27 
Yan
2020
17:55
26
240
5860
Virtual karabakh

Bakıda daha bir iyrənc mənzərə: Qanunsuz ət kəsiminə niyə göz yumulur? - FOTO

Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nizami küçəsində qanunsuz fəaliyyət göstərən ət kəsimi məntəqələri sakinləri narahat edir.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda qeyd olunub.

Bildirilib ki, qəsəbədə bir-birinə yaxın məsafədə yerləşən iki ət kəsimi məntəqəsində antisanitar vəziyyət hökm sürür. Sakinlər iddia edirlər ki, vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət ediblər:

“Ət kəsimi məntəqələri 166 saylı tam orta məktəbin və Heydər Əliyev Parkının yanında yerləşir. Sentyabr ayında qəsəbə sakinləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə hər iki məntəqədəki antisanitar vəziyyət və mənşəyi bilinməyən ət kəsimi ilə bağlı müraciət etsələr də, nəticəsi olmayıb.

Sentyabr ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Bildirdik ki, hər iki məntəqədə antisanitar vəziyyət var. Kəsilən heyvanların yoxlanışdan keçib-keçmədiyi də bəlli deyil. Kəsilən heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarətində deyil.

Ətlərin yoxlanışdan keçirilməməsi və məntəqələrdə olan antisanitar vəziyyətdən həm narahat, həm də narazıyıq. Agentlik müraciətimizə baxıldığını və tədbir görüldüyünü bildirsə də, biz dəyişiklik hiss etmirik”.

Xatırladaq ki, 2018-ci ilin iyununda Prezident İlham Əliyev Azərbaycanda müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sərəncam verib. Bu sərəncama əsasən, AQTA-ya ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi tapşırılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri