20 
Noy
2019
17:47
69
67
5682
Virtual karabakh

Azərbaycanda “E-Sport”un inkişafı ilə bağlı geniş layihəyə start verilib - FOTO / VİDEO

20 Noy, 2019
17:47
5682

Azərbaycanda “E-Sport”un inkişafı ilə bağlı geniş layihəyə start verilib - FOTO / VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kompüter oyunları müasir dövrdə bir sıra gənclərin həyatının ayrılmaz hissələrindən biridir. 

Məktəblilər, tələbələr, hətta daimi işi olan orta yaşlı, ailəli insanlar belə evə gəlib FİFA-da sevimli komandası ilə mübarizə aparmaq, bir neçə “tank” döyüşü keçmək, məşhur Counter-Strike oyununda rəqibləri cəzalandırmaq və ya Dota.2-də reytinq qazanaraq ümumdünya istedadlar cədvəlində yüksəlməyi sevirlər.

Oyun oynamaq artıq çoxdan uşaq əyləncəsi yox, milyonlarla gəlir gətirən sənaye, idmandır. Məsələn, ABŞ-da bəzi oyunların mükafat fondu on milyonlarla dollara çata bilir. Dota.2 üzrə “The İnternational” turniri bir neçə dəfə ödəmələr üzrə rekord qırıb. 2019-cu ilin avqustunda 34 milyon dollar mükafat oynanılıb.
 
Kompüter və ya elektron idman da adlandırılan “E-Sport”, videoyunlar əsasında təşkil olunan fərdi, komanda oyunudur. Bəzi ölkələrdə idman növü də sayılır. Asiyada onun xüsusi nüfuzu var. Çin və Koreyada “E-Sport”un inkişafı üzrə dövlət proqramları mövcuddur.

Bütün “E-Sport” istiqamətləri məkan, model, oyun tapşırıqları və kiberidmançıların oyun bacarığının inkişafına görə bir neçə əsas siniflərə bölünür: əsas qəhrəmanı olan silah oyunları, real zaman strategiyaları, avto və avia simulyatorlar, taktiki-strategiya elementləri olan rollu komanda oyunları.

“E-Sport”un dünyada aparıcı istiqamətləri kimi FİFA, DOTA 2, Counter Strike: Global Offensive, League of Legends, Starcraft 2 oyunlarını qeyd etmək olar.

Azərbaycan Kiberidman Federasiyası (AzKİF) 2006-cı ildən müvafiq istiqamətlər üzrə turnirlər təşkil edir. Ölkədə oyunçuların sayı gündən-günə artır. Onların arasında düzgün hazırlıq sayəsində yaxşı nəticələr qazanıb dünya səviyyəsinə çıxmaq imkanı olanlar var.

Cari ilin oktyabr ayında AzKİF və Gənclər və İdman Nazirliyi tərəfindən 11-15 dekabrda Seulda baş tutacaq IeSF-2019 dünya çempionatının növbəti seçmə mərhələsi təşkil olunub. Bakıda keçirilmiş seçmə mərhələnin mükafat fondu 10 min manatdan yüksək idi. Qaliblər Azərbaycanı təmsil etmək üçün Koreyaya göndəriləcək.

Qeyd etmək istərdik ki, Azərbaycan 2011-ci ildən Beynəlxalq Kiberidman Federasiyasının (International Esports Federation) tamhüquqlu üzvüdür. Artıq 2014-cü ildə kompüter oyunları üzrə 6-cı dünya çempionatının Bakıda təşkil olunması qərara alınmışdı. Həmin vaxt Azərbaycanın Gənclər və İdman Nazirliyində Byunq Hun Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə nazir Azar Rəhimov və AzKİF -in prezidenti Ramil Əliyev arasında görüş baş tutmuşdur. Görüş zamanı Ramil Əliyev vurğuladı ki, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar, sürətli iqtisadi inkişaf və infrastrukturun yaxşılaşdırılması sayəsində kiberidman sahəsində nəzərəçarpan irəliləyiş müşahidə olunmaqdadır. 2014-cü il Bakı Crystall Hall-da keçirilən dünya çempionatında 33 ölkədən 250-dən çox təmsilçi qüvvəsini sınamışdır. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edirdi. Bu, həmin dövrdə IeSF çempionatları üçün ən böyük mükafat fondu idi.

“E-Sport”un Azərbaycanda dinamik inkişafı ilə əlaqədar ölkədə bu təmayülə dəstək üçün daha bir böyük layihə - Gaming League Azerbaijan (GLA) start götürür. Bu il yaradılan GLA-nın mənzil-qərargahı artıq müasir avadanlıqlarla 100 super kompüter və 10 Playstation 4 konsolunun quraşdırıldığı Nizami Kino Mərkəzinin 5-ci mərtəbəsində olacaq. Təntənəli açılış mərasimi dekabr ayının əvvəlinə planlşdırılır. Arenanın qapıları videooyunlar industriyasını sevən hər kəsin - peşəkar və həvəskarların üzünə açıq olacaq. Bu illər ərzində “E-Sports” istiqamətini dəstəkləyən Kino Mərkəzi rəhbərliyinin misilsiz köməyini də unutmaq olmaz.

Bu il GLA Bakıda FİFA, Dota 2, Counter-Strike və digər oyunlar üzrə bir neçə müsabiqə təşkil etməyə imkan tapıb. Onların arasında müvafiq strukturların dəstəyi ilə keçirilən FİFA üzrə lokal liqa, Dota 2 və Counter-Strike daha uğurlu alınıb.

Layihə çərçivəsində GLA gənc oyunçuların potensialını artırmaq, onların ustalığını cilalamaq istəyini stimullaşdırmaq, eləcə də, Azərbaycanda ilk dəfə olaraq oyunçulara məvacib ödəməyi planlaşdırılır. Çoxsaylı turnirlər, mərasimlər, gecələr olacaq, komandalarla məşqçi və sponsorlar arasında frontal münasibətlər qurulmasına cəhd göstəriləcək. Son illərdə multiqeymer təşkilatına çevrilmiş “Fire Nation” milli komandası layihəyə artıq cəlb olunub. Onlar ölkəni müxtəlif “E-Sport” tədbirlərində təmsil edəcəklər.

Nizami E-Sports Arena-nın təntənəli açlışından sonra GLA FİFA, Dota 2, Counter-Strike kimi populyar istiqamətlər üzrə peşəkar liqalar təşkil edəcək və öz istedadını nümayiş etdirərək “E-Sport” dünyasının fəth etmək istəyən hər kəsi burada iştiraka dəvət edəcək. Yaxşı nəticələr göstərən oyunçular komandalara cəlb olunacaqlar, onlarla müqavilə imzalanacaq və məvacib ödəniləcək.

Maraqlanan oyunçular və əməkdaşlıq üçün [email protected] mail ünvanı vasitəsilə əlaqə saxlaya bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri