilafət, ərəb imperiyası yaratdı. Birində şəxsin xarizması dağıdıcı idi, o birində birləşdirici.  

Hantinqton, Fukuyama kimi dünyanın yaxın gələcəyinin “falına baxan” intellektuallar bəri başdan elan etdilər ki, islam düşüncəsi dünyəvi-liberal dəyərlərlə ziddiyyət təşkil edir, yəni bütün il boyu müsəlman dünyasında “ərəb baharı” gül-çiçək açsa da, bunun heç bir faydası olmayacaq.

İkinci bir məsələ isə bu idi ki, müsəlmanlarda avtoritarizm düşüncəsi Allaha söykəndiyi üçün min illər ərzində şüurlarda mamır bağlamış idarəçilik piramidasını bir “baharla”, özü də səmum yellərinin ciyər bişirdiyi “ərəb baharı” ilə güllük-gülüstana çevirmək mümkün deyil. 

Hətta Hantinqton müsəlman aləminin daha dərinlərinə enərək bildirdi ki, islam cəmiyyətlərində din xadimlərinə verilən rol və şəriətin qaydaları o qədər sərt şəkildə tənzimlənir ki, bu gün xristian dünyasında olduğu kimi, nə vaxtsa müsəlmanlarda da siyasi hakimiyyətlə dini hakimiyyətin bir-birindən ayrılması inanılmaz görünür.

Hantinqton demək istəyirdi ki, müsəlman ölkələr hər nə qədər Avropa konstitusiyalarını üzündən köçürsələr də, burada din siyasətdən ayrılmayıb və ayrıla da bilməz. Bu, indiki halda, sadəcə, mümkün deyil. Çünki islam dini təməlində həm də siyasi bir zərurət kimi ortaya çıxıb. İslam inancına mənəvi-ruhani narrativlər toplusundan daha çox, dövlət ideologiyası kimi nəzər yetirilməlidir. 

Hantinqton demokratiyanın təkcə müsəlman aləmində deyil, eyni zamanda, Hinduist, Konfutsi, Buddist cəmiyyətlərdə də bəri başdan uğursuzluğa məhkum olduğunu iddia edirdi. Bu cəmiyyətlər, xalqlar min illərdir onların mövcudluqlarını təmin edən, gücləndirən inaclarını heç bir Qərb liberalizminə, demokratik dəyərlərinə dəyişməyəcəklər. Bu cür cəmiyyətlərdə demokratiyadan imitina yuxarıların aşkar, aşağıların gizli istəyidir. Şair Rüstəm Behrudi demiş, de, hı! 

Hantinqtonun o biri tayı Fukuyama da “soyuq müharibə”dən sonra populyar kültürün dərvişlərini islam ölkələrinə göndərən Qərbin liberal demokratiyasının dünya üzərində hakimiyyətə gəldiyini, bununla da tarixin başa çatdığını iddia edirdi.

Liberalizm – insanlıq artıq öz yolunu seçib, Fukuyama deyirdi. İslama gəlincə, bu din kommunizm kimi bəlli bir əxlaqi, siyasi və sosial ədalət sistemlərinə sahib ideologiya olsa da, liberal demokratiya ilə at yarışdıracaq dərəcədə qlobal bir gücə sahib deyildir. Nöşün ki, islam düşüncəsi yalnız teokratik dövlət modeli yaratmağa qadirdir, bu da müsəlman olmayanlar üçün heç vaxt maraqlı olmayacaq. Fukuyama da, Hantinqton kimi müsəlmanların nə vaxtsa öz inanclarına xas olan bir liberalizm yarada biləcəkləri ehtimalını irəli sürürdü.

Arnold Toynbi, Bassam Tibi kimi müəlliflər də Hantinqtonun və Fukuyamanın fikirlərini bölüşərək liberal-demokratiyanın bir protestant-xristian düşüncəsinin nəticəsi olduğunu və müsəlman aləmində bunun baş tutmayacağının səbəbini iqtisadi, mədəni çətinliklərdə deyil, islamın özündə, daxili strukturunda gizləndiyini vurğulayırlar. 

Qərb professorlarının bu iddialarını dəstəkləyən islam alimləri də çoxdur. Pakistanlı məşhur din alimi Əbu-l-Əlya Mevdudi Qərb demokratiyası ilə islamın heç bir oxşarlığının olmadığında israrlı bir mövqe sahibidir. Mevdudiyə görə, islam xalq hakimiyyətini tamamilə inkar edir. Xalq özünə rəhbər seçə bilməz. İslamda idarəçilik Allah və onun seçdiyi xəlifə üzərinə vəzifədir.

Mevdudi müsəlman dünyasında olsa-olsa özünün kəşf etdiyi “teodemokratik” rejimlərin qurula biləcəyini deyir. Yəni Allahın hökmranlığı altında xalqa məhdud hakimiyyət vermək olar, bəzi şəriət hökmlərinin verilməsində xalq nümayəndələrinin iştirak etdiyi kimi. Bu, həmin Mevdudidir ki, 1955-ci ildə haqqında verilən edam hökmünü Konstitusiya məhkəməsi ləvğ edərkən özü də demokratiyanın “dadına” baxmış və onun heç də pis dadmağını etiraf etməli olmuşdu. 

Digər müsəlman din alimi “Müsəlman qardaşları” icmasının qurucularından biri, daha doğrusu, birincisi olan Həsən Əl-Bənna da demokratiya kəlməsini Hitlerin və Mussolinin adı ilə yanaşı çəkirdi. “İslam və Barış” adlı məktubunda demokratiyanın “d”sından xəbəri olmayan müsəlamlara, amanın gündür, demokratiyaya çox da etibar etməyin, Hitleri də, Mussolinini də Qərb demokratiyası doğdu deyə xəbərdarlıq edirdi. Halbuki 1948-ci ildə İsrail dövləti yaradıldıqdan sonra demokratik olmayan ərəb dünyasında millətçilik ideologiyası çiçəkləməyə başladı. Yəni faşizmin uğuru üçün demokratiyanın olması mütləq şərt deyil.

İslamla demokratiya arasına sədd qoyduqları üçün səsvermə yolu ilə seçilmiş islam hökumətləri mütəmadi olaraq Qərbin dəstəyi sayəsində hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılıb. Çünki Qərbdə həmişə islami güclərin demokratik imkanlardan özlərinin dinə əsaslanan mütləqiyyətlərini möhkəmlətmək üçün istifadə etdiklərindən şübhələniblər. İstər 1991-ci ildə Əlcəzairdə, istər 1997-ci ildə Türkiyədə, istər 2013-cü ildə Misirdə baş verənlər dediklərimizin təsdiqidir. Qərb “insan haqları” dedikdə müsəlmanları ayıran və bu haqların dində, hətta şəriətdə nəzərdə tutulanlardan irəli getməməsini irəli sürən islami hökumətlərə heç vaxt etibar etməyib.

İslamda Şura (parlament), icma (partiya) və ictihad (hüquqi əsas) anlayışlarının olduğunu önə sürərək müsəlman dünyasında da liberal-demokratiyanın reallaşa biləcəyini iddia edənlər də var ki, onlar Şərqə hələlik Aristotelin ideyalar aləmindən boylanırlar. Və bu barədə danışmaq hələlik tezdir.    

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri