Noy
2019
12:18
440
45
15415
Virtual karabakh

Mehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEO

6 Noy, 2019
12:18
15415

Mehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə yola salınıb. 

Qafqazinfo xəbər verir ki, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. 

Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib: 

“Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm. 

Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq. 

Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib: 

“Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik”.

Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva həyat yoldaşının müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib. 

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Bundan sonra, Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri