Noy
2019
17:21
24
3
1030
Virtual karabakh

Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi

8 Noy, 2019
17:21
1030

Yevlaxda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 

Mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib. 

V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi  var. Cənab Prezidentin göstərişi ilə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində müvafiq işlər aparılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. 

Nazir müavini reabilitasiya mərkəzinin bir çoxunda – Mərdəkan Müalicə Pansionatında, Protez Ortopedik Bərpa Mərkəzində, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt Regional Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri aparıldığını deyib. Bildirib ki, cari ilin sonuna qədər həmin müəssisələrin əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsi nəzərdə tutulub və onlardan artıq Yevlax şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin bu gün istifadəyə verilir.

O, dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndiriləcəyini də qeyd edib. Bu il Şəmkir və Qəbələ rayonlarında hər biri 50 çarpayılıq Uşaq Bərpa Mərkəzlərinin inşasına başlanmasının planlaşdırıldığını, növbəti illərdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini, yeni mərkəzlərin tikiləcəyini bildirib. 

V.Nəsirli Yevlax Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılmaqla yanaşı, mərkəzin yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edildiyini deyib. O qeyd edib ki, Mərkəzdə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada əlilliyi olan şəxslərin müalicə idmanına cəlb olunması, onlarda  gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər görüləcək, müasir və sınanmış metodika və texnologiyalardan da istifadə ediləcək. 

Bildirilib ki, yeni qurulan “Reabilitasiya” altsistemi bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə  aparılacaq.

A.Tağıyev əlilliyi olan şəxslər üçün belə bir müasir tələblərə uyğun reabilitasiya müəssisəsinin istifadəyə verilməsinin Prezidenti İlham Əliyev tərəfindən həssas qruplara, o  cümlədən əlilliyi olan şəxslərə göstərilən xüsusi qayğının bir təzahürü olduğunu vurğulayıb. O, dövlət başçısının sosial siyasətinin Yevlax rayonunda da uğurlu icrası sahəsində aparılan işləri qeyd edib.

İctimai təşkilatların nümayəndələri, əlilliyi olan şəxslər çıxış ediblər. Onlar ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulması sahəsində atılan mühüm addımlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edilib ki, müəssisədəki şəraitin əlilliyin olan şəxslərə müyəssərliyi də təmin edilib, burada fiziki məhdudiyyətli şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait mövcuddur.  
Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri