14 
Okt
2019
16:40
44
121
2802
Virtual karabakh

Çünki insanımız ziyanverəndir...

Kubra Məhərrəmova yazır...

Həyətə dibçəkdə gül qoyarsan, axşam görərsən ki, didib dağıdıblar.

Çünki insanımız ziyanverəndir.

Uşağını həyətə oyuncaqla göndərərsən, görərsən ki, oyuncağını sındırıb veriblər qoltuğuna. 

Təzə lift quraşdırarlar, iki günə görərsən ki, düymələri alışqanla yandırıblar.

Çünki insanımız ziyanverəndir.

Əynindən gödəkçəni çıxarıb onun əyninə geyindirərsən, soyuqdur deyə. İki gün sonra görərsən ki, zibilliyə atıb. 

Təzə ağac əkərlər. Görərsən ki, üstündə adını, dədəsinin adını, nəsil-kökün adını bıçaqla cızıb.

Çünki insanımız ziyanverəndir.

Uşaqlar üçün həyətə yelləncək qoyarlar, görərsən ki, yerindən söküb aparıblar.

Çünki insanımız ziyanverəndir.

Qonşuya qab-qacaq verərsən, qaytaranda görərsən ki, çatladıb verib. Atarsan zibilliyə.

Çünki insanımız ziyanverəndir.

Təzə avtobusa minərsən, axşam görərsən ki, oturacağı bıçaqla kəsiblər. Arxasını markerlə yazıblar. “Sev məni, mən də səni”. Axı sənin kimi heyvərəni kim sevər?

Taksiyə minərsən, görərsən ki, yer-göy zir-zibildir. Soruşarsan, deyər ki, indi üçuşaqlı qadın oturmuşdu. Onlar yeyib töküblər.

Çünki insanımız ziyanverəndir. 

Ofisə, idarəyə qab-qacaq, çaynik, mikrodalğalı soba alarlar. İki günə görərsən ki it günündədir.

Çünki insanımız ziyanverəndir. 

Evi təmizləməyə yardım üçün qadın gələr, görərsən ki, pərdəni ütü ilə əridib gedib. Evə usta çağırarsan. Görərsən ki, evdəki çəkic-kəlbətini özü ilə aparıb.

Çünki insanımız ziyanverəndir. 

1000 manat maaş alar, amma idarədəki kağız-qələmi evinə daşıyar.

Çünki insanımız ziyanverəndir. 

Evinə buraxarsan, yedirib içirərsən, evini yağmalayıb gedər. Çünki insanımız ziyanverəndir. 

Maşını “moykaya” yumağa verərsən, gəlib görərsən ki cızıq-cızıqdır. Yaramazlıq edən “pulum yoxdur, vur öldür” deyər. 

Deyərsən, ürəyin nə istəyir, götür, pay apar. Ən bahalısını götürüb gedər.

Deyərsən, get, bağdan ürəyin istəyən qədər meyvə yığ, apar. Görərsən ki, ağacın budaqlarını sındırıb gedib.

Çünki insanımız ziyanverəndir. 

Kəndə, dağa, dənizə istirahətə gedər. Aləmi zibillləyib geri dönər. Ocağı söndürməyib yanğın törədər.

Çünki insanımız ziyanverəndir. 

Amma toya gedəndə qalstuq-kostyum geyinər, uşağına ingilis dilindən müəllim tutar. Laklı qara ayaqqabı geyinər. Toydan çıxanda süfrəni torbasına yığışdırıb gedər.

Çünki insanımız ziyanverəndir. 

Öz evinin qarşısında avtomobilini saxlayarsan. BNA gəlib 20 manat cərimə yazar. Çünki insanımız ziyanverəndir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri