Dek
2019
17:33
71
188
7226
Virtual karabakh

“Yaxşı oğlanların” “namus” üstündə həbsdə yatmaq romantikası

3 Dek, 2019
17:33
7226

“Yaxşı oğlanların” “namus” üstündə həbsdə yatmaq romantikası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Ceyranbatan qəbiristanlığında bacısını vəhşicəsinə qətlə yetirən 23 yaşlı Babək Fərzəliyev ilkin istintaqda özü və 20 yaşlı Aytən Fərzəliyeva arasında münaqişə barədə ifadə verib. 

Artıq mənə elə gəlir ki, biz belə xəbərlərə öyrəşmişik. Sanki hava proqnozu haqqında məlumatı oxuyuruq və “bu gün hava küləkli olacaq, yağış yağacaq” cümləsi bizə nə qədər təsir edirsə, “namus üstündə” qətllər də o qədər təsir edir. 

Bir az qanımız qaralacaq, “gərək əynimi qalın edim” kimi düşünüb üstündən keçəcəyik. Hə, bir də hamımız bu barədə sosial şəbəkədə yazacağıq. Asıb-kəsəcəyik. Feministlər də əsib guruldayacaq. 

Qeyrət-namus güdənlər “əcəb edib, öldürüb” yazacaq. İki cəbhə arasında müharibə başlayacaq. Amma “Facebook” üzərində. İki-üç saata hər kəs öz işində olacaq. Aytən də yaddan çıxacaq. Necə ki, buna qədər yüzlərlə Aytən yaddan çıxıb. Necə ki, artıq bu gün Aytənin faciəsi yaddan çıxıb. 

Namusunu təmizləyənlər dünyası. Cəmiyyət olaraq baş verən hadisəyə “don” geyindiririk. “Nəsə bir zibili var ki, öldürdülər də!”, “Gəzirdi də!”, “Ə, kişi adamdı, bacısı bicbala doğmuşdu da, neyləyəydi?”

Vallah, heç nə etməli deyildi. Aytən vətəndaş nikahında qayınanası ilə bir yerdə yaşayırdı, övlad dünyaya gətirmişdi. Özünə gün-güzəran qurmuşdu. Heç kimlə işi yox idi. Amma qardaşı bir gün qərar verir ki, bacısı düz yolda deyil. Fahişəlik edir və onu öldürmək lazımdır. Və öldürür də. Adını da qoyur ki, “namusumu təmizlədim”. 

İlkin araşdırmalar isə onu göstərir ki, söhbət heç də namusdan getmir. Aytənlə onun ailə üzvlərinin şərikli malı var idi. Aytən sənədləri qaydasına salıb onları məhkəməyə vermək istəyirdi. Ata da lazım olan məqamda qardaşı (yəni oğlunu) “namus” əməliyyatına göndərir ki, ev əldən çıxmasın. 

Qeyd edim ki, 2014-cü ildə Aytənin anası və bacısı evdəki şiddətə dözməyərək. yaşadıqları evin pəncərəsindən özlərini atmışdılar. Ata ölüm həddinə çatdırma maddəsi ilə dörd il müddətinə həbs olunur, Aytən isə sığınacağa yerləşdirilir. İndi də eyni taleyi Aytənin doqquz aylıq övladı yaşayacaq. Onu da rəsmi prosedurlardan sonra sığınacağa verəcəklər.

20 yaşında qətlə yetirilən ana və dayısı tərəfindən anası öldürülən doqquz aylıq körpə. Sabah yenə buna oxşar xəbərlər oxuyacağıq, “Ah, yazıq” deyib üstündən keçəcəyik. “Yaxşı oğlanlar” cəmiyyətimizdə “yaxşı oğlanların” sayı durmadan artır. Hamısı da “panyatkadan” dəm vurur. “Yaxşı oğlanlar” üçün namus mövzusu “osoba vajnıdı”. Belə mövzu üstündə rahatca adam öldürmək olar və “polojnıdı”. 

İndi sual: bununla fahişəliyin qarşısını ala bilirmi “yaxşı oğlanlar”? Ala bilsəydi, ərəblər buraya “gəzməyə” gəlməzdilər. Çünki ərəblərlə “gəzməyə” çıxanların hamısı kiminsə bacısı, dayısı qızı və uzaq-yaxın qohumudur. O lətifədə deyildiyi kimi, fahişələr bizim bacımızdır. Çünki bir ucu gedib kiməsə çıxır. Bir də görürsən handa bir məclisin yuxarı başında elə bu “küçə qadınları”nı oturdub, sağlığına badə qaldırıb “bacımızsan” deyirlər.

“Yaxşı oğlanların” davası əsl fahişələrlə olsaydı, dərd yarı. Amma  burada bir məsələ var. Elə bu “yaxşı oğlanların” əlinə 5-3 manat düşən kimi “küçə qadınlarına” bir gecəyə bahalı ev, maşın alıb hədiyyə edirlər. Sinəsinə vuran “kişilər” var ki, ailəsini elə “bu qadınlar” üstündə atıb gedirlər. Demək ki, söhbət fahişəlikdən getmir, nəsə başqa məsələ var. Çözmək gərək. Bəs öldürülən qadınlar kimlərdir? 

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2018-ci il ərzində ölkədə 331 qadın cinayət (895 kişi) nəticəsində ölüb.

Onlardan 57 nəfəri məişət zorakılığı cinayətlərinin qurbanı olub. Namus üstündə öldürülənlərin statistikası, təəssüf ki, bəlli deyil. Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinə görə - Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cəmiyyət olaraq hələ də cinayət və cəza haqqında mülahizələrimiz o qədər abstraktdır ki, azadlıqdan məhrum olmanı romantika kimi qəbul edib “içəriyə” düşmək arzusu ilə yaşayanlar var. Və buna nail olmanın ən rahat yolu “namus” üstündə edilən cinayətdir. 

Əgər ədalət uğrunda mübarizə aparırıqsa, niyə rüşvət üstündə, haqsızlıq üstündə, ev yıxmaq üstündə, kiminsə çörəyinə bais olmanın üstündə cinayət törədilmir. Deməli, məntiq axsayır. “NAMUS” pərdəsi altında bütün cinayətlər törədilir və bu ad altında bəraət qazanılır. Əgər “namusu” qurşaqdan aşağıda axtarırıqsa, deməli, beynimiz də elə oralardadır. Namus isə tamam başqa şeydir.

Niyə rüşvət üstündə, haqsızlıq üstündə, ev yıxmaq üstündə, kiminsə çörəyinə bais olmanın üstündə adam öldümürük? Lətifədə deyildiyi kimi, fahişələr bizim bacımızdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri