Dek
2019
10:45
40
21
2551
Virtual karabakh

“Halal”, “uşaqların anası” ola bilməyən qadınlar: Gözləntilərin dəyişdiyi yerdə zorakılıq başlayır - RƏY

3 Dek, 2019
10:45
2551

“Halal”, “uşaqların anası” ola bilməyən qadınlar: Gözləntilərin dəyişdiyi yerdə zorakılıq başlayır - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar qadınların döyülməsi, zorakılığa məruz qalması, hətta amansızlıqla qətlə yetirilməsinə dair yayılan xəbərlər gündəmi zəbt edib. Bu, cəmiyyətdə çox ciddi narahatlıq yaradıb. Ümumiyyətlə, belə faktlarda nədənsə daha çox qadınlar günahlandırılır.

Avqust ayının 23-də M.Salahova polisə ərizə ilə müraciət edərək bildirib ki, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 6 ünvanında qeyri-rəsmi nikahda yaşadığı Ramil adlı şəxs tərəfindən döyülüb. Nəticədə isə 25 həftəlik hamiləliyi pozulub.

Bir başqa fakt isə paytaxtın Xətai rayonunda qeydə alınıb. Ötən ay A.Qurbanov küçəsində yaşayan 1989-cu il təvəllüdlü G.Həsənova da polisə müraciət edərək, qeyri-rəsmi nikahda yaşadığı 1969-cu il təvəllüdlü İ.İsmayılovun onu ölümlə hədələdiyi barədə məlumat verib.

Bənzər zorakılıq faktları, demək olar ki, müxtəlif şəkildə paytaxtın bir sıra ərazilərində qeydə alınır. Maraqlısı odur ki, qeyri-rəsmi şəraitdə bir evdə yaşayanlar arasında həyat yoldaşından ayrılmış qadınlarla yanaşı, gənc yaşda olan qızlar da var.

Bəs onları buna vadar edən nədir? İnsanlar niyə mövcud münasibətlərini rəsmiyyətə tökməkdən yayınırlar? Qeyri-rəsmi münasibət yaşayan kişilər nə üçün həmin qadınlara qarşı zorakılıq edir? Bunun səbəbi nədir?

Məsələnin psixoloji tərəfini Oxu.Az-a psixoloq Taryel Faziloğlu şərh edib.

O deyir ki, insanları bu həyat tərzinə fizioloji və psixoloji ehtiyacları vadar edir.

Onun sözlərinə görə, kişilər rəsmi nikahda yaşadıqları qadını öz həyat yoldaşları kimi, övladlarının anası kimi gördüyü halda, vətəndaş nikahında yaşadıqları qadınlara qarşı eyni münasibəti sərgiləmirlər:

“Kişilər qeyri-rəsmi nikahda yaşadığı qadınlara qarşı aqressiv olurlar. Bu isə, əslində, genetik yaddaşdan gələn neqativ yanaşmanın təsiridir. Şüuraltı olaraq onlar həmin qadına öz ailələri kimi baxa bilmirlər. Çünki ailə münasibətləri bizim cəmiyyətdə başqa prinsiplər üzərində qurulub.

Bu isə hər iki tərəfin istəklərində müəyyən fərqlərə gətirib çıxarır. Cütlüklərin qarşılıqlı şəkildə bir-birindən gözlədikləri, tələbləri üst-üstə düşmədiyi üçün aqressiya və qırılmalar yaşanır. Zorakılıq, digər təzyiq və təhqirlər də məhz bunun fəsadları kimi ortaya çıxır.

Düşünmürəm ki, qeyri-rəsmi şəkildə yaşamaq, daha dəqiq desək, vətəndaş nikahı ilə yaşamaq nə vaxtsa aktuallaşacaq və cəmiyyət tərəfindən qəbul olunacaq. Bu, bizim mental dəyərlərimizdə öz əksini tapmadığı üçün bunu geniş kütləyə qəbul etdirmək asan deyil. Etnopsixoloji yanaşmalar buna imkan vermir.

Xarici ölkələrdə qadınlar ailə qurmadan belə özünün fizioloji ehtiyaclarını ödəmək üçün hər hansı bir şəxslə münasibət qura bilir. Bu, onlar üçün normal bir hal hesab olunur. Amma Azərbaycan xanımları heç bir sərbəstlik halında belə edə bilməz. Düşüncə olaraq onların şüuraltında bu, artıq yanlışdır.

Bizim qadınlarımız da, kişilərimiz də ailə anlayışında sığortalanmağa meyillidir. Bu həm dini, həm də digər anlamlarda belədir. Çünki ailə anlayışında hər iki tərəfin sahiblənmək duyğusu güclü olur”.

Psixoloq onu da əlavə edib ki, gənclərin bu kimi münasibətlərə getməsi onların informasiya zəhərlənməsinin qurbanı olduğuna işarədir. Cəmiyyətin sadəcə 1-2 faizi bu durumu qəbul edir:

“Bu gün gənclərimiz informasiya yanlışlıqlarından bu kimi mövzulara maraqlı ola bilər. Amma bu meyillər davamlı olmayacaq. Nəhayət, onlar başa düşəcək ki, vətəndaş nikahı uzun müddət davam edə biləcək bir durum deyil. Əgər vətəndaş nikahı uzun müddət davam edirsə, hər iki tərəf bunu rəsmi nikaha daşımadan ailə anlayışı ilə yanaşa bilmir.

Cəmiyyətin sadəcə 1-2 faizi bu durumu qəbul edə bilər. Bilirsiniz ki, bizdə vətəndaş nikahından dünyaya gələn uşaqların sayı ilbəil çoxalır. Vətəndaş nikahı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər. Məsələn, bu cür münasibətlərdən dünyaya gələn uşaqlara dövlət sahib çıxmalıdır.

2000-ci ildə atası bəlli olmadan dünyaya gələn uşaqların sayı 10-u keçmədiyi halda, bu rəqəm 2018-ci il üçün təxminən 25 minə yaxındır. Amma əslində, 25 minə yaxın doğulan uşağın 99 faizinin atasının kimliyi bəllidir. Sadəcə olaraq, atalıq hüquqlarından imtina etdiklərinə görə, sənəddə ata adının qarşısı boş saxlanılır.

Bax, vətəndaş nikahı dediyimiz və ölkəmizdə hələ də gizli şəkildə görüşmələrin fonunda olan münasibətlərdən doğulan uşaqlardır ki, ata son anda uşaqdan imtina edir. Hətta sizə deyim ki, o uşaqların hamısı şanslı olmur.

Bəzən kişilər imtina etdiyi zaman qadınlar da elə xəstəxanada o uşaqlardan imtina edirlər və anonimlik qorunmaqla xüsusi komissiya əsasında övlad sahibi ola bilməyən ailələrə verilir. Bütün hallarda bu kimi məsələlərdə qadınların zorakılıq qurbanı olması doğru deyil”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri