Noy
2019
14:38
330
47
4240
Virtual karabakh

Kanadada yaşayan azərbaycanlı modelyer: “Toronto Fashion Week”ə milli geyimlərimizi çıxaracam - MÜSAHİBƏ

Naznaz Sadıqova Kanadada Azərbaycan geyimlərini, ənənələrini təbliğ edir. Bakı şəhərində anadan olsa da, yaradıcılıq onu Kanadaya, daha dəqiq desək, Toronto şəhərinə qədər aparıb. Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirən, tələbəlik illərindən modelyer kimi çalışan bu xanım bu gün öz biznesinin sahibidir.

Oxu.Az Kanadanın Toronto şəhərində öz biznesini quran azərbaycanlı modelyer Naznaz Sadıqova ilə müsahibəni təqdim edir:

- Naznaz xanım, bir qədər özünüzdən danışın.

- Bakı şəhərində anadan olmuşam. İxtisasca ingilis dili müəllimiyəm. Lakin yaradıcılıq sahəsini seçmişəm. Modelyerlik fəaliyyətimdə Azərbaycan Moda Assosiasiyasının keçirdiyi moda müsabiqələrində iştirak etmişəm və hazırladığım geyimlə “İlin ən ekstravaqant paltarı” adını almışam. 2002-ci ildə  Azərbaycan Moda Assosiasiyasının keçirdiyi festivalda üçüncü yeri tutmuşdum.

2003-cü ildə ailə həyatı qurdum. Həyat yoldaşım azərbaycanlı olsa da, Kanada vətəndaşı idi. O, 1994-cü ildən Kanadaya köçüb və orada yaşayıb. Üç il Azərbaycanda qaldıqdan sonra 2006-cı ildə Kanadaya köçmüşük. İki övladım var: qızım Dəniz 14, oğlum Ayaz isə 12 yaşındadır. Qızım Bakıda, oğlum isə Kanadada anadan olub. Burada öz biznesimi, atelyemi qurmuşam. Fəaliyyətimi davam etdirirəm.

- Necə oldu ki Kanadaya getdiniz? Bildiyim qədərilə, 2006-cı ildən orada yaşayırsınız.

- Əslində, düşünməzdim ki, nə vaxtsa ölkədən kənarda öz işimi, həyatımı davam etdirərəm. Amma qismət belə gətirdi və mən həyat yoldaşımla birlikdə Kanadaya köçəsi oldum.

- Kanadada ictimai fəaliyyətləriniz də olur. Bir qədər bu barədə danışın...

- Elədir, modelyer kimi fəaliyyətimdən başqa burada Kanada-Azərbaycan İncəsənət Təşkilatı yaradılıb. Mən o təşkilatda katib kimi çalışıram. Biz bu təşkilat vasitəsilə Azərbaycana xas mədəniyyət günlərini keçiririk. 2008-ci ildə Çingiz Sadıqov üçün, Arif Məlikov üçün xatirə gecəsi keçirilib. Nəsiminin 650 illiyi ilə bağlı oktyabr ayının 20-də böyük tədbirimiz olacaq. Bunları bizim təşkilatımız təşkil edir.

- Qərib ölkədə öz işini qurmaq çətin olmadı? Bu sahə özündə kifayət qədər incəliklər cəmləyir.

- Üç illik fasilədən sonra Kanadada “Chanel” firmasının butiklərindən birində modelyer kimi işə başladım. Yeddi il orada çalışaraq, menecer vəzifəsinə qədər yüksəldim. Sonra özüm işdən ayrıldım. Uşaqlar böyüdükcə işlərim çətinləşirdi və həftəsonları işlərimiz ağır olduğundan işdən çıxdım. Hazırda “Toronto Fashion Week” ilə müqaviləli çalışıram. Moda həftəsi çərçivəsində digər modelyerlərlə birlikdə çalışırıq. Əslində, bir qədər çətinliklər olub. Lakin öhdəsindən gəlmişik.

- Yəqin ki, geyimlərinizdə ən xırda detala belə fikir verənlər olur.

- Əlbəttə, burada modelyerlər, eləcə də, insanlar özləri geyimlərin səliqəsinə, görünüşünə çox diqqət edirlər. Maraqlanırlar.

- Ümumiyyətlə, modaya necə tərif verərdiniz?

- Modaya tərif vermək barədə heç düşünməmişdim. Əslində, hər şeyin tərifi olduğu kimi, modanın da olmalıdır. Spesifik sahə olduğunu nəzərə alsaq, deyərdim ki, mənə görə moda vizual tarix, zamanın güzgüsüdür. Hər hansı bir filmə baxırsınız və ya neçə il öncəki fotonu, paltarı görəndə həmin moda ilə zamanı təsvir edə bilirsiniz. Moda yalnız bir neçə metrlik parça ilə deyil, saçlarda, makyajda, ev əşyalarında və s. digər məqamlarda da tarixə səyahət deməkdir.

- Kanadalı xanımlarla Azərbaycan xanımları arasında zövq fərqi nə qədər hiss olunur?

- İnanın ki, bizim xanımlarla kanadalı xanımlar arasındakı zövq fərqi çox hiss olunr. Deyərdim ki, həddindən artıq seçilir. Azərbaycan xanımları makyajsız çölə çıxmağı o qədər sevmir. Bər-bəzəkli, bahalı, gözəl geyimləri sevdiyimiz sirr deyil. 2006-cı ilə qədər Azərbaycanda yaşamışam və müşahidələrim bunu deməyə əsas verir.

Bəlkə də, indi bir qədər dəyişiklik var, deyə bilmərəm. Gözəl görünmək həm də özünü gözəl hiss etmək deməkdir.

Kanadalı xanımlar çox fərqlidir. Bədən biçimləri, zövqləri bir-birindən çox fərqlidir. Kanadaya başqa ökələrdən gələn insanlar çox olduğu üçün bunu demək bir qədər çətindir. Amma zövq və bədən biçimi baxımından Azərbaycan xanımlarına ən yaxın olan Avropadan gələn miqrantlardır. Onlar da gözəl geyimləri, özlərinə baxmağı çox sevirlər.

- Milli geyimlərimizə münasibət necədir, bəyənilirmi?

- Əslində, ən böyük arzularımdan biri elə budur: Azərbaycanın milli geyimlərini Kanada cəmiyyətinə sevdirmək, tanıtmaq. Hər zaman istəmişəm ki, milli geyimlərimizlə moda həftələrində çıxışlar edim. Moda fəaliyyətimdə buna önəm verirəm.

- İnsanlar geyim seçərkən nəyə diqqət etməlidirlər?

- Modelyer kimi bu məqamı diqqətə çatdırmaq istərdim ki, insanlar geyim seçərkən bir-biri ilə bəhsə girməməlidirlər. Ən vacib şərtlərdən birincisi, hər bir xanım geyim seçərkən bədən biçimini və yaş həddini nəzərə almalıdır. Bu iki amillərə görə geyim seçilərsə, çox gözəl harmoniya əldə etmiş olarlar. Bu isə onları kübar, eleqant göstərər.

- Belə bir deyim var: “İnsanı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar”. Bu nüansa diqqət edənlər varmı?

- Əlbəttə. Bu məqam bütün dövrlərdə özünü doğruldub. Belə deyək, fiziki görkəminə daim fikir verən insanın geyim səliqəsi hər zaman yerində olur. Geyim səliqəsi insanın özünə qoyduğu hörmətdən, özünə verdiyi dəyərdən xəbər verir. Bu, sizin ətrafınızda olan insanlara da bir hörmətdir, deyərdim. Gündəlik istifadə etdiyimiz iş geyimlərimizdə belə, bu nüansa diqqət yetirilməlidir. Geyim səliqəsi insanı cəmiyyət içərisində hər zaman bir pillə yüksəldir.

O ki qaldı geyimə görə qarşılanıb, ağıla görə yola salınmaq məsələsinə, buna sadəcə iş görüşmələrini misal çəkmək kifayətdir. Ola bilər ki, iş görüşünə səliqəsiz geyimdə gələsiniz, amma savad, intellekt səviyyəsi qaydasında ola. Bu məqamda həmin şəxs uduzur. Ona görə bu iki mil hər zaman balans təşkil etməlidir.

- Kanadada geyimlərinizə müraciət edənlər olurmu? Aralarında tanınmış şəxslər varmı?

- Bəli, çox olub. Mən, əsasən, Bakıda incəsənət adamları ilə çox işləmişəm. Kanadada yaşayan incəsənət adamları ilə işləməmişəm. Digər sektorda çalışan insanlar arasında hazırladığım geyimlərə müraciət edənlər çox olub.

- Əsasən, həddən artıq zəif və çox kilolu xanımlar geyim seçərkən çətinlik çəkir. Həmin xanımlar necə geyinməlidirlər?

- Kilolu xanımlar gərək öz çəkilərini olduğu kimi qəbul edib, sevsinlər. Əsas şərt budur. İkinci növbədə, geyim seçərkən qırçınlı, valanlı, geniş paltarlar seçməməlidirlər. Deməzdim ki, hər zaman qara rəngə üstünlük versinlər. Qara rəng insanı bir qədər zərif göstərsə də, bu rəngə normadan çox öyrəşmək olmaz. Başqa rənglər də geyinə bilərlər. Məsələn, tünd rənglərdən göy, qəhvəyi rənglərə də üstünlük vermək olar.

Açıq rəngli geyim geyinəndə aksesuarlarla diqqəti istənilən yerə çəkmək olar. Naxışlı paltarlar seçən zaman diqqətli olmaq lazımdır. İri naxışlı paltarlar insanı həddən artıq kök göstərə bilir. Xırda naxışlı parçalardan hazırlanmış geyimlərdən isə xüsusilə çox istifadə etməyi məsləhət görürəm. 

- Bəs dekolte necə? Hər zaman cazibədarlıq sayıla bilərmi?

Əlbəttə ki, yox. Birincisi dekolte geyimlər məkana, zamana görə seçilməlidir. Gündəlik geyimlərdə dekolte seçimlər peşəkar seçim sayılmır. Gedilən məkandan asılı olaraq seçilən dekolte sizi cazibədar göstərə bilər. Amma uyğunsuz seçim etdiyiniz an həmin gecənin ən vulqar geyimli xanımı ola bilərsiniz.

Dekolte sözünün hərfi tərcüməsi qadının boynundan sinəsinə qədər olan hissədir. Dekolte geyinən xanımların boyundan sinəyə qədər olan hissəsi gözəl, təravətli olmalıdır. Bədən dərisi cəzbedici olmalıdır. Əgər bir qədər xoşagəlməz nüanslar varsa, onu gözəl aksesuarlarla örtmək olar.

Dekolte geyimlərin ən vacib məqamlarından biri də odur ki, əgər heç bir aksesuardan istifadə etməmisinizsə, boyundan sinəyə qədər olan hissə açıqdırsa, həmin geyimin ətəyi birmənalı şəkildə uzun olmalıdır. Bu qadını çox dərəcə seksual, cazibədar göstərəcək.  

- Geyimləri ilə diqqət çəkmək istəyənlərə nə məsləhət görürsünüz?

- Məqsəddən asılıdır (gülür). Bayaq dediyim kimi, gözəl, səliqəli geyinmək isanın özünə verdiyi dəyərdir. Amma bir məqam var ki, baxır insan hansı məqsədlə gözəl və baxımlı olmağa çalışır. Əgər geyimlə hər hansı bir şəkildə irəli getməyə çalışırlarsa, unutmasınlar ki, hər şey bir-biri ilə vəhdətdə olduğu zaman müvəfffəqiyyət qazanmaq olar.

Gözəl geyiminiz sizin ondan da gözəl dünyagörüşünüz, ağlınız, savadınızla birlikdə gözəl rəsm ortaya qoyur. Digər amillər yoxdursa, yalnız geyim və bədənlə çox uzağa getmək olmaz.

- Geyimlərin uzun müddət istifadə olunması üçün nələri məsləhət görürsünüz?

- Geyimlər çox istifadədən sonra əvvəlki görünüşünü itirir. Bu da xanımları tez-tez yeni geyimlər almağa vadar edən səbəblərdən biridir. Geyimlərin ömrünü uzatmaq üçün bahalı, üstün geyimlərinizi dəyişib, ev geyimlərinizi geyinməlisiniz. Ümumiyyətlə, geyimləri stol başına atmaq onları sıradan çıxarır.

Paltarların üzərinə çökən qoxunun təmizlənməsi üçün ən az yarım saat paltarları havaya atmaq lazımdır. Geyimlərinizi asdığınız şkafın qapılarını bərk bağlamaq olmaz. Geyimlərə hava da dəyməlidir. Paltarları asılqandan dartaraq çıxarmaq insanların etdiyi ən böyük səhvlərdən biridir. Asılqan seçimlərinə də diqqət etmək lazımdır. Nisbətən nazik asılqanlar məsləhət deyil. Gərək enli, çiyin hissələri dözümlü olsun.

Bundan başqa, paltarları tez-tez camaşırxanaya vermək paltarın ömrünü qısaldır. Günün altında çox qalan paltarların rəngi və keyfiyyəti də dəyişir.

- Bəs toxunma paltarlar necə?

- Bax, onları asılqandan asmaq heç olmaz. Asılqandan nə qədər asılı qalarsa, bir o qədər də dartılaraq öz formasını itirər. Bundan başqa, bu gün hər kəs paltaryuyandan istifadə edir. Amma heç kim paltarların üzərində yuyulmaya uyğun təlimatlara nəzər yetirmir. Axı o təlimatlar ora bəzək üçün qoyulmayıb. Düzgün yuyulmadıqda da paltarlar öz keyfiyyətini itirir.

- Kanadada hazırladığınız geyimlərdə Azərbaycana xas əlamətlərdən istifadə edirsinizmi?

- Yalnız rəqs paltarları tikən zaman istifadə edirəm. Sifarişlərim çox olur. “Toronto Fashion Week” həftəsi çərçivəsində təqdim edəcəyimiz nümunələr arasında sırf Azərbaycanın milli geyimləri də olacaq.

- 80-ci illərin dəbi geri dönür. Yenilik adlandırdıqlarımız unudulan yaxın keçmiş ola bilərmi?

- Dəb 10-20 ildən bir dəyişir. Ötən illərə nisbətən bu dövr müddəti də qısalır. Yeni modalar kiçik detallarla dəyişdirilmiş keçmiş dəbdir. Diqqət etsəniz, siz də bunun şahidi ola bilərsiniz. Məsələn, son dövrlərdən “vintage” tərzdə geyimlər yenidən dəbə qayıdıb. Kanadanın özündə elit, varlı təbəqə “vintage” geyimlər satılan mağazalara üz tutur. Onlar 30-40 ilin paltarlarını alıb çox böyük həvəslə geyinirlər. Bu mənada, həqiqətən də, moda sahəsində nümayiş edilən yeniliklər unudulan yaxın keçmişdəki dəbdir.

- Mövsüm açılan kimi insanlar qarderob dəyişdirməyə başlayırlar. Dəb, həqiqətən, bu qədər tez-tez dəyişir?

- Son vaxtlar, bəli. Düşünürəm ki, bunun əsas səbəbi tarixlə bağlıdır. Mən “Chanel” şirkəti ilə çalışmışam. Onun tarixini incələyəndə görürük ki, ilk butikini 1913-cü ildə açan brend hazırladığı geyimlərdə paltarların ətəklərini uzun edirdi. Bu, artıq bir növ onlara xas keyfiyyətə çevrilib.

“Chanel” şirkətinin yaradıcısı onda dizayner kimi çalışanda qadınların bir qədər sərbəst geyimlərə ehtiyacı olduğunu başa düşüb. O dövrdə qadınlar da çox fərqli geyimlərə üstünlük vermirdi. İlk olaraq, dövrə uyğun ətəklər qısaldı, pencəklər yumşaq parçalardan tikilməyə başlandı və maksimalist stili sıradan çıxardı. Bu, yeni bir rahatlıq idi.

Məsələn, “Dior” şirkəti. “Chanel” müharibə dövründə butikləri bağlayıb, ABŞ-a gedib. O dövrdə isə meydan boş olduğundan “Dior” şirkəti öz tərzini irəli sürməyə başlayıb. Ətəyi uzun, şişkin, geniş paltarları dəbə qaytarır. Müharibə dövründən sonra qadınlar kişi kimi geyinməkdən yorulur və özlərini rahat hiss edəcəkləri geyimlər axtarırlar. Bu məqam isə “Dior” üçün əlverişli fürsət oldu. O, dəbə ətəyi geniş, güllü geyimlər, pencəklər gətirdi.

Bu gün modanın tez-tez dəyişməsi isə yaradıcılıq, modelyerlik yox, sadəcə kapital, biznes məqsədi daşıyır. Bəzən almağa normal geyim belə tapmaqda çətinlik çəkirlər. Bundan başqa, paltarların qiymətinin qalxması, keyfiyyətinin isə bir o qədər düşməsi də acınacaqlı haldır. 2XX əsrdə olan paltarların modası, keyfiyyətini bu gün heç bir paltarda tapmaq olmur. Bahalı paltarlar hər zaman qorunur. Bəzən müştərilər 20-30 il əvvəl aldıqları paltarları gətirib ölçülərini kiçiltmək istəyirlər. O zaman biz o vaxtkı parçalarla, bu gün istehsal edilən parçalara baxırıq və fərqi hiss edirik.

- Bu yaxşıdır, yoxsa pis?

- Deyim ki, o qədər də yaxşı deyil. Alıcılıq qabiliyyətinin artması tez-tez süni dəyişiklikdir. İnsanlarda bunu izləmək üçün axına qoşulur. Həmin yeni çıxan paltarları alıb, dəbə ayaq uydursunlar. Amma keyfiyyət aşağı səviyyədədir.

- Bəzən geyim aksesuara və ya əksinə aksesuar geyimə uyğun olmadığından görüntü kirliliyi yaradır. Sizcə, hansı geyim hansı aksesuarlarla müşayiət olunmalıdır?

- Başlayaq klassik geyimlərdən. Sadə klassik ətək, üzərində köynək və pencək varsa, onunla kiçik dabanlı ayaqqabı, klassik gün eynəyi (mövsümə görə), kiçik incə gümüş aksesuarlardan, kiçik dəri çanta və mütləq incə kəmərli klassik saat olmalıdır. Klassik kombinlər heç vaxt dəbdən düşmür. Buna zamansız stildə olan geyim də deyə bilərik.

Xüsusilə üstünlük verilən qara rəngli geyimlərdir. Bir əsr bundan qabaq dəbdə olan geyimlərə diqqət etsəniz, görərsiz ki, qara geyimlər mirvari aksessuarlarla kombin edilir.

Zərli, bəzəkli geyimlər seçmisinizsə, ayaqqabı və ya çantanız bir rəng tonunda və çox sadə olmalıdır. Bu məqamların gözlənilməsi insanları olduqca zərif göstərə bilər.

- Al-əlvan rənglər necə?

- İnsanlar parlaq, necə deyərlər, “qışqıran” rəngli geyimlər seçən zaman aksesuarlardan maksimum az və ya heç istifadə etməməlidirlər. Çünki bu çox pis görünüş yaradır. Bahalı, incə, sadə zinət əşyası kifayət edər.

- Bəs zəriflik haradan başlayır?

- Zəriflik mənə görə geyim mədəniyyətidir. Düzgün və zövqlə seçilmiş geyimlər zərif görünüş verir.

- Bizə bu ilin dəbi barədə danışın. Xanımlar nələrə üstünlük verməlidir?

- Bu barədə çox geniş danışmaq olar. Əslində, bu ilin dəbi 80-ci illərin böyük ölçülü sviterləridir. Ümumiyyətlə, üst geyim olaraq nə alsanız, bədən ölçünüzdən bir-iki ölçü böyük almalısınız. İri ölçülü, çiyinli pencəklər, poliverlər dəbi məşğul edəcək. İlin ən dəbdə olan rəngi mərcan rəngidir. Bununla yanaşı, parlaq çəhrayı, ağ rənglər də öz aktuallığını qoruyub saxlayır.

Eyni zamanda, bu il də leopard printli geyimlər, süni xəzdən olan üst geyimləri yenidən dəbə qayıdır. Xaricdə insanlar heyvanların öldürülüb dərisindən istifadə etməyə pis baxırlar. Bunun üçün də dəbi sadəcə süni xəz dərilər vasitəsilə ayaqda tuturlar.

Amma nə qədər detallara baxsaq da, nəhayətində dəb insanın özünə yaraşanı geyinməsi ilə daha gözəl olur. Dəbi özününküləşdirməyi bacarmaq lazımdır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri