18 
Okt
2019
11:27
50
146
4140
Virtual karabakh

“Yaxşı at özünə qamçı vurdurmur?”: Sevən kişi döyür, aşiqdirsə, öldürür - ARAŞDIRMA

Son günlər qadınlara qarşı törədilən vəhşilik və vandalizm, onların amansızcasına qətlə yetirilməsi halları artıb.

Qadınlara qarşı zorakılıq hallarına “Yaxşı at özünə qamçı vurdurmaz” misalını əldə bayraq tutaraq haqq qazandıranlar da az deyil.

Qətllərin bir qismi qısqanclıq, bir qismi ailə-məişət problemləri və intim münasibətlər zəmnində baş verir. Cinayətkarlar daha çox  qadınların keçmiş həyat yoldaşları, qeyri-qanuni nikahda yaşadıqları kişilər və yaxın qohumları olur.

Oktyabr ayının ilk 11 günündə təxminən 12 qadın müxtəlif cinayət hadisələrinin qurbanı olub. Onlardan dördü ölüb, səkkizi ağır xəsarət alıb. 10 il əvvəl, əsasən, bölgələrdə daha çox baş verən cinayətlər artıq Bakı şəhərində də çoxalıb.

Hadisələrə Bakının Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızını keçmiş əri vəhşicəsinə döyərək ciddi xəsarət yetirməsi ilə başlayaq. 

Daha sonra Xətai rayonunda - NZS qəsəbəsində ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ona ağır xəsarət yetirib.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı, 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.

Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

Bakının Nəsimi rayonunda kişi öz qayınanası və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Bununla da yetmir, cinayətlər bölgələrdə də davam edir. Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlinini vurub. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri Məhərrəm Sirati tərəfindən boğazını kəsilərək öldürüb. Məhərrəm Sirati həbs olunub.

Daşkəsənin Əmirvar kəndində 19 yaşlı hamilə qadın Abdullayeva Ayşə Samir qızını gəlin getdiyi evdə qayınatası və qayınanası vəhşicəsinə döyərək ağır bədən xəsarəti yetiriblər. Səbəb qadının gəlin köçərkən özü ilə cehiz olaraq  qoyun gətirməməsidir.

Beyləqanın Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmənin səbəbi isə müəmmalıdır.

Cəmiyyəti ayağa qaldıran cinayətlər isə yenə paytaxt Bakıda baş verib. Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. O, mərhuma 18 bıçaq zərbəsi  endirib. 

Bakının Binəqədi rayonunda, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə amansızcasına qətlə yetirib.

Oxu.Az cəmiyyətdə ajiotaja səbəb olan cinayətlərin törədilməsinin səbəblərini araşdırmağa çalışıb.

Son vaxtlar amansız qətllərin törədilməsinin səbəbi nədir? İnsanlar nə üçün bu qədər qəddarlaşıb? Cinayət niyə bu qədər adiləşib? Ətrafımızdakı insanların psixi sağlamlıqları nə dərəcədə qaydasındadır?

Psixoloq Xudaverdi Məmmədov hesab edir ki, insanların bir çoxunda empati qura bilmək bacarığı yox səviyyəsindədir:

“İnsanlar bir-biri ilə ünsiyyət qura, empati yarada bilmirlər. Xüsusilə cinayətə cəhd etmiş və ya cinayət törətmiş insanlarda psixiatrik problemlərin olduğu bəlli olur. Təəssüf ki, bu məqam yalnız cinayət və ya hər hansı bədbəxt hadisə baş verdikdən sonra üzə çıxır. Bunun səbəbi isə insanların psixoloji və psixiatrik müayinələrdən qaçmasıdır.

O insanlar törətdikləri cinayətin mahiyyətini, bunun onların özünə, övladlarına və qarşı tərəfə nə dərəcədə ziyan vura biləcəyini başa düşə bilmirlər. Çünki onlar heç vaxt özlərini başqalarının yerinə qoymurlar. Həmin insanların bir düşüncəsi var: cinayət törətməklə problemi aradan qaldırmaq.

Cəmiyyət mövcud hadisənin heç bir tərəfini bilmədən qadını günahkar hesab edir. Bu fikir qısa zamanda kütlə psixologiyasına çevrilir və təəssüf ki, bu yanaşmanı dəyişmək çox çətindir”.

Qadın ölümləri niyə adiləşib? 

Qadın hüquqlarının müdafiəsindən dəm vuran cəmiyyət 20 bıçaq zərbəsi ilə üç uşağının gözü önündə qətlə yetirilən Leyla Abdullayevanın ölümünü kənardan izlədi. Ətrafda olan insanlar o qadının yaşaması üçün niyə heç bir addım atmağa cəhd etmədi?

“Kişi istər qadını döyər, istər öldürər, bizlik deyil”

Sosioloq Əhməd Mansurov deyir ki, Azərbaycanda qadına əşya kimi yanaşılır:

“Bu hadisələr çox dərin proseslərə əsaslanır. Ailə həyatında kişilər qadına həyat yoldaşı, övladlarının anası kimi deyil, öz əşyaları kimi yanaşır. Buna milli-mənəvi dəyər donu geyindirməklə özlərinə haqq qazandırmağa çalışırlar. Əslində, bu heç Azərbaycan mentalitetinə də uyğun deyil. Qadına qayğı, sevgi, hörmət bəslənilirdi.

Bir başqa məsələ isə cinayət törədən şəxslərin qətl gününə qədər müxtəlif məişət zorakılıqları ilə özlərini sübut etməyə çalışmasıdır. Bəzən kişilər qadına əl qaldırmaqla özlərini, ailədə lider olduqlarını nümayiş etməyə çalışırlar. Bu, yanlış düşüncədir. Cəmiyyətin kortəbii fikri isə, təəssüf ki, onları istənilən istiqamətə, hətta cinayət törətməyə belə sövq edə bilir”.

Sosioloq onu da əlavə edib ki, bu gün qadınların məişət zorakılığına məruz qalsa da, susmasının səbəbi ata evində də bənzər təzyiqlərlə qarşılaşmalarıdır:

“Təəssüf ki, qadınların hüquqları ata evində də pozulur. O qədər təzyiqlərə, zorakılıqlara məruz qalırlar ki, artıq ailə qurduqdan sonra bunu normal qəbul edir və öz hüquqlarını müdafiə etməkdən çəkinirlər.

Hətta bəzən həyat yoldaşı tərəfindən döyülən qadınlar onların hüquqlarını müdafiəyə qalxan şəxsləri ailə məsələsinə müdaxilə etməkdə ittiham edirlər. Bu yanaşma cəmiyyətdə bir başqa məsələni ortaya qoyur. Bəziləri düşünür ki, kişi qadını qısqanırsa, döyürsə, deməli, sevir. Təbii  ki, belə düşüncə bütün icmalara, bütün şəxslərə aid deyil. Lakin son dövrlərdə baş verən hadisələri nəzərə alsaq görürük ki, böyük əksəriyyət belə düşünür”.

Ə.Mansurov boşanan qadınların cəmiyyət tərəfindən ölümə sürükləndiyini düşünür:

“Cəmiyyətimiz qadınların boşanmasını hələ də normal qəbul etmir. Onlara qarşı əsassız bir aqressiya var. Qadın ailə münasibətlərinin qaydasında getmədiyini görəndə boşanaraq özünü və övladlarını qorumağa çalışır. Bu isə kişilər, eləcə də, cəmiyyət tərəfindən sivil qarşılanmır.

Cəmiyyət düşünür ki, ailə-məişət zəminində baş verən zorakılıq hər bir ailənin öz şəxsi işidir. Mən bununla razı deyiləm. Nə qədər ki belə olacaq, qadınların, qızların hüquqları da tapdanacaq. Buna etiraz etməyən insanlar düşünməlidir ki, sabah onlarında ailəsində olan qızlar, xanımlar ailə quranda bənzər haqsızlıqla qarşılaşa bilər.

Cəmiyyət boşanan qadınlar haqqında qeyri-dəqiq söhbətlər danışmasa, kişilər öz aralarında vəziyəti alovlandıracaq “kişilik” məsələlərini ortaya atmasa, cütlüklərin ailə üzvləri məsələnin üzərinə birtərəfli getməsə, hadisələr cinayətlə bitməyə bilər.

Ailələr hər iki tərəfin seçiminə hörmətlə yanaşıb, sivil qaydada kömək etməlidir. Əksinə, məsələni namus-qeyrət davasına çevirmək olmaz. Bütün cinayətlər xəyanət üzərində baş vermir. Ümumiyyətlə, heç bir hadisə ölümə, öldürülməyə haqq qazandıra bilməz. Cəmiyyətin bu məsələlərdə maariflənməsinə, sosial çarxların çəkilməsinə ciddi ehtiyac var”.

Mövzu ilə bağlı sosial şəbəkələrdə geniş müzakirələr gedir. Bir qrup şəxs düşünür ki, kişi qadını qısqanırsa, qısqanclıqdan vurursa, deməli, sevir. Bu yanaşmadan yola çıxsaq, onda qadını öldürən kişilər onlara dəlicəsinə aşiqdir?

Hadisələr gündəmi o qədər zəbt edib ki, qadınları amansızca qətlə yetirən şəxslərin ölüm hökmü ilə cəzalandırılması tələb edilir. Ölüm hökmü, həqiqətən də, bu cinayətlərin qarşısını almağa bəs edirmi?

“Ölüm hökmü vaxtsız və günhasız öldürülən qadınları geri qaytarmayacaq”

Hüquqşünas Elçin Qəmbərov deyir ki, ölüm hökmünü tələb edən insanlar başa düşməlidir ki, hadisələrin önünə keçmək lazımdır, insanlar öldükdən sonra heç nə onları geri qaytarmır:

“Qadınların amansızca qətlə yetirilməsi ilə bağlı son günlər yayılan xəbərlər cəmiyyəti ciddi şəkildə narahat edir. Amma cəza tədbirləri, ağırlaşdırılmış cəzalar, hətta ölüm hökmü belə bu hadisələrin qarşısını almağa bəs etməyəcək.

Aydın məsələdir ki, ortada cinayət varsa, onun cəzası da var. Hüquq-mühafizə orqanları, məhkəmə sistemi qanunda nəzərdə tutulan ən sərt cəza metodlarını tətbiq edir. Ancaq hesab edirəm ki, cəza metodu bu cinayətləri azalda bilməz.

Burada kompleks tədbirlər görülməlidir. Məqsəd insanların ölümünün qarşısını almaqdırsa, hadisələri qabaqlamaq lazımdır. Ölüm hökmünün bərpasının istənməsi artıq cinayətin baş verməsi deməkdir. Yaxşı olar ki, hadisələrin önünə keçməyə çalışılsın, çünki insanlar öldükdən sonra heç nə onları geri qaytarmır.

Onu da qeyd edim ki, mən uşaqlara qarşı edilən seksual zorakılıq cinayətləri törədənlərə ölüm hökmünün verilməsinin tərəfdarıyam. Bununla bağlı dəfələrlə çıxışlar etmişəm. Amma yenə də deyim ki, sərt cəzalarla heç bir cinayətin önünə keçmək mümkün deyil. Biz nəticəni yox, cinayətə səbəb olan amilləri həll etməliyik ki, onlar cinayətlərə təkan verməsin, şərait yaratmasın”.

E.Qəmbərov bu istiqamətdə kompleks tədbirlərə bütün qurumların, medianın aktiv şəkildə qoşulmalı olduğunu deyir:

“Kütləvi informasiya orqanları, telekanallar, aidiyyəti qurumlar, icra hakimiyyətləri, polis orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar birgə layihələr həyata keçirməlidir.

İctimaiyyətin, cəmiyyətin maariflənməsi üçün verilişlər hazırlanmalıdır. Hadisələrin bu tərəfi göstərilməli, cinayətdən sonra yaşana biləcək məqamlar o qədər aydın şəkildə izah edilməlidir ki, potensial cinayətkarlar qətl törətmək fikrinə düşməzdən əvvəl 100 dəfə fikirləşsinlər. Əks təqdirdə cinayətlərin qarşısını almaq, hətta azaltmaq belə çətindir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova bildirib ki, son günlər qadınlara qarşı törədilən amansız cinayətlər cəmiyyət tərəfindən birmənalı olaraq mənfi qarşılanmalı olsa da, təəssüf ki, bu cinayətlərə hər hansı formada bəraət qazandırmağa çalışan insanlar var:

“Çox təəssüflər olsun ki, cəmiyyət patriarxal mədəniyyətin daşıyıcısı olduğu üçün stereotipləri qıra bilmirlər. Ölən qadınların mütləq şəkildə səhv addım atdıqlarından əmin olaraq haqlı-haqsız tərəfləri təyin edən insanlar var. Biz hələ bilmirik ki, o qadınların səhvi nə idi. İkinci bir tərəfdən qanun-qayda, hüquq, məhkəmə orqanları varsa, heç kimə bir başqasının həyatını əlindən almaq, onu qətlə yetirmək hüququ verilməyib”.

A.Veysəlova cinayətə şahid olan azyaşlıların da gələcəkdə potensial qatil ola biləcəklərini göz önündə saxlayıb:

“Uşağın gözləri önündə kişi qadını qətlə yetirir. Təsəvvür edirsiniz, bir uşaq üçün gözləri önündə atasının anasını qəddarcasına öldürməsi nə deməkdir? Bu, artıq onun psixologiyasında silinməz travma qoyub.

O uşaqların çox ciddi reabilitasiyaya ehtiyacları var. Əks halda onlar bunu özlərinə nümunə götürəcək. Gələcəkdə o uşaq da ailə quracaq və bu travma nə zamansa özünü büruzə verəcək. Onların gələcəkdə potensial olaraq cinayət törədə bilmə ehtimalları çox yüksəkdir”.

Xatırladaq ki, 2010-cu ildə “Məişət Zorakılığı Haqqında” qanun qəbul edilib. Bu qanun qəbul ediləndə cəmiyyətdə birmənalı qarşılanmayıb. İctimai dinləmələr, müzakirələr aparılsa da, patriarxal dünyagörüşü qadına qarşı zorakılığa mane olmaq yerinə, ona şərait yaradırdı. Komitə tərəfindən yerli icra hakimiyyəti orqanlarında xüsusi monitorinq qrupları yaradılsa da, görünən odur ki, qarşıda görüləcək çox iş var.

Baş verən hadisələrə etiraz olaraq sosial şəbəkələrdə “leylaüçünsusma” həştəqi ilə aksiya başladılıb. Aktivist və bloqerlər mövzu ilə bağlı videoçarx hazırlayaraq,  insanlara mövcud vəziyyətin nə dərəcədə təhlükəli olduğunu çatdırmağa çalışırlar.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri