23 
Dek
2019
11:22
43
103
2421
Virtual karabakh

Gənclərin İnkişaf və Karyera Mərkəzinin yeni nümayəndəliyi açıldı - FOTO

23 Dek, 2019
11:22
2421

Gənclərin İnkişaf və Karyera Mərkəzinin yeni nümayəndəliyi açıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi 22 dekabrda Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə icra hakimiyyətinin, Gənclər Fondunun, yerli Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak ediblər.

Oxu.Az xəbər verir ki, açılış tədbirlərində çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.

Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.

Nümayəndəlik vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin, müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzlərin imkanları barədə ətraflı məlumat verilib. Tədbirlər gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. 

Region gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Xatırladaq ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy rayonlarında və Yevlax şəhərində GİKM nümayəndəlikləri fəaliyyətə başlayıb.

Bu ilin son açılış mərasimi Lənkəranda keçirilib. Gələn ilin ilk rübü ərzində ölkəmizin bütün şəhər və rayonlarında bu nümayəndəliklərin açılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri