14 
Okt
2019
15:44
77
242
12251
Virtual karabakh

Vasim Məmmədəliyev dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

Akademik Vasim Məmmədəliyev BDU-da keçirilən vida mərasiminin ardından İkinci Fəxri Xiyabanda dəfn olunub.

Oxu.Az xəbər verir ki, mərhumun dəfninə ailə yaxınları, elmi ictimaiyyətin nümayəndələri, siyasi və ictimai xadimlər qatılıblar.

Allah rəhmət eləsin!

15:03

Vasim Məmmədəliyev “Qurani-Kərim”in tərcüməsində mühüm rol oynamış şəxslərdən biri olub. 

Oxu.Az xəbər verir ki, bunu vida mərasiminə qatılan Mübariz Qurbanlı deyib. 

O bildirib ki, V.Məmmədəliyev dövlət-din münasibətlərinin yaranmasında əvəzsiz rol oynayıb:

“İslam dəyərlərimizin təbliğ və təşviqində öz xidmətləri ilə seçilən V.Məmmədəliyevin itkisi çox ağırdır. O, Azərbaycanın seçilən ziyalılarından biri olub. O, öz arxasında nəhəng bir məktəb qoyub getdi.

Təhsil verdiyi gənclər onun yolunu davam etdirəcək. “Qurani-Kərim”in tərcümə olunmasında əvəzsiz rolu olub. Azərbaycan bu gün alimini, ziyalısını, gözəl ailə başçısını, layiqli vətəndaşını itirdi. Allah rəhmət eləsin”.

14:20

Vasim Məmmədəliyev Azərbaycan elminə dünya şöhrəti qazandırıb.

Oxu.Az xəbər verir ki, bunu akademikin vida mərasiminə qatılan millət vəkili Nizami Cəfərov deyib:

“Vasim Məmmədəliyev ərəb dilçiliyini ümumiləşdirən ziyalılardan olub. O, klassik ədəbiyyatı mükəmməl bilməklə yanaşı, ərəbcəni, türkcəni, farscanı gözəl bilirdi. Allah çox gözəl istedad nəsib edib. 

O, həm də çox yaxşı dost idi. Bu gün hər kəs onu yad edir. Şərqşünaslar üçün çox ağır itkidir.  Heç kim Vasim Məmmədəliyevi unutmayacaq”.

13:55

Bu gün BDU-da akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, akademik Vasim Məmmədəliyevlə vida mərasiminə dövlət və ictimai xadimlər, universitetin müəllim kollektivi, millət vəkilləri qatılıb. 

Vida mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Vasim Məmmədəliyev kimi şəxsiyyətin ölümünün Azərbaycan üçün ağır itki olduğunu bildirib. 

Q.Paşayeva Vasim Məmmədəliyevlə bağlı xatirələrini bölüşüb:

“O, akademiyanın ən önəmli şəxsiyyətlərdən biri idi. Hər zaman müsbət enerjisi iıə seçilən Vasim Məmmədəliyevin yoxluğuna inanmaq hər kəs üçün ağırdır. Mən bunu ölkəmiz üçün ağır itki adlandırıram. 

Mən heç vaxt onu üzgün, pessimist görməmişdim. Onun simasında biz böyük bir ziyalımızı itirdik. O, minlərlə gənc insanın yetişməsində misilsiz xidmətlər göstərib. Ailə yaxınlarına səbr diləyirəm”.

Vida mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev isə deyib ki, Vasim müəllim heç vaxt unudulmayacaq. 

O bildirib ki, V.Məmmədəliyev şərqşünaslıq sahəsində olduqca böyük uğurlar qazanıb:

“Biz Vasim Məmmədəliyevi dünən gecə itirdik. O, yaşından asılı olmayaraq, hər kəslə öz dilində danışan insan olub. Məhz buna görədir ki, bu gün onunla vidalaşmağa gələn hər kəsin gözündə dərin kədər görünür. 

O, rəhbərlik etdiyi kollektivdə sevilən, seçilən nadir, saf insanlardan idi. Biz onu daim xatırlayacağıq. Allah rəhmət eləsin”.

Mərhum akademik vida mərasimindən sonra ikinci Fəxri Xiyabanda dəfn olunacaq.

Könül Cəfərli

Video : İlhamə Kələyeva, Vasif Miradəmoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri