24 
Yan
2020
11:38
39
8
2471
Virtual karabakh

Artritə qarşı kurkumin

Artroz – artritin ən çox yayılmış növü sayılan degenerativ oynaq xəstəliyidir. Adətən, bu xəstəlik yaşlılar arasında qarşımıza çıxır. Lakin artroz orta və ya daha erkən yaşda, xüsusən də daha əvvəl oynaq zədəsi olduqda başlaya bilər.

Fiziki məşqlər, gərilmə, əsa, artıq çəkinin atılması, ağrıkəsici və iltihab əleyhinə dərmanlar - müalicə sayılmır və bu metodların heç biri effektiv deyil. Bu vasitələr ya ümumiyyətlə fayda vermir, ya da yalnız azacıq kömək edir. Steroid və ya sintetik məlhəmlərdən də istifadə edə bilərsiniz.

Heç bir şeyin kömək etmədiyi halda, oynaq əvəzləmə əməliyyatı çox təsirli ola bilər. ABŞ-da hər il təxminən bir milyon oynaq əvəzetmə əməliyyatı (əsasən ayaq biləyi və bud) həyata keçirilir.

Osteoartritli insanlar artritə kömək edə biləcək hər şeyi sınayırlar. Xəstələr tez-tez iltihab əleyhinə məhsullar, antioksidantların daxil olduğu pəhriz, qlutenin az olduğu pəhrizlər haqqında soruşurlar. Lakin bu pəhriz yanaşmalarının işə yaraması barədə ədəbiyyatda çox az sübut var.

Oxucularımıza barəsində məlumat vermək istədiyimiz Harvard Health Publishing tərəfindən dərc olunan yeni araşdırma diqqətəlayiqdir: araşdırma ehtimal edir ki, təbiətdə adi ədviyyat şəklində rast gəlinən kurkumin maddəsi osteoartroza kömək edə bilər.

Diz oynaqlarının osteoartrozuna qarşı kurkuminlə bağlı yeni araşdırma

Tədqiqatda diz oynağı osteoartriti simptomları olan 38 yaşdan 65 yaşa qədər olan 139 nəfər iştirak edib. Əhəmiyyətli böyrək və ya mədə xəstəliyi olan insanlar tədqiqat zamanı istisna edilib. Onların simptomları ən azı orta ağırlıqda olub və qeyri-steroid iltihab əleyhinə preparatla (QSİƏP) müalicə tələb edib. Bir ay ərzində onlara QSİƏP diklofenak (50 mq gündə iki dəfə) və ya kurkumin (500 mq gündə üç dəfə) verilib.

Nəyə görə kurkumin? Sarıkök ədvalarında olan bu təbii maddə iltihab əleyhinə təsirə malikdir. Kurkimin istifadəsinin ürək-damar xəstəlikləri, artrit və bir çox digər xəstəlikdən qoruduğu məlumdur.

Tədqiqatın nəticələri:

Hər iki müalicə üsulu artrit simptomlarını zəiflətdi və eyni dərəcədə kömək etdi: kurkumin istifadə edənlərin 94 faizi, diklofenak qəbul edənlərin isə 97 faizi ən azı 50 faiz yaxşılaşdıqlarını bildiriblər.

İnsanlar kurkuminin daha az yan təsirləri olduğunu bildirdilər. Məsələn, kurkumin qəbul edən təcrübə iştirakçılarının heç biri mədə problemləri üçün müalicəyə ehtiyac duymadı, lakin diklofenak qəbul edənlərin 28% -i müalicəyə ehtiyac duyurdu.

Kurkumin istifadəçiləri cəmi dörd həftə ərzində çəkisinin orta hesabla 2%-ni itirdilər.

Tədqiqat böyük miqyasda deyildi və cəmi bir ay davam etdi.

Yalnız diz oynaqlarının osteoartrozu araşdırılıb. Kurkuminin digər oynaqların artrit və osteoartrozuna necə təsir göstərdiyi məlum deyil.

Kurkumin, diklofenakın yalnız bir doza səviyyəsi ilə müqayisə edildi (ən çox tövsiyə olunan doza deyil). Bundan əlavə, tədqiqatda istifadə olunan diklofenak qoruyucu təbəqə ilə örtülməmişdir (diklofenak qəbul etdikdən sonra qastritin qarşısının alınması üçün hazırlanmış örtüklü diklofenak da mövcuddur). Kurkuminlə başqa bir QSİƏP və ya diklofenakın fərqli bir doza və ya tərkibi müqayisə olunsa, bu tədqiqatın nəticələri fərqli ola bilərdi.

Tədqiqat iştirakçıları və tədqiqatçılar kimin kurkumin, kimin isə QSİƏP qəbul etdiyini bilirdilər. Bu fakt da bəzən yan təsirlər və ya faydalarla bağlı gözləntilər səbəbindən bir araşdırmanın nəticələrini dəyişdirə bilər.

Pəhriz dəyişikliklərinin artrit üçün faydalı ola biləcəyini anlamaq üçün bu növ tədqiqat həyati vacibdir. Sözügedən yeni araşdırmanın diz oynağı osteoartritinin müalicəsi kimi kurkuminə dəstək verməsinə baxmayaraq, osteoartrit və digər oynaq xəstəliklərinin daha uzunmüddətli tədqiqatlarına, həmçinin kurkuminin təhlükəsizliyi barədə daha geniş sınaqlarına etibar etmək istərdik.

Sevinc İbrahimova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri