15 
Noy
2019
13:40
25
106
4349
Virtual karabakh

Çörək pulu

15 Noy, 2019
13:40
4349

Çörək pulu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Bu ilin yanvar ayının 1-dən başlayaraq, vergi orqanları iş prinsipini ciddi dəyişiblər. Məqsəd kölgə iqtisadiyyatının qarşısının alınmasıdır. Vergi qanunvericiliyinə dəyişikliklər edilib ki, sahibkarların işi asanlaşsın, həmçinin, vergi ödəməkdən qaçmasınlar. Gələn ilin 1 yanvarından isə yeni 156 dəyişiklik ediləcək, əsasən, bunlar kiçik biznes fəaliyyəti ilə məşğul olanlar üçündür.

Onu qeyd etməliyəm ki, Vergilər Nazirliyinin və onun strukturlarının işçilərinin sahibkarlara münasibəti çox dəyişib, həm də yaxşı tərəfə. İllər öncə olan söhbətlərdən heç iz qalmayıb.

Əvvəllər onlarla görüşlərdən sonra stres alırdınsa, artıq kömək alırsan. Bu da sevindirici haldır.

Mənim təcrübəmdə belə hallar çox olub. Belə görüşlərdən sonra stresi çıxarmaq üçün işdən sonra motosiklə minib, maksimal sürətdə idarə edirdim ki, adrenalinin hesabına stresi çıxarım. 

Son aylarda Bakı şəhər vergi idarələrində kiçik sahibkarlarla görüşlər və təlimlər keçirilir.

Onlara hesabatların onlayn olaraq təqdim olunması öyrədilir. Əlbəttə, hesabatları kiçik sahibkarlarla iş mərkəzində də təqdim etmək olar. Amma həmin dövrdə o qədər böyük növbələr olur ki, çox gözləmək məcburiyyətində qalırlar. Halbuki hesabatları çox sadəliklə və maksimum 10 dəqiqə ərzində internetdə e-taxes.gov.az sahifəsinə daxil olaraq vermək olar.

Bundan əlavə, sosial sığorta üzrə hesabatları da həmin saytda etmək mümkündür. Həm də çox asan.

Dünən aldığım məlumatlardan ən çox mənə maraqlı gələn dəyişiklərindən əsası - istehlakçı tərəfindən ƏDV-nin geri alınması olacaq. Bu da artıq əhalinin çeklərin tələb edilməsinə yol açacaq ki, ödənişlər rəsmiləşdirilsin. Bunun üçün müəssisələrdə onlayn kassalar yerləşdiriləcək.

Bu da kassa çeki vurularkən məlumat onlayn olaraq vergi nəzarət idarəsinə ötürüləcək. Onu da deyim ki, yeni alınan kassaların pulu ilin sonunda vergi güzəştlərinə düşəcək, yəni dəyərini vergi ödənişlərindən azaltmaq olacaq.

Bəs ƏDV necə geri alınacaq?

Bu çeklərin üzərində QR kod olacaq. Onun vasitəsilə hər kəs onun smartfondakı proqramla oxuyaraq məlumat ala biləcək. Ödəniş edələndən sonra, çekləri toplayıb banka təqdim edərək, ödənilmiş ƏDV-nin 10%-ni nağd və ya hesaba geri almaq mümkün olacaq. Köçürmə və POS-terminallar vasitəsilə olan ödənişlərdən isə geri ödəmə 15% nəzərdə tutulub.

Deyək ki, siz 10 min manat ödəniş etmisiniz. Onun 1550 manatı ƏDV-dir. Çeki banka təqdim edərək, nağd ödədiyiniz pulun 155 manatını, nağdsız olana isə 232,5 manatını geri alacaqsınız.

İlk zamanlarda bu, beş sahədə həyata keçiriləcək: avtomobil salonları, böyük mağazalar, ticarət mərkəzləri, şadlıq evləri və restoranlar. Bu məbləğlər ciddi geri ödəmələri almağa imkan yaradacaq ki, əhali çekləri tələb etsin. Bu da satışların nəzarətə götürülməsinə imkan verəcək və kölgə iqtisadiyyatını azaldacaq. 

Azaldacaq deyəndə ki, onun 100% qarşısının alınması, yəqin ki, çətin olacaq. Çünki bəzi sahibkarlar bundan qaçmağa çalışacaq ki, vergi ödəməsini azaltsın. Bu, dünyanın ən qabaqcıl dövlətlərində də baş verir. Amma onu deyə bilərəm ki, işini düzgün quraraq, vergi ödəmək şərtilə yetərli qədər pul qazanmaq olar. Həm də rəsmi şəkildə, gizlətmədən və risk etmədən.

Belə sahibkarlar aşkar edilərkən, onlar haqqında sərt tədbirlər görüləcək, böyük cərimələr təqdim ediləcək. Həmçinin, Vergilər Nazirliyinin veb saytında onların siyahısı yerləşdiriləcək.

Həm də onlar ciddi nəzarətdə saxlanılacaq, onlarla əməliyyat edənlər isə yoxlamalara məruz qalacaq.

Onu da qeyd edim ki, heç kim yeni bir şey düşünməyib. Artıq uzun illərdir ki, bu metodlar başqa ölkələrdə tətbiq olunur və real olaraq iqtisadiyyata təsir edir. Bunun bizim ölkədə tətbiqi də labüddür və artıq baş verir. Mən şəxsən buna çox sevinirəm. 

Kimlərsə tənqid edəcək ki, qoymurlar “çörək pulu” qazanaq. Rəsmi yolla işləyib, qazanmaq daha asandır. Mən uzun illər, həm də ən çətin vaxtlarda biznes fəaliyyəti ilə məşğul olarkən bunu arzulayırdım. Əgər iş düzgün və doğru qurularsa, daha çox gəlir əldə etmək mümkündür, həm də qorxmadan ki, yoxlama gələcək və gözləmədiyin məbləğdə “yükləyəcək”. Belə hallar biznesin inkşafının qabağını alırdı və gözləmədiyin risklərlə qarşılaşdırırdı.

Bir şeyi də başa düşmək lazımdır ki, dövlət qulluğunda olan şəxslərin maaşlarının yüksəlməsi büdcəyə daxil olan vergilərdən asılıdır. Dövlət qulluqçuları deyəndə, təhsil və tibb sahəsini, həmçinin, dövlət strukturlarında çalışan digər kiçik məmurları nəzərdə tuturam.

Yeri gəlmişkən, deyim ki, 1 yanvar 2020-ci ildən məcburi tibbi sığortanın da işləməsi başlanacaq. Bunun üçün müəssisələr və sahibkarlar illik ödənişlər edəcək. Məsələn, fərdi sahibkarlar üçün bir ilə 120 manat ödəniş olacaq. Bunun müqabilində il ərzində tibb müəssisələrində pulsuz xidmət olacaq. Həmçinin, tibb sahəsinin işçilərinin maaşlarının ciddi qalxması olacaq ki, artıq “hörmətə” ehtiyac qalmasın.

Əslində, 120 manat bu xidmət üçün o qədər yüksək məbləğ deyil. Düşünürəm ki, bununla yanaşı, səhiyyə hələ də dövlət büdcəsindən əlavə kompensasiya almaq məcburiyyətində qalacaq.

Bir sözlə, bizi gələn il yeniliklər gözləyir. Bir iqtisadçı kimi deyə bilərəm ki, yeniliklərin hamısı təqdirəlayiqdir, çox geciksə də, artıq baş verir. Bir müddətdən sonra “vergini ödə, rahat yat” ifadəsi yerinə düşəcək. Sizi bilmirəm, amma bu reformlar məni sevindirir. Hələ bunlar digər strukturlara də tətbiq edilsə…

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri