Yan
2020
11:39
32
140
8190
Virtual karabakh

“Yaşlı kişilər gəlib tərbiyəsiz sual verirlər”: Dülgər Şaxta baba və tələbə Qar qızla müsahibə - FOTO

1 Yan, 2020
11:39
8190

“Yaşlı kişilər gəlib tərbiyəsiz sual verirlər”: Dülgər Şaxta baba və tələbə Qar qızla müsahibə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni il bayramı ərəfəsində uşaqdan böyüyə hər kəsin gözü qəşəng bəzədilmiş yolka, bir də yanındaşirin dilli, gülərüzlü, şəkil çəkəndə pul istəməyən Şaxta baba və Qar qız axtarır. 

Yeni ildə bayram süfrələrində paytaxt salatı, küçələrdə də Şaxta baba və Qar qız olmazsa, olmaz.

Şaxta babalar da bir deyil, beş deyil. Bizim bəxtimizə isə Dənizkənarı Bulvarın və “Azneft” dairəsindəki hündür yolka ağacının Şaxta babası ilə Qar qızı düşdü. 

Əvvəlcə şəkil çəkdirdik ki, görək pul istəyəcək, ya yox. Bizdən pul istəmədi. Təəccüblənmədim desəm, yalan olar. Qərar verdik ki, hömsöhbətlərimiz elə bu cütlük olsun. 

Söhbət edəndə bildik ki, yanvarın 1-i bu Şaxta babanın fəaliyyətinin nə az, nə çox, düz 10, qar qızın isə üç ili tamam olur. 

Oxu.Az Şaxta baba və Qar qızla maraqlı söhbəti təqdim edir:

Şaxta babanın təxminən 50-yə yaxın, Qar qızın isə 22 yaşı olardı. 

- Şaxta baba, şaxta can, harda idin bu vaxtacan?

- İşdə, gücdə. Taxtalardan qəşəng əl işləri hazırlayırdım. Evlərdə təmir işlərinə baxırdım. Özüm sənətkaram, dülgərəm. 

- Nə gözəl, bəs niyə Şaxta Baba?

- Uşaqları sevirəm. Onları sevindirmək mənə xoşdur. Həm də boş vaxtlarımdır, səmərəli və maraqlı keçirirəm. 

- Ay Şaxta baba, nəvələrindən razısan? Heç əsəbləşdirənlər olurmu?

- Bütün nəvələrimdən razıyam. İldə bir dəfə görürlər də məni. Ərköyün nəvələrim də olur. Hamısı ilə dil tapa bilirəm. Tapa bilmədiklərimi də ötürürə, gedir.

- Hara ötürürsən, ay baba?

- Hara ötürəcəm?! Böyüklərinin yanına (gülür). Tutub camaatın uşağın döyəsi deyiləm ki. Hərə öz evinin güzgüsüdür. Tərbiyəlisi də var, mədəniyyətsizi də. 

- Ən çox səni narahat edən nədir?

- Bu bığ imkan vermir nəfəs alam. Nəfəs ala bilmirəm. Uşaqlardan çox böyüklər adamı əsəbiləşdirir. Siz də məni bağışlayın, yaşlı-başlı kişilər gəlib tərbiyəsiz sual verirlər. 

Ya da kənarda durub balaca uşağı öyrədirlər ki, get, babaya və ya Qar qıza bu söyüşü söy, gəl. Elə tərbiyə alıblar da, nə deyək? 

Bir dəfə bir uşaq gəldi, bir söz soruşdu, dedim, get, nənəndən soruş, o bilər. Az qaldı ki, dava düşə. 

- Şaxta babanı saat neçəyə qədər görə bilərik?

- Bayram günləri hər gün səhər saat 11-dən axşam saat 12-yə kimi bax bu parkda nəvələrimlə görüşürəm, deyib-gülüb oynayıram. Qar qız da, mən də oynamaqdan həlak oluruq. 

Qar qız yubanmadan özünü yetirdi. Sən demə, Qar qız hələ tələbədir, gələcəkdə dil-ədəbiyyat müəllimi olacaq. Sualı eşidən kimi cavabı da gecikdirmədi:

- Hər gün Şaxta baba ilə eyni saatda gəlirik bura, axşam da eyni saatda insanlarla vidalaşıb gedirik evə. Hərdən iş saatı bitsə də, insanlar səhərə qədər şəhərdə olduqları üçün balacalar bizim getməyimizi istəmir. Amma biz də yoruluruq, ayaqlarımız qırılır oynamaqdan.

Nəvələrdən pul almırsınız, heç olmasa pul verirsiniz? -, sualına isə hər ikisi gülür.

Qar qız deyir ki, ən çox çətinlik içkili insanlar şəkil çəkdirmək istəyərkən yaşanır:

- Çox olmasa da, hərdən problemlər olur. Sərxoş halda yaxınlaşıb baba ilə mənimlə qucaqlaşıb şəkil çəkdirmək istəyirlər. “Yox” deyirik, başa düşmürlər. Çətinlik yaradırlar. Təəssüf ki, bəzən şəhərdə kobud davranıb, atmacalar atırlar. 

- Ay şaxta baba, Qar qızı qucaqlamağa qoymursan. Düzünü de, bəs özün gün ərzində nə qədər qızı qucaqlamısan?

- Yox, elə yox da (gülür). Qız yox, nəvə. Gün ərzində minlərlə insan yaxınlaşır, qucaqlayır. Onlar qucaqlayanda mən də qucaqlamalıyam da, babayam axı. 

“Bu işə görə nə qədər pul alırsınız?” sualına isə belə cavab verdilər:

- Gündəlik 20 manat pul alırıq. Bir də insanlar bayram payı kimi özləri nə versələr, o. 

- Şaxta baba qrimlənib, sən isə yox. Universitetdə bilirlər ki, onların qrup yoldaşı Qar qızdır?

- Bilənlər bilir, əlbəttə (gülür). Mən bunu kompleks etmirəm. Hətta insanlar var ki, mənim bu xasiyyətimə qibtə edir. Çoxları əylənir, buna görə pul ödəyir. Mən isə əylənərək pul qazanıram.

- Şaxta baba, gün ərzində təxminən nə qədər insan sizinlə şəkil çəkdirir?

- Bəlkə də, yalan olmasın 1000-2000 insan şəkil çəkdirir. Kameraların işığı az qala gözümüzü kor edib. 

- Yeni ildə Oxu.Az-ın oxucularına nə arzu edərdiniz?

- Sizə və sizin oxucularınıza, eləcə də, bütün Azərbaycan xalqına düşərli il, möhkəm can sağlığı, çoxlu pul, parlaq gələcək arzu edirik. 

Könül Cəfərli
Foto: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri