14 
Yan
2020
13:33
34
130
2377
Virtual karabakh

Şərqin arzuları Qərbin xatirələridir

14 Yan, 2020
13:33
2377

Şərqin arzuları Qərbin xatirələridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Avropa dediyimiz, son beş yüz ilin ən mədəni qitəsində hər şey ailə əxlaqına hücumla dəyişdi.

İlk hücum edən şəxs Karl Marks idi ki, bu gün mühafizəkar avropalılar tez-tez bunun qisasını onun və ailə üzvlərinin Londondakı Hayqeyt Qəbiristanlığındakı qəbirlərinə balta-çəkiclə xəsarət yetirməklə alırlar. Marks ailəsinin məzarlarına belə hücumlardan ən sonuncusu, səhv etmirəmsə, keçən ilin fevralında olub. 

Əhvalat uzun və dramatikdir. 

On doqquzuncu əsrin ortaları, Avropada insanların yemək növbəsi qoyunlardan (Tomas Mor) sonra sənaye qurğularına keçib. Qitənin sərvətləri kapitalist ailələr arasında bölünüb və bu sərvətlərin əldən çıxmaması, başqalarının əlinə keçməməsi üçün burjua, ailə institutunu ictimai bir qala kimi qoruyur. 

İctimai-sosial mexanizm kimi din icma artıq dağılsa da, onun yerinə mənəvi varisi kimi ailə əxlaqı əyləşib. Artıq kütlənin həmrəyliyinə dini icma yox, ailə institutu cavabdehlik daşıyır, ictimai münasibətləri, sosial davranışları o idarə edir. Kütlə və kütləvi olanın əksinə gedənləri o, sürüyə qaytarır, mühakimə edir, özünə xidmət edənləri mükafatlandırır, boyun əyməyənləri cəzalandırır. Fərdə və fərdi olana nəzarət indi ailə anlayışının əlindədir. 

Ailə ilk dəfə özünü dövlətin rüşeymi kimi deyil, filialı kimi aparır. Vergilərə o nəzarət edir. Xalq həmişə olduğu kimi ağlı yox, pulu olanın yanındadır. Bu dövrün Avropasında ailə özünü keçmiş dini icmanın sosial-mənəvi varisi yerində görür. Xalq indi mifoloji yalanların qoxusunu ondan alır, ona görə fərdlərin, fərqlərin mümkünlüyünü inkar edir. 

Bu dövr, Avropanı sənət və sənətçi üsyanlarının bürüdüyü dövrdür. Qitəyə quşbaxışı baxan hər kəs görür ki, Renessansdan sonra dini icmalardan qaçanlar yenidən kapitalist ailələr şəklində yığışıblar. Vaxtilə icmanın düşməni elan olunan Fərd bu dəfə kapitalizmin düşməni elan olunub.

Spinozaların işi yenə fırıqdır, bu dəfə onları icma ağsaqqalları yox, doğma ata-anaları lənətləyirlər. Pol Verlen Fransanın ən yaxşı şairlərini “lənətlənmiş şairlər” elan edib. 

Dini icmanın hədəfinə tuş gələnlər daha çox filosoflar (fəlsəfə dinə yaxın olduğu üçün) olduğu kimi, kapitalist ailənin hədəfində daha çox sənət və sənətçilərdir; azadlığın və gözəlliyin həvariləri. Sərvəti olan hər kəs yeni sənətin evlərə yolunu bağlamağa çalışır. Cəmiyyətdə belə bir ictimai rəy yaradılıb ki, insan azadlığı yalnız hökumətin - sosial kilsənin - verə biləcəyi imtiyazlardan ibarətdir.  

Azadlıq uğrunda qurban vermək növbəsi fəlsəfədən, elmdən sonra sənətə çatıb. Bu dəfə sənət qladiator libasında döyüşəcək, fəlsəfə və elm tamaşaçıların arasından ona azarkeşlik edəcək. 

Marks və Engels evliliyi bir mənfəət müqaviləsi olaraq fahişəliyin ən yüksək forması adlandıraraq döyüşün ilk raundunu açıq elan edirlər. Budur sənətin ilk qladiatoru Flober artıq arenadadır. O, kapitalizmin bütün ağırlığını öz namusunun arıq çiyinlərində gəzdirən ailə qadını obrazını ayaqlar altına atan “Madam Bovari”ni yazır.

Arxasınca ikinci qladiator rəssam Mone sərgiyə gələnləri lümlüt qadın təsviri olan, özünün “Olimpia” tablosu ilə xəcalətdən üzlərini tutmağa məcbur edir. Tənqidçilərin sənətdə modernizm cərəyanının banisi hesab etdikləri üçüncü qladiator Şarl Bodler erotik, pornoqrafik təsvirlərlə dolu “Şər çiçəkləri” şeirlər kitabını çap etdirir.

Kitabda Bodlerin III Napoleon hökuməti tərəfindən məhkəməyə verilməsinə yol açan beş-altı şeir var idi ki, bunların içində istintaq materialına tikilmiş olanında şair öz məşuqəsi ilə cinsi əlaqəsini təsvir və tərənnüm edirdi. Məhkəmə şairi fransız ictimai əxlaqını təhqir etməkdə və ədəbsizlikdə günahlandırdı. Məhkəmənin qərarı ilə Bodlerin Fransanın hörmətli xanım və bəylərinin əxlaq sərhədlərini aşdığı elan edildi və şair 300 frank cərimə ilə cəzalandırıldı, altı şeir isə kitabdan çıxarıldı.

Bu, Renessansdan sonrakı Renessansdır. Modernizm - insan azadlığını kapitalist ailə əxlaqının boyunduruğundan xilasetmə cəhdi və əzmidir. Məhz bu dövrdə sənət xalqı inkar etdi, “sənət sənət üçündür” ideyasını ortaya atdı.

Sənətin yanında olmaq istəyən xalqdan ayrılmalı idi. Xalqdan, yəni ailədən! Ailə və sənət bir evdə ola bilməzdi. Azadlıq və gözəllik fərdin özünəməxsusluğu elan olundu. Bu modern düşüncəyə görə sənət heç kimə və heç nəyə deyil, yalnız özünə xidmət etməliydi. Sənətin, ədəbiyyatın eşqə, tanrıya, ölkəyə, əxlaqa xidməti və təsiri axmaq fikir kimi dəyərləndirildi. Onun hədəfində özü-özünü şəkilləndirən insan vardı.

Müəllifi özü olan insan! 

Oskar Uayld ingiltərəli estet Volter Piterin “bütün sənətlər həmişə musiqinin yerində olmağa can atır” fikrini davam etdirərək elan edirdi ki, sənətin məqsədi də sənətdir. O dövrdə sənətin gözəlliyə və azadlığa münasibəti də dəyişdi. O vaxta qədər cəmiyyət faydalandığı şeyləri gözəllik, karına gəlməyənləri eybəcərlik kimi qələmə verirdi.

Məsələn, qadına ona görə gözəl deyirdi ki, onunla yatmaq istəyirdi. Yeni yanaşmaya görə, bu, gözəllik yox, ehtiyac idi. Bu dövrün yazarlarından biri öz romanın ön sözündə yazırdı: “Evdə ən çox ehtiyac olan yer tualetdir, belə çıxır ki, ən gözəl yer də tualet olmalıdır. Faydalı olan hər şey çirkindir”. 

Bu sözlər açıq-aydın elmə də meydan oxumalı idi, çünki elm faydalı olan hər şeyi ikonalaşdırmışdı, fabriklər, zavodlar elmin bir ucdan məhsul istehsal edən mexanikiləşdirilmiş ikonalarının qarşısında tər tökən modern kölələlərlə dolu idi. Bu dövrə qədər insanlar eybəcərliklə gözəlliyin yerini səhv salmışdılar.

Gözəllik fayda yox, zövq verməli idi. Elm də insanları aldatmışdı. Məsələ bu qədər qəddarcasına qoyulmuşdu. Modernistlər deyirdilər ki, sənət özündən başqa nəyəsə xidmət etmək, fayda vermək məqsədi güddükdə, yalan danışmağa, eybəcərliyi gözəllik kimi təqdim etməyə məhkumdur. Bu fikir dünya yaradıcılıq tarixində intellektual bir inqilab idi.

Biz tərəflərdə sənət və sənətə münasibət hələ də bu fikrə gəlib çatmayıb. Biz sənətdən azadlıq və gözəllik deyil, fayda umuruq. Ona görə də mövzularımız məişətdən – fayda götürə biləcəyimiz məkandan -  kənara çıxmır.

Bizdə sənət adamına verilən qiymət də məişət səviyyəsindədir. Çünki – bu, çox dəhşətli məsələdir - mədəniyyət dediyimiz şey bizə işğal şiddəti qarşılığında verilmiş ağrıkəsicidir. Biz mədəniyyətin heç bir növünü həyatla mübarizə forması kimi yaratmamışıq. O, bizə irəli getmək üçün yox, geri qalmamaq üçün talonla verilib.

Ona görə onun bizim üçün heç bir həyati dəyəri, həyatdan üstün dəyəri yoxdur. Mədəniyyət bizə işğalçı ilə dil tapıb yola getdiyimizə görə verilmiş bir medalyondur, o, evdə, qutuda saxlamaq və hərdənbir baxıb fəxr etmək üçün bizə lazımdır.

Onun praktik yox, poetik, romantik faydası var var. Mən ta Nizami Gəncəvidən başlayıb Axundova qədər uzanan mədəniyyət tariximizin keçdiyi yolu burada təsvir etmək istəmirəm. Əgər sənət bir xalqa işğal ağrısını unutdurmaq üçün ağrıkəsici kimi verilirsə, o, gözəl ola bilməz, faydalı olmalıdır.

Qərb ailəni cəmiyyətə, cəmiyyəti sənətə qurban verdi, özünü komfort zonasından çıxarmağı bacardı. Biz komfort zonamıza xələl gəlməsin deyə, hər şey uğrunda yalnız qoyunları qurban verdiyimiz üçün bu gün həsrətini çəkdiyimiz, hətta gizli-gizli “müasir” deyib can atdığımız dəyərlərin hamısı müasir dünyanın keçmişdir. Yəni bizim gələcəyimizi şəkilləndirən gizli arzular, dünyanın gerçək xatirələridir.     

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri