12 
Dek
2019
13:03
43
108
3196
Virtual karabakh

Bilməmək xoşbəxtlikdir!

12 Dek, 2019
13:03
3196

Bilməmək xoşbəxtlikdir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Biz coğrafiya fakultəsinə ayaq döyəndə mühazirələrdə tez-tez belə bir ifadə eşidir və Qoçu Əsgərin tapançası kimi şalvarımızın belində, dümbülümüzdə gəzdirdiyimiz - xalqımızın elmə münasibətinin ən bariz təsviridir bu görünüş – dəftərlərimizə qeyd edirdik: “Ekosistemlərə antropogen amillərin təsiri”. Bu ifadə torpaq sürüşmələri, sellər, səhralaşma və s. kimi dünyanı xaraba qoyan təbii fəlakətlərin aktivləşməsində, Marksın sözü olmasın, meymunu insana çevirən əməyin rolunu vurğulayırdı. 

Yəni: İnsanlar yemək, əylənmək və gecələmək üçün təbiəti yox etdikcə, təbiət də özünü qorumaq üçün insanları yox etməyə çalışır. Heyvanlarla sülh şəraitində yaşayan yer kürəsi insanla əbədi bir müharibə içindədir.  

Stalinin şinelindən çıxmış sovet təhsilinin yetirməsi olan qoca professorlarımız insanların kütləvi şəkildə məhvini fəlsəfə kafedralarında “qanuniləşdirən” Maltus nəzəriyyəsini isə bizə yalnız alman millətçiliyinin uydurması kimi öyrədirdilər.

Mən Maltus nəzəriyyəsinin Avropada imperialist oyunların oynanıldığı səhnəyə ən axırda çıxan Almaniyanın və onun qurucusu Bismarkın “qan və dəmir” siyasətinin intellektual şərhi kimi İngiltərə və Fransa əhalisinin, yəni potensial əsgər sayının artımının qarşısını almaq üçün Maltus tərəfindən qlobal həyəcan təbili kimi döyəcləndiyini öyrənəndə artıq iki uşaq atasıydım. Dünyadan və onun imperialist maraqlarından bixəbər yetişdirilmiş bir ata! Cahil magistr!

Maltus təkcə təbiətin deyil, cəmiyyətin də özü-özünü məhv etmək haqqı olduğunu söyləyirdi və Almaniyanın gələcək qırğınalarına fəlsəfi fətvaları ilə bəri başdan haqq qazandırırdı. Və bu gün hər ikisi, təbiət və cəmiyyət əl-ələ verərək insan nəslinin yer üzündən kəsilməsi üçün gizli bir terror siyasəti yürütməkdədirlər.

Təxminən, yüz il əvvəl məşhur fransız sosioloqu, yeri gəlsə, dünyanın ilk intiharşünası deyə biləcəyimiz Durkheym araşdırmaları zamanı belə bir fikrə gəlmişdi ki, insanın istər özünə, istərsə də başqalarına olan aqressiyası, nifrəti, kini mövsimi olaraq artıb-azalır.

Bu fikrini statistik rəqəmlərlə də təsdiqləmişdi. Şahidi olduğumuz “əmək qəhrəmanları”nın tarixi statistik rəqəmləri nə qədər gözümüzdən salsa da, bu rəqəmlər Durkheymə çox ciddi bir məlumat pıçıldayırdı: “Yay intiharlar, sui-qəsdlər və qətllər mövsimidir”. 

Hələ yüz il əvvəl sübut olundu ki, isti insan orqanizmində gedən nevrokimyəvi prosesləri şiddətləndirir, stress hormonlarının ifrazını artırır. Bu da insan təbiətindəki yırtıcılığın üzə çıxmasına yol açır. Günümüzdə Meskisa və ABŞ-ın hava proqnozu qeydlərinin araşdırlaması, orta aylıq tempratur 1 dərəcə artdıqda intihar hadisələrinin ABŞ-da yüzdə 0,7, Meksikada isə yüzdə 2,1 faiz çoxaldığını göstərdi. 

Bu, o deməkdir ki, biz daha çox pul və şöhrət  qazanmaq üçün daha çox enerji yandırıb dünyanı “açıq səma cəhənnəmi”nə çevirdikcə təbiət təmkinini pozmadan və əlini qana batırmadan bizi öz əlimizlə öldürərək qisasını alır. 

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, zəmanəmizdə hər il bir milyona yaxın insan intihar edir; hər qırx saniyədə bir bədbəxt. Bu da il ərzində müharibələrdə, cinayətlərdə, qəzalarda ölənlərin sayından dəfələrlə çoxdur. Hazırda dünya lokal müharibələri çıxmaq şərtilə, sülh içində yaşasa da, itkilərin sayı bizə dünyada daha böyük müharibənin getdiyini söyləyir. Bu səssiz ölümlər artıq “Əbədi Dünya müharibəsi” deyə biləcəyimiz bir fəlakətin əlamətidir.  
Əhalinin sayının çoxalması yer kürəsində istiliyin artmasına səbəb olur, bu da intiharların sayındakı artışa təsir göstərir.

Halbuki sosiologiyada belə bir fikir var ki, intihar edənlərin əksəriyyəti cəmiyyətlə əlaqələrini kəsmiş, yaxud itirmiş adamlardır. Çox əhali çox ünsiyyət deməkdir, ancaq reallıq başqa şey diqtə edir; sosial şəbəkələrin varlığı insanları daha çox tənhalığa, özünə çəkilməyə vadar etdiyi kimi, əhalinin artımı da onları başqalarından gizlənməyə və bu hissin davamı olaraq özlərini yox etməyə təhrik edir. Çünki “Başqaları cəhənnəmdir!” Biz Sartrın bu nihilizmini sosial şəbəkələr peyda olandan sonra daha dərindən hiss etdik.   

Məsələn, əhalisi günbəgün 2 milyarda yaxınlaşan Hindistanda 1968-ci ildə 40.000 insan insan intihar etdiyi halda, 1999-cu ildə bu ədəd 110.000-ə çatdı. Eyni özünəqəsd artımı 1998-2003-cü illər arasında Honkonqda da qeydə alınmışdı. 

Məzlum ölkələrə nisbətən sosial rifahın yaxşı olduğu inkişaf etmiş ölkələrdə daha çox adam özünü asır. ABŞ-da il ərzində ölənlərin dörddə biri intihar edənlərdir. Bu ardıcılıq ABŞ-ın bəxtəvər etdiyi Yaponiyada, iqtisadi gücünə görə dünya ikincisi və dördüncüsü olan Çin və Almaniyada da müşahidə olunur.

Əhali tünlüyü həm də gərgin rəqabət mühiti deməkdir. İnkişaf etmiş Cənubi Koreya bu gün intiharın Asiyadakı ana vətənlərindən biridir. Adını unutduğum bir rus alimi izah edir ki, bu ölkədə insanlar sürətdən, deməli, həm də rəqabət mühitindən uzaq düşdükdə özlərini öldürməkdən başqa çıxış yolları qalmır. Çünki ölkə elə bir sürətlə dəyişir ki, bir ay işsiz qalmaq diri-diri ölümə tərk edilmək deməkdir.

Kimsənin geri qayıdıb yıxılanı qaldırmağa macalı yoxdur. Eynən savannada yeni otlaqlara tələsən antilop sürüsünün çayı keçərkən yaratdığı mənzərə kimi bir qaçaqaç. Tərəqqi insan cildində özünün “heyvan sürülərini” yaradıb demək ki. 

Ankarada hava nisbətən təmiz olsa da, bu şəhərə qonaq gələn çinlilər şəhərdə yaşmaqla gəzirlər. Çünki sıx məskunlaşmış böyük Çin şəhərlərində hava artıq o qədər çirklənib ki, çinlilərdə harada olmalarına baxmayaraq, yaşmaq taxmaq asılılığı yaranıb. Sıx əhali həm də çirkli hava deməkdir ki, təbiət də bu havadan onu çirkləndirən insana qarşı silah kimi faydalanır. 

Fərd kimi xoşbəxt olmaq arzumuz bəşəriyyət kimi bizi bədbəxt edib. Bunları yazmaqda məqsədim heç də sadəlövhcəsinə dünyanı xilas etmək fikrnə düşdüyümü göstərmək, yaxud bütün intiharları sosial vəziyyətin ağırlığına bağlayan sosial şəbəkə dostlarıma ağıl öyrətmək deyil. 

Dünya Səhiyyə Təşkilatının hesabatını oxuyanda mənə maraqlı olan bir statistikaya rast gədim ki, sən demə, intihar edənlərin arasında ateistlər dindarlardan daha çox imiş. Məni maraqlandıran bunun səbəblərini tapmaqdır.

Allah ideyası insana təbiətdən gəlir. Yunanlar allahların Olimp dağında yaşadığına inanırdılar, misirlilər allahları çöllərdə təsəvvür edir, onlara gecələmək üçün məbədlər tikirdilər, yəhudilər öz allahlarını ilk dəfə səhrada, yanan kolların arasında görmüşdülər, müsəlmanlar onun atmosferin yuxarı qatında olduğuna inandılar və s. 

Ateizmin, allahsızlığın vətəni isə şəhərlərdir.  Kembriç professoru Tim Uitmarş “Tanrlarla döyüş” kitabında ateizmin bizim düşündüyümüz kimi, heç də modern bir anlayış olmadığını, hələ qədim Yunanstanda və indiki vəziyyətə baxanda daha az təqib olunan bir düşüncə kimi qəbul edildiyi yazır, misal olaraq da Ksenofanın yazılarını göstərir. Uitmarşa inansaq, ki inanmamaq üçün alternativimiz yoxdur, ateizm qədim Yunanstanda şəhər-dövlətlərin meydana gəlməsi ilə təşəkkül tapan bir düşüncə olduğunu qəbul etməliyik. 

Günümüzdə də ateizm əsasən şəhər mühitində yaşayan insanlara xas olan düşüncədir. Və inkişaf etmiş ölkələrdə ateistlərin sayı durmadan artır. Beləliklə, ortalığa məntiqi bir nəticə çıxır ki, milyonluq şəhərlərdə intiharların sayının çox olması o şəhərlərdə ateistlərin sayının çoxluğu ilə də əlaqəli ola bilər.

İnanc tarixini oxuyanlar bilir ki, mistika dağlardan, çöllərdən, meşələrdən şəhərlərə üz tutunca, inanc yox, qazanc mənbəyinə çevrildi. Şəhərlərdə yaşayan dərvişlər casus idilər. Buradan tələsik belə bir nəticə çıxarmaq olar ki, bəşər mistikadan uzaqlaşdıqca öz mənasından o qədər uzaqlaşır ki, özünü məhv etməkdən başqa çıxış yolu qalmır. Ateizmi insanlığın zəif yeri kimi görmək və göstərmək, əlbəttə ki, idealist yanaşmadır və palçıqdan insan deyil, insandan palçıq düzəldənlərin işinə yarayır. 

Əslində, ateistlərin dindarlara nisbətən daha çox intihar etməsi, öz iradələri ilə qərar verə bilmək cəsarətinə sahib olmaları və dünya faniliyini daha dərindən hiss etmələri ilə bağlı ola bilər. İkincisi, inanc insanın dadına çatan faktor olsaydı, Buddizm, Taosizm kimi insanı təbiətlə sülhə çağıran praktik və batini inancların vətəni olan Koreyada, Çində, Honkonqda bir işə yarayardı, arzularından üz döndərənlərə nirvana, yəni ilahi sakitlik vəd edən inancların yurdunda. Halbuki bu ölkələrdə insanlar məhz öz arzularının dalınca qaçdıqları üçün uçruma yuvarlanırlar. 

Yaxud 1978-ci ildə Cənubi Amerikada “Xalqın Məbədi” adlı dini təriqətin 913 üzvü eyni anda zəhər içərək özlərini öldürdülər. Liderlərinin yer üzünə yenidən gəlmiş İsa olduğuna inanan ABŞ-dakı “Cənnətin qapısı” təriqətinə tapınan 39 nəfər 1997-ci ildə özlərini zəhərləyərək həyatla vidalaşdılar. Hansısa bir inanca tapınanların bu cür kütləvi şəkildə intihar etdiyinə aid faktların sayı az deyil.

Hələ mən cənnətə gedəcəyinə, öldükdən sonra daha yaxşı həyat yaşayacağına əmin olan, “intihar bombaçıları” adlandırılan dini fanatiklərin sevincək olub özləri ilə bərabər yetim-yesiri də yox etdiklərini demirəm. İnancının əmrini yerinə yetirərək intihar edənlər ki, allahsız deyillər, baxmayaraq ki, islam dini və katolik kilsəsi intiharı günah sayır. Yəni ateistlərin tanrı kimi psixoloji arxalarının olmaması onları intihara sürükləyir fikri bir o qədər də doğru nəticəyə oxşamır. 

Yüz il ərzindəki araşdırmalara görə, dindarlara nisbətən intihar edən ateistlərin sayının çox olması kimi, katoliklərə nisbətən də intihar edən protestantların sayı çoxdur. Maks Veberin “Protestant etikası və kapitalizmin ruhu” əsərində yazdığı protestantlığın Qərbdə kapitalizmin uğurunu təmin edən bir əxlaq sistemi olduğuna inansaq, ateistlərdə və protestantlarda intiharların sayına inanc qıtlığının deyil, zəka bolluğunun səbəb olduğu üzə çıxacaq. 

Bilməmək xoşbəxtlikdir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri