21 
Noy
2019
12:27
118
16
5660
Virtual karabakh

Əngəllər əngəl deyil: Bakının ən fərqli kafesindən - REPORTAJ

21 Noy, 2019
12:27
5660

Əngəllər əngəl deyil: Bakının ən fərqli kafesindən - REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəmiyyətimiz uşaqlara daun, autizm diaqnozunun qoyulmasına faciə kimi baxır. Lakin bu, heç də belə deyil. Onlar xəstəliyin aşkarlanma mərhələsindən asılı olaraq, müalicəyə müsbət cavab verə bilirlər.

Problemin müalicəsinə nə qədər erkən başlanılsa, nəticə də bir o qədər yaxşı olur. Dünya ölkələrində mütəxəssislər autizm sindromunun yaranma səbəblərini, əlamətlərini və müalicəsini geniş miqyasda araşdırsalar da, heç bir dolğun məlumat əldə edə bilmirlər.

Biz isə cəmiyyətdə autizmli uşaqlarla bağlı mövcud fikrin ilbəil müsbət istiqamətdə dəyişməsinə sevinirik. Bu gün onların cəmiyyətdə özlərini rahat hiss etməsi, özünəinamlarının formalaşması üçün gözəl məkanları var.

“Birgə və sağlam” Autizmlə Mübarizə İctimai Birliyinin nəzdində yaradılan kiçik, şirin kafe onların dünyasının bir hissəsidir. Bu dəfə yolumuz “Kaşalata” kafeyədir. Niyə “Kaşalata”, bu barədə bir azdan...

Oxu.Az “Birgə və sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən, Bakıdakı autizm sindromlu uşaqların işlədiyi yeganə kafedən hazırladığı reportajı təqdim edir:

Kafe ensiz iki küçənin arasında yerləşən binadadır. İçəriyə daxil olan zaman sizi gülərüz uşaqlar qarşılayır. Kafe sanki uşaqlığımızın möcüzəvi məkanıdır.

Heç gözləmədiyimiz anda uşaqlardan biri qapını açdı və yaxınlaşıb bizimlə hal-əhval tutdu:

“Salam! Necəsiniz? Xoş gəlmisiniz. Keçin, dayanmayın qapıda, içəri gəlin! Mən siz qulluq edərəm. Buyurun, keçin!”

O, bizi pilləkənlərlə yuxarıya, kafeyə doğru apardı. Kiçik otaqlardan biri kafedir. Qapını açır, içəriyə daxil olur və daha sonra bizi dəvət edir. Bir neçə dairəvi masa, üzərində güllər, yanında ağ stullar insanı sanki öz evindəki kimi rahat hiss etdirir. Otağın ağ divarlarından asılan rəngarəng rəsmlər, təmiz mətbəx guşəsi, kiçik fincanlar və nəhayət, o gülərüz, mehriban, göy önlüklü ofisiantlar.

Bildirək ki, divarda asılan rəsmlərin hamısını mərkəzdəki autizmli uşaqlar çəkib. 

Nəhayət, bizi qarşılayan autizmli dostumuzun adının Kənan olduğunu öyrənirik. 

Kənanın 21 yaşı var, o, orta dərəcəli autizm sindromludur. Onun özündən böyük qardaşı var. Evdə qardaşı, burada isə öz yoldaşları ilə çox mehriban davranır.

Bizdən sifarişləri götürməsə, müsahibəmizə başlaya bilməyəcəyimizi anladığımızdan iki kofe, iki qara və iki yaşıl çay sifariş edirik.

Kənan bizim sifarişlərimizi qeyd edir və bir neçə dəqiqə sonra hazır olacağını deyir. Kənan sentyabr ayından burada işləyir. Kafenin işçiləri yalnız ofisiantlıq etmir, müştəri olmayanda kafenin səliqəsi, təmizliyi ilə məşğul olurlar. Onlar şirniyyat bişirə, sendviç hazırlaya bilirlər.

Bu gözəl məkanın yaranmasına səbəb isə “Birgə və sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovadır. Mərkəzin əsas məqsədi autizm sindromlu uşaqların reabilitasiyasına və onların ailəsinə kömək olmaqdır.

Mərkəz 2013-cü ildən bu günə qədər autizm sindromu ilə bağlı bir çox yerli və beynəlxalq layihələrə imza atıb.

Aytən Eynalova zaman keçdikcə autizm sindromlu uşaqlara qarşı cəmiyyətin qəribə münasibətinin dəyişdiyini deyir:

“Biz bu istiqamətdə çox böyük yol qət etmişik. Autizm sindromlu övladım var. Bu istiqamətdə layihələrə məhz öz övladım üzərindən başlamışam və bütün autizm sindromlu uşaqlar bizim öz övadımız kimidir. Əvvəllər Türkiyədə yaşamışıq. Daha sonra Azərbaycana köçmüşük. Burada mənə çox çətin olub.

İnsanlar bu sindromdan məlumatsız idilər. Yolda gedərkən övladım ağlayanda və ya hər hansı şəkildə yüksək səslər çıxardıqda kənardan buna çox kəskin reaksiya verirdilər. Hətta elə vaxtlar olub ki, oğlumun narahatlığı, yüksək səslə ağladığı üçün taksidən düşmək məcburiyyətində qalmışam.

Amma artıq cəmiyyətdə bu yanaşma dəyişib. Çox sevinirəm ki, gördüyümüz maarifləndirici işlər öz nəticəsini verir. Bu gördüyünüz kafenin yanvar ayında iki yaşı tamam olacaq. Mərkəzimizə müraciət edən uşaqlarımızın reabilitasiya prosesi də uğurlu gedir. Hər yaşda uşaqlar olduğu üçün biz onların hər birinə uyğun proqram hazırlayırıq. Artıq onlarla çox mehriban olmuşuq, burada bir ailə kimiyik”.

Biz söhbət etdiyimiz müddətdə yan masada gözlərinin içi gülən bir oğlan rəngli muncuqları çox böyük zövqlə ipə düzürdü. Qırmızı rəngə üstünlük verdiyindən belə başa düşürük ki, bu, onun ən sevdiyi rəngdir.

Çox keçmir ki, bizim ona baxdığımızı görüb, bizimlə ünsiyyətə can atır. İlk sözü bu olur:

“Mən böyüyəndə aparıcı olacam, sizin kimi”.

Adı Fərmandır. 21 yaşı var. Evin ən kiçik uşağı olan Fərman iki ildir ki, “Kaşalata” kafenin ofisiantı və autizm sindromlu uşaqların reabilitasiya mərkəzinin üzvüdür.

Fərman normadan artıq danışdığı üçün bəzən onu ünsiyyətdən yayındırmaq məqsədilə suallarını cavabsız qoyurlar.

Fərmanın valideyni orada olmasa da, Kənanın anası işlərini qrafikə uyğunlaşdıraraq, onun yanında olur. Aytən xanım deyir ki, valideynlərin uşaqlara dəstək verməsi onlar üçün çox önəmlidir:

“Autizmin bir çox növləri və dərəcələri olur. Kənana həkimlər daha yüngül dərəcəli autizm diaqnozu qoyublar. Fərmanın da, Kənanın da çox gözəl bacarıqları var. Kənan pianoda gözəl ifa edə bilir, Fərman isə əl işlərinə meyillidir”.

Kənan onunla bağlı danışdığımızı eşidir və bizə pianoda bir musiqi ifa etmək istədiyini deyir. Onun istəyini gerçəkləşdirməmək olarmı? Yubanmadan musiqi otağına gedib Kənanın ifasını dinləyirik:

O qədər gözəl ifa edir ki... Doğrudan da, insanın içdən gələn bacarığı, qabiliyyəti istənilən şəraitdə özünü büruzə verə bilir. İfanın sonunda onun üzündə yaranan təbəssüm, gözlərinin parıltısı isə nəyə desən, dəyər...

Kənana təşəkkür edib, “Kaşalata” kafeyə geri dönürük.

Autizm sindromlu uşaqlar gündəlik qrafik üzrə hər gördüyü uğurlu işə görə xal qazanırlar ki, bu da onları həvəsləndirir. Qazandıqları xallara görə isə istədikləri əyləncə növünü seçə bilərlər. Məsələn, telefonda musiqi dinləmək, videoya baxmaq, oyun oynamaq, idman etmk, ox atmaq, tennis oynamaq. Bu istəklərə isə yalnız iki dəqiqə müddət ayrılır. Həmin dəqiqə xüsusi zəngli saatda qeyd olunur. Vaxtın tamamında zəngin səsi ilə uşaqlar özləri müəllimlərinə yaxınlaşırlar.

“Bəzən deyirlər ki, bu nədir, belə uşaq olar? Bu cür yanaşmaq doğru deyil. Hər kəs bu gün mükəmməl bacardığı işi ardıcıllıqla, mərhələ ilə öyrənib. Biz burada uşaqlara hər şeyi ardıcıllıqla etməyi öyrədirik. Onlar da buna hər gün əməl edirlər. Divarda qrafik asılır və hər kəsin gündəlik görməli olduğu iş planı orada yazılır. Hətta bir dəfə sosial eksperiment kimi məhşur restoranlardan birində uşaqlarımız ofisiant kimi bir neçə saat işləyib.

Amma heç kim onların autizm sindromlu olduğunu bilməyib. Daha sonra biz broşürlər payladıq və onlar başa düşdü ki, bir neçə saat onlara xidmət göstərən gənclər, əslində, autizm sindromludurlar”, - deyə A.Eynalova qeyd edib.

Onların reabilitasiya prosesində istifadə etdiyimiz metodlar həm uşaqların özünə xidmət etməyi öyrənməsinə, həm də gələcəkdə hansısa peşə üzrə bacarıqlardan yararlanmasına xidmət edir.

A.Eynalova əvvəllər Azərbaycanda əlilliyi olan gənclər üçün peşə məktəblərinin olduğunu bildirir və təəssüflə qeyd edir ki, bu gün imkanların daha məhduddur:

“Həmin peşə məktəblərində uşaqlar müxtəlif əl işlərinin hazırlanmasını, dərziliyi, aşpazlığı və digər peşələri öyrənirdilər. Onların özlərinə inanmaları üçün qazanclarının olması çox vacibdir. “Birgə və sağlam” Autizmlə Mübarizə İctimai Birliyi ilk olaraq bu məqsədləri yerinə yetirir. Yaxın gələcəklə bağlı planlarımız böyükdür. Ümid edirik ki, yavaş-yavaş bu mərkəzimizi genişləndirəcəyik və “Kaşalata” kafemizi daha da böyüdəcəyik”.

Niyə məhz “Kaşalata” kafe deyə düşünürəm. Aytən xanım sanki bunu hiss edərək yubanmadan cavablandırır:

“Həmzə uşaq olanda bütün yeməklərə kaşalata deyirdi”.

“Biz Türkiyədə yaşayanda mütəxəssislər uşaqla yalnız bir dildə danışmalı olduğumuzu deyirdi. Həmzə türk dilində ünsiyyət qurmağa başladı. O, salatları çox sevirdi və salatı çəngəllə deyil, qaşıqla yeyirdi. Bir müddət sonra artıq yediyi bütün yeməklərə salat və qaşıq sözünü birləşdirərək, “Kaşalata” deməyə başladı. Bu söz mənim çox xoşuma gəldiyi üçün gələcəkdə restoran açanda onu belə adlandırmağa qərar verdim. Bu kafenin adını da məhz ona görə “Kaşalata” qoymuşuq.

Kafemiz çox kiçikdir və məhdud sayda xidmətlər göstərir. Müştərilərimiz isə sizin kimi dostlar, yoldaşların məsləhəti ilə bura gələn insanlar olur. Müxtəlif ictimai təşkilatlar, tələbələr, bloqerlər, jurnalistlər, uşaqları görmək istəyən insanlar, valideynlər məlumat toplayaraq buraya üz tutur”.

Azərbaycanda 2015-ci ildən etibarən autizm sindromu diaqnoz olaraq əlilliyin təsnifatı siyahısına daxil edilib. Əvvəllər autizm əlamətləri olan insanlara “əqli geriləmə”, “inkişaf ləngiməsi”, “debil” kimi diaqnozlar qoyulurdu ki, bu onlara və valideynlərinə qarşı ikinci bir zərbə idi.

Lakin bu gün artıq cəmiyyət autizm sindromu barədə məlumatlıdır. Eləcə də, tibbdə bu sindromun adı və növü dəqiq təyin edilə bilir. Autizm sindromlu uşaqların 20-25 faizinin əqli geriliyi olur. Kiçik yaşlardan reabilitasiyaya başlanıldıqda o uşaqları cəmiyyətə qazandırmaq mümkündür.

Mərkəzdə uşaqlarla loqoped və psixoloqlar da çalışır. Müxtəlif terapiya üsulları tətbiq edilir.

Aytən Eynalova “Kaşalata” kafenin sırf gəlir məqsədilə fəaliyyət göstərmədiyini xüsusi vurğulayır:

“Bu kafeni açmaqda məqsədimiz uşaqlar üçün kiçik də olsa, sosial mühit yaratmaq, onların cəmiyyətdən kənarda qalmamasını təmin etməkdir. Onlar özlərini sizə, bizə olduqları kimi, fərqlilikləri ilə bərabər qəbul etdirməyə cəhd edirlər. Uşaqlarımız burada əldə etdikləri təcrübə və bilikləri ilə gələcəkdə hansısa bir kafe və restoranda işləyə biləcəklər. Bu, onlar üçün bir vərdiş halını alır”.

Kafedə və mərkəzin otaqlarında təhlükəsizlik kameraları var. Aytən xaım deyir ki, uçaqlar bəzən bir-birinə sataşıb oynayırlar. Deyir ki, onlar bir-birinə sataşanda çox sevinir:

“Bizim əsas problemimiz sərbəst söhbətin olmamasıdır. Mən hərdən kameralardan onların bir-birinə sataşdığını görürəm. Bu, bir reaksiyadır. İnanmazsınız, bu, məni necə sevindirir. Biz özümüz də onlara kiçik söz qəlibləri öyrədirik. Bir gün sadəcə “necəsən?” sualını cavablandırırlar, sabah “gün ərzində nə yedin?”, “nə ilə məşğul oldun?” kimi kiçik artımlar edirik. Bu isə nəticədə dialoqların yaranmasına təkan verir.

Tanınmış sənətkarlar, dövlət adamları, həkimlər, sadə insanlar belə bizə dəstək olub. Müraciət edilən şirkətlər Birliyin təkliflərinə müsbət cavablar verib”.

İdman zalında oynayan bu balaca isə Uğurdur. Onunla danışmaq istəsək də, başı oynamağa o qədər qarışmışdı ki, narahat etmək istəmədik.

A.Eynalova deyir ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində Autizm sindromlu gənclər üçün festival keçirilib və festivalda tanınmış incəsənət adamları iştirak edib:

“Həmin festivalda biz Xalq artisti Tünzalə Ağayevanı Autizm səfiri olaraq seçdik. Bilmirəm, bu barədə kiminsə məlumatı var, yoxsa yox, onun ifa etdiyi “Fərqliyəm” mahnısı məhz autizm sindromlu uşaqlar üçün yazılıb. Tünzalə xanım bizə, həqiqətən, çox dəstək olub”.

Növbəti qəhrəmanımız isə 12 yaşlı Selcandır. Selcan vaxtının çoxunu idman zalında keçirməyi sevir. Müəllimləri onun riyazi biliklərinin kifayət qədər yaxşı olduğunu deyir.

Bu uşaqlar mərkəzə müraciət edən fidanların çox kiçik bir hissəsidir. Onlar bir-birini çox yaxşı başa düşür. Bu gün onların özünəməxsus maraqlı, sakit və bir o qədər də təmiz dünyası var. Amma ümid edirik ki, bir gün bu saf, təmiz ürəkli uşaqlar rahatlıqla böyük dünyaya addım ataraq, sərbəst şəkildə bizimlə də ünsiyyət qurub, yoldaşlıq edəcəklər.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri