18 
Okt
2019
15:50
44
147
3639
Virtual karabakh

Beşinci sinifin nağılı

18 Okt, 2019
15:50
3639

Beşinci sinifin nağılı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Leyla Abdullayevanın anası Flora Mahmudova: “5-ci sinifdən atası onu məktəbdən çıxarıb oturtmuşdu evdə.  Onun müəllimlərindən, qonşularımdan soruşun ki, qızım necə pak qız olub”. 

27 yaşlı Leyla yeddi il evli olub. Ailə həyatında hər zaman şiddətə məruz qalıb. Və sonda həyat yoldaşı onu üç azyaşlı övladının gözü qarşısında 20 bıçaq zərbəsi ilə öldürüb. Həyatın sonu... 

Əsas məsələ: 

Ölənlə heç kim ölmür. Bağrı qan olsa belə, hamı yaşamağa davam edir. Elə Leylanın anası da, övladları da, onu qətlə yetirən həyat yoldaşı da. Anası müsahibəsində qeyd edir ki, uşağım ağıllı, namuslu biri olub. Atası onu beşinci sinifdən məktəbdən çıxarıb. Və bu qərar ailəsi, yaşadığı mühit üçün normal olub. Balaca hesablama aparsaq, görərik ki, bu hadisə 2003-cü ilə təsadüf edir. Yəni XX əsrin əvvəli deyil, XXI əsrin əvvəlinə. 

Ölkəmizdə ümumi orta təhsil icbaridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilib. 

Yəni hər bir məktəbyaşlı uşaq, qız və ya oğlan fərq etmir, doqquz illik məcburi təhsil almalıdır. Dövlət də bunu edir. Deyir, ay ana, ay ata, uşağı göndər məktəbə. Ana-ata da bəzən dövlətlə razı olmur. Elə bu gün də xeyli razı olmayanlar var ki, qız uşaqlarını erkən yaşda ərə vermək üçün məktəbə yox, mətbəxə yollayırlar. Üç-dörd ilə də qucağında gəlincik ərə verirlər kəndin yaxşı oğlanına. O da üç il, beş il yaşayır aldığı qızla, sonra ya atası evinə göndərir, ya da qəbir evinə. Buna da bir qayıb. 

Dərsə getmək rüsvayçılıqdır. Qonşular nə deyər? 

Bəli, elə indinin özündə də, qulağımızın dibində, Bakının kəndlərində xeyli qız uşaqları dərsə, məktəbə getmir. Ən yaxşı halda molla bacının yanına göndərərlər ki, iki salavat, bir Yasin öyrənsin. Sabah məclislərə gedib, ata-anasına dualar oxutdursun. Əsas bu dünya deyil, axirətdir deyib, qız övladlarını çox zaman ev dustağı edirlər. 

İnsanların beyninə hələ də İlahi işıq zühur etməyib ki, ay kişi, savad-bilik işıqdır, zülmət deyil. Qara çadraya bələyib, evdə oturtduğun qızının axırı elə ağ kəfən olacaq. Bir başını daşa çırp da ayıl. Qızına, oğluna savad, bilik ver. Sənət ver. Ərə verməyə həmişə vaxtın olacaq. 

İndinin özündə belə biz cəhalət və cahilliklə mübarizə aparmaq məcburiyyətindəyik.  Bəli, biz məcbur uşaqların məktəbə getməsi üçün bir işlər görməliyik. Evdə atası-anası tərəfindən şiddət görən balaca uşaqları qorumalıyıq.  

Çox təəssüf ki, qanunvericilikdə məktəbyaşlı uşaqların məktəbdən yayınmasını izləyən qurum, bunu həyata keçirəcək konkret göstəriş, mexanizm yoxdur. Çox vaxt da valideynlər uşağın bir məktəbdən digər məktəbə köçürülməsini bəhanə edərək, təhsildən yayınmasına nail olurlar.

Qanunveriliciklə isə uşağı tədrisdən yayındıran valideyn inzibati məsuliyyətə cəlb oluna bilər.

Bunun isə nə qədər effektiv olması barədə bir söz deyə bilmərəm. Görəsən, indiyə kimi hansı atanı uşağını məktəbdən ayırdığı üçün həbs ediblər? Ən azı, mən eşitməmişəm. 

Uzun sözün qısası, övladı, ən əsas da qız övladını “damazlıq heyvan” kimi bu dünyaya gətirənlərə səslənirəm. Oxuduğunuz Qurana and olsun ki, bir gün bədbəxt etdiyiniz, erkən nikaha zorla məcbur etdiyiniz qız uşaqlarının ahı sizi tutacaq. Elə bizi də.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri