21 
Noy
2019
13:17
26
185
4215
Virtual karabakh

Pornoqrafiyanın kəşfi – Azadlıq ruhun monopoliyasından çıxdı

21 Noy, 2019
13:17
4215

Pornoqrafiyanın kəşfi – Azadlıq ruhun monopoliyasından çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Hissin əxlaqı və ağlın əxlaqı. Bu, bir Şərq-Qərb sərhədidir ki, Qərbdə müdrik “inəklərin” “mədəniyyətlərin toqquşması” dediyi şeyin ana səbəbi bu sərhəddən başlayır. Filosofların bir çoxu izah edib ki, insan həyatının məqsədi xoşbəxt olmaqdır. Qədim yunanlar isə deyirdilər ki, həyatın məqsədi xoşbəxt olmaq yox, “eudaimonia”dır. Dilimizə tərcümədə “eudaimonia” “doymaq” sözünə uyğun gəlir ki, bu da günümzdə el dilində çox işlənən “yeyib-doyub” ifadəsinin mənasından daha geniş bir mənanı əhatə edir. “Eudaimonia”da söhbət qarqantualıqdan və pantaqurellikdən getmir. Fiziki doyma deyil bu. 

“Eudaimonia”nın xoşbəxtlikdən fərqi və daha geniş mənalı olması təkcə insana zövq və həzz verən duyğuların deyil, eyni zamanda bizə əzab, qüssə verən emosiyaların da “insanın doymasında” faydası olduğunu ifadə etməsidir.

Yəni yalnız həzzin qəbulu xoşbəxtlikdir, həzzin və əzabın birlikdə qəbulu isə “eudaimonia”dır. Məsələn, Molla Pənah Vaqifin yaradıcılığı “eudaimonia”dır. İnsan yalnız həzzi və əzabı birlikdə yaşadıqda doymuş olur ki, bu da onu kamil bir varlığa çevirə bilər. 

Şərq ta bineyi-qədimdən hissi-emosional, ruhani xoşbəxlik axtarışında olduğu üçün əxlaqa həmişə öz hisslərinə nəzarət edən, onu zövq və həzz olmaqdan uzaqlaşıb düşkünlüyə və azğınlığa çevrilməyə qoymayan bir əlyəc pedalı kimi baxıb.

Yaponları çıxmaq şərti ilə yerdə qalan bütün Şərq xalqları “eudaimonia”nı xoşbəxtlik hesab etməyiblər, xoşbəxtlik yalnız həzz verən hisslərin adı olub. Ya da Füzuli kimi ancaq psixopatcasına bəla, dərd arzulayıblar. Yalnız yaponlar həzzlə əzabın o müdhiş tamını, türklər demiş, “kvamına” əldə edə biliblər.

Sadiq oxucularımızın yadında olar, “Servantesi güldürən, Füzulini ağladan əhvalat” adlı yazımızda yazırdıq ki, Şərq mədəniyyəti çəkdiyi işgəncəni əzab kimi anladığı üçün yumor hissi molla nəsrəddinçilikdən, bektaşi lətifələrində uzağa gedə bilmədi və karikaturalaşmaqdan, öz eyiblərini görməkdən imtina etdi, makiyajlı şəkillərinin çəkilməsini istədi. 

Əxlaq da bu istəyin xidmətçisi oldu; bizi gizlə! Hisslərimizi gizlə! Sevgimizi gizlə! Kinimizi gizlə! Özümüzü gizlə! Sən bizi gizlədiyin müddətdə biz sənə əxlaq deyəcəyik. Nə vaxt ki, bizi açıb-ağartdın, bir-birimizə göstərdin biz səni yarıyacan topağa basdırıb daşa basacağıq. 

Hissin əxlaqının gizləməkdən başqa yolu yox idi, çünki insan öz hisslərini heyvan əcdadından miras almışdı, gizləməsəydi onun öz heyvan əcdadı ilə heç bir fərqi olmayacaqdı. Üstəgəl, biz qədim yunanlardan və biz tərəfdə yaşasalar da bizə oxşamayan yaponlardan fərqli olaraq çəkdiyimiz əzabı, ağrını da xoşbəxtlik hesab etmirdik, bizi “eudaimonia” edən şeylər ancaq həzzlər idi; dadmaq həzzi, cinsi həzz, ritmik həzz, sərvət həzzi, inanc həzzi və s.

Bütün bu həzlər insani baxımdan gizlində yaşanmalıydı. Hətta bu gün də sıravi müsəlmanlar özləri belə namazı nümayişkaranə şəkildə qılan dindaşlarını bir o qədər də yaxşı qəbul etmirlər, çünki əxlaqi baxımdan ibadətin, tanrı ilə insan arasındakı ünsiyyətin məxfiliyi, intimliyi korlanır. 

Hissin əxlaqı bizə öyrətdi ki, bizi xoşbəxt edən şeyləri gizlində yaşayaq. “Eudaimonia”nı isə hamı ilə birlikdə yaşamaq olardı, nə də olsa, elnən gələn dərd toy-bayram idi. Beləliklə, biz sevinci tək, kədəri xalqla yaşayan bir mədəniyyət halına gəldik.

Və ən böyük şairimiz Füzuli öz kədərini arvad demədən, kişi demədən Rumdan Şama yaymaqdan zərrə qədər usanıb eləmədi. Onun Qərbli müasiri Servantes isə bütün Avropanı, nəhayətində bütün dünyanı gülüşə qərq etdi, içində “eudaimonia” olan bir gülüşə. 

Qərbdə hissin əxlaqının ömrü Avropada Medici ailəsinə, sosial şəbəkə mərdanəliyinin dili ilə desək, “yaltaqlanan ziyalılar”ın yaratdığı Renessans kimi köhnə dünya ilə yeni dünya arasında böyük qırılma nöqtəsində bitdi. Renessansla Qərb düşüncəsində ağlın əxlaqı hakimiyyəti hissin əxlaqından aldı.

Qərb insanı xristianlığın yerini qədim yunan loqosu ilə doldurmaqla yanaşı,  qədim yunan “eudaimonia”sını da özününküləşdirdi. Öz xoşbəxtliyini yunan tragediyası ilə birləşdirdi və ortalığa tragikomik bir mədəniyyət çıxdı. Servantesdə bütün Avropanı qəhqəhəyə və göz yaşına qərq edən bu mədəniyyət Kafkada kadastr məmuru kimi peyda olaraq dünyanın məzhəkə və qorxu Qəsri olduğunu söylədi. 

Ağlın əxlaqı karikaturanı yaratdı, pornoqrafiyanı kəşf etdi, insan azadlığının yalnız ruha deyil, bədənə də aid olduğunu və yarımçıq bir istək olmadığını kəşf etdi. Ağlın əxlaqı insan bədəni üzərindəki o qara örtüyü qaldırdı. Hissin əxlaqının gizlədiyi nə vardısa hamısı üzə çıxdı. Və ağlın əxlaqı çılpaq, aşkar olan insanın həyat fəlsəfəsini yaratdı. O fəlsəfədən biri praqmatizmdir ki, bizim həyatımızda ancaq pis əməllərdə onun izinə rast gəldiyimiz üçün ona nifrət edirik. 

Çünki biz prqamatik insanı ancaq oğru, yaltaq, ikiüzlü kimi tanıyırıq ki, bu da prqamatizm fəlsəfəsindən, yəni ağlın əxlaqından xəbərsizliyimizdən qaynaqlanır. Bizdəki praqmatizm Afrikadakı “şuba” kimi bir şeydir, şübhə və ikrah oyadır. Niyə? Çünki bizə praqmatik dünyanın dəyərləri elmi, fəlsəfi yolla gəlmir, ticarət yolu ilə gəlir.

Tacirlərimiz gətirməsə, müsəlman aləmində heç kim elmi-texnoloji dünyada nə baş verdiyindən xəbər tutmaz. Biz hətta Qərbdən də Şərq fəlsəfəsi idxal edirik.

O gün bir yazıçımız alman yazıçısı Herman Hessedə zen-buddizmə heyran olduğundan dəm vururdu. Adam gedib alman yazıçısında da Qərbi, məsələn, Yunqu görməyib, onda da Şərqə, Buddaya, upanişada zada heyran olub. Yunqu görsəydi, bəlkə də, öz arxetipini araşdıracaq və onu tapanda xəcalətin ölüb-əriyib yerə girəcəkdi. 

Hissin əxlaqının yetirməsi olduğumuz üçün bizi hər yerdə istisnai vəziyyətlər maraqlanırır.

Herman Hessedə də zen-buddizm istisna haldır, ona görə bizim gənc yazıçının gözü onun istisnasını, gizli, intim olanını axtarır. İstisnalara heyranlığımız da hissi əxlaqın verdiyi tərbiyədir.

Yetər ki, bir sahədə uğurlu, yaxud uğursuz bir istisna olsun, vay dədə, bir qarğabazarı düşəcək ki, o sahə üzrə ya dünyaya savaş elan edəcəyik, ya da özümüzü yerin dibinə soxacağıq. Bu yaraşmazlığı bizdən hissin əxlaqı tələb edir, çünki hissin əxlaqı insanın, məsələn, sevişmək kimi istisna vəzyyətləri üçün qaydalar sistemidir.   

Praqmatizm insanın istisna vəziyyətləri ilə maraqlanımır, ağlın əxlaqı ətrafımızda həmişə başqalarının yaşadığını bizə diqtə edir. Biz həyatımızı onlarla bölüşməyə məcburuq. Ona görə də ağlın əxlaqı, hissin əxlaqının “mən necə xoşbəxt ola bilərəm”dən sualından daha çox, “mən necə etsəm, xoşbəxtliyim başqalarının xoşbəxliyinə mane olmaz” sualına cavab axtarır.

Şərqin qısqandığı və can atdığı Qərb budur. Hətta mən belə paxıllığımdan praqmatizmin “mən necə etsəm xoşbəxtliyim başqalarının xoşbəxliyinə mane olmaz” sualının  ikinci, “hətta başqalarının xoşbəxtliyinə da xidmət edər” hissəsini yazmadım. 

Praqmatizm, əxlaqı nə Platon kimi insanın çölündə, nə də Kant kimi insanın içində görür, o daha çox Aristotel kimi əxlaqın praktikliyini gözdən keçirir və həm insanın içində, həm çölündə olmasını vacib bilir. Bəs bizim insanın harasındadır əxlaq və hansı məqsədlərə xidmət edir?

Mən onun bizim vücudumuzdakı yerini deməyəcəyəm, çünki aşağı-yuxarı hamı bilir ki, babalarımızın xəncər asdığı yerdən azca sağa burulan kimi düz bizim əxlaqı üstünə çıxırsan (Xəncəri də əxlaqımızın qapısını qoruyan çoban iti kimi bağlardılar bellərinə rəhmətliklər, indi bağlamasınlar).

Ancaq onun hansı məqsədlərə xidmət etdiyini deyə bilərəm; bizim əxlaqın məqsədi yaşamaq uğrunda mübarizədə başqalarına etdiyimiz pisliklərə haqq qazandırmaqdır. 

Praqmatik dünyada artıq insanın içindəki əxlaqın cəmiyyət üçün önəmi qalmayıb, ümumiyyətlə, onunla maraqlanmaq başqasının həyatına müdaxilə etmək deməkdir.

Sənə nə, filankəs niyə fahişədir, əgər o kişiləri sənin evinə gətirmir və müştərilərini xəstəliyə yoluxdurmursa! Bizim əxlaq anlayışımız isə o qadının istisnai vəziyyətlərini təsəvvür edir, onu yataqdan kənarda bir insan olaraq görə bilmir, üstəgəl, o yataqdakı özü də olmayınca, qisas hissi baş qaldırır.

Biz fahişəni lənətləmək, yaxud daş-qalaq etməklə onun istisnai vəziyyətlərindəki yoxluğumuzun intiqamını alırıq. O, bizi evində ağ gilas mürəbbəsinə və çaya qonaq etsə, bu dəfə mələklərdən üz çevirəcəyik. Çünki bütün bu qərarlarımızda ağıl iştirak etmir, bizi hisslərimizin xoşbəxtliyi maraqlandırır. Bax, buna görə də bizim tərəfin adamları roman yaza bilmirlər, qalın süjetlər uydururlar.             

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri