19 
Noy
2019
17:24
30
130
5509
Virtual karabakh

İTV-nin “Yeraltı” verilişinin aparıcısı: Vaqonda çoxlu sərnişin var idi, biz isə oxuyub-oynayırdıq

19 Noy, 2019
17:24
5509

İTV-nin “Yeraltı” verilişinin aparıcısı: Vaqonda çoxlu sərnişin var idi, biz isə oxuyub-oynayırdıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İctimai kanalı (İTV) göz önündə dəyişir. Bu telekanalın verilişini izləyənlər müsbət tərəfə dəyişiklikləri görməyə bilməzlər. Yeni simalar, yeni layihələr, yeni istiqamətlər… Məsələn, “Yeraltı” verilişinin yaradıcıları özlərinin qeyri-adi layihəsinə artıq diqqət çəkə biliblər. Sosial şəbəkə istifadəçiləri verilişi aktiv şəkildə müzakirə edirlər.

Media.az “Yeraltı”nın aparıcısı Fidan Cəfərova ilə söhbət edib.

- Qısaca veriliş haqqında danışın. Nə barədədir?

- “Yeraltı”nın əsas hədəflərindən biri şoudan uzaq çıxış edərək, müasir incəsənət tarixini yaradan uşaqlar barədə danışmaqdır. Bütün bu submədəniyyət ilk baxışda bəzilərində hətta qorxu yarada bilər, mental olaraq itələyə bilər.

Yeniyetmələrin valideynləri bu submədəniyyətdə öz uşaqlarının hələ formalaşmamış düşüncələrinə təhlükə görərək, buna çəkinərək yanaşa bilərlər. Məsələn, çoxları bilmir ki, baykerlər, hip-hoperlər, rokerlər, küçə rəssamları və başqaları - narkoman deyillər, əksinə, gündüzlər oxuyan və işləyən, axşamlar isə özlərini ifadə etmə azadlıqları ilə dincələn, meynstrimə qarşı çıxış edən gənc oğlan və qızlardır; onların deməyə, oxumağa və göstərməyə nələrisə var.

İlk mövsümdə veriliş ayda bir dəfə konsert və bətl formatında verilirdi. Efir vaxtı stabil deyildi. Lakin layihə müsbət tamaşaçı dəyəri aldı, mövsüm bitəndə telekanalın rəhbərliyi onun formatını genişləndirmək və efir vaxtını artırmaq qərarına gəldi.

Hazırda ayda dörd buraxılışımız olur. Layihə özündə dörd müxtəlif formatı birləşdirir və onların hər biri ayda bir dəfə efirə verilir.

“Yeraltı: söhbət var” - bu “yeraltı” mühitindən qonaqlarla, aktual mövzular və cəmiyyətdəki problemlər barədə açıq danışıqlarla studiya tok-şousudur.

“Yeraltı: metro” - bu nəsillərin toqquşmasıdır. Hər buraxılışda bir media üzü mənimlə metroya düşür və orda “yeraltı” mühitindən uşaqlar bizə qoşulur. Bir saat ərzində biz həyata baxışlar barədə müzakirələr aparır, müəyyən hadisələri müzakirə edirik.

“Yeraltı: live”  - bu canlı studiya və outdoor konsertlərdir. Bu hissədə biz solo, hip-hop, rok konsertlər çəkir və göstəririk, alternativ musiqinin daha parlaq nümayəndələrinin albomlarını təqdim edirik.

“Yeraltı: battle” - bu iki hip-hop artistinin qarşıdurmasına həsr olunan buraxılışdır. Bu hissədə qarşıdurmanın həyata keçirildiyi dairəvi səhnəni əhatə edən tamaşaçılar fəal iştirak edir. Onların reaksiyası və alqışları  - düzgün bəttl atmosferini yaratmaq üçün ən vacib amildir.

- Verilişinizin reytinqi necədir? Sizin üçün rəqəmlər önəmlidirmi, yoxsa bütün bunların sizin üçün əhəmiyyəti yoxdur?

- Reytinq cədvəli hər dəfə dəyişir. Şəxsən mənim üçün internet baxışları göstəricidir. İnternetdə  verilişə baxmaq, şərhlərdə öz fikrini bildirmək üçün imkan var. “Yeraltı”nın sosial şəbəkə vasitəsilə aldığı reaksiya – bu submədəniyyətin tamaşaçılar üçün maraqlı olduğunun göstəricisidir.

- Azərbaycan gəncliyi üçün maraqlı kontent yaratmaq nə dərəcədə çətindir?

- Layihə göstərdi ki, müasir musiqinin və incəsənətə marağın öldüyü barədə söz-söhbətlər  həqiqəti əks etdirmir. Paytaxtda nəinki başqalarının mahnılarını təkrar oxuyan, həm də özləri də çox maraqlı musiqi yazan və ifa edən bir çox maraqlı uşaqlar, həmçinin, qruplar var.

- Metro vaqonlarında çəkiliş aparmağa başladığınız ilk anların təəssüratlarından danışın. Bu, texniki olaraq nə dərəcədə çətindir?

- Əvvəl biz metropolitenin rəhbərliyi ilə danışıqlar apardıq, sonra sınaqlara başladıq, çünki  Azərbaycan televiziyasında belə təcrübə yox idi. Texniki həll yolları axtarmağa başladıq.

Məsələn, biz radiomikrofondan imtina elədik, çünki onu test edəndə tuneldə o audiocığırı rədd etdiyini anladıq. Qısaca, biz problemi tapırdıq, sonra qayıdıb, onun həllini axtarırdıq və yenidən sınayırdıq. Bəzən biz dalana dirənirdik və çox məyus halda qayıdırdıq. Lakin təslim olmadığımız və ideyanı həyata keçirdiyimiz üçün şadam.

- Sizin Dədə Baba qrupunun albomunun təqdimatı ilə bağlı verilişinizi xatırlayıram. Hesab edirəm ki, bizim şəhərin andeqraund həyatında bu çox nadir haldır.

- Azrok barədə danışsaq, bəli, sizinlə razıyam, çox nadir haldır. Düşünürəm ki, formalaşmaq üçün onlara vaxt və çox zəhmət lazımdır.

- Metro istifadəçiləri sizin verilişinizə necə reaksiya göstərir?

- Metroda müxtəlif reaksiyalara şahid olmuşuq. Vaqonda çoxlu sərnişin var idi, biz isə oxuyub-oynayırdıq. Kimlərsə bunu aqressiya ilə qarşıladı. Biz qeyri-standart görünə bilərik, ancaq düşünürəm ki, bu vaxt məsələsidir. Yenilik çox vaxt aqressiya ilə qarşılanır. Kim bilir, bəlkə, zamanla onlar bizim tamaşaçılar olacaqlar?

Submədəniyyətə gəldikdə, regionda onlar paytaxtdakı qədər aktiv deyil, amma var. 

- Andeqraund andeqraund olaraq qalmalıdırmı? Axı o, meyntstrim olan kimi xüsusi olmaqdan çıxır. Bu barədə nə düşünürsünüz?

- Alternativ musiqi istər internetdə olsun, istərsə də televiziyada, hər bir halda özəl bir şey olaraq qalır, çünki ənənəvi stereotiplər və çərçivələr onda yoxdur.

- Sizin çəkilişlərə necə düşmək olar?

- Çox asan. Çəkilişlərin çox hissəsi ictimaiyyətin iştirakı ilə həyata keçirilir. Məsələn, biz bəttl  və ya canlı konsert çəkiriksə, bu barədə sosial şəbəkələrdə əvvəlcədən elan edirik. Bu, metro çəkilişlərinə də aiddir. Onlar pik saatında həyata keçiririk, sərnişinlər söhbətlərə qoşula bilərlər.

- Çəkiliş olmayan zamanlarda sizə küçələrdə necə yanaşırlar, sizi tanıyırlar?

- İlk mövsüm başa çatanda, məni artıq andeqraundun artistləri və onları dinləyənlər tanıyırdı. Bəziləri danışmaq, ya şəkil çəkdirmək üçün yaxınlaşır, ancaq bizi tənqid edənlər də var.

Bu yaxınlarda aydın oldu ki, bizim publika təkcə alternativ musiqi dinləyicilərindən ibarət deyil. Məsələn, “Yeraltı”nın  buraxılışından sonra metroda mənə orta yaşlı bir kişi yaxınlaşdı, yanında ailəsi də var idi.

Dedi ki, bizim bir verilişimizi belə buraxmayan qızının sayəsində məni tanıyır və bizim toxunduğumuz məsələlərdən biri barədə öz fikrini bölüşdü. Mən hər kəsi diqqətlə dinləyir, bütün tənqidlərə maksimum hörmətlə yanaşır, eyni zamanda, öz fikrimdə qalıram.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri