Fev
2020
16:40
27
90
3361
Virtual karabakh

Lizinq haqqında nə bilirsən?

6 Fev, 2020
16:40
3361

Lizinq haqqında nə bilirsən?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Hələ Aristotel “Ritorika”da qeyd etmişdi ki, sərvət əmlaka sahib olmaq deyil, onu istifadə edərək gəlir əldə etməkdir. Bu da lizinqin əsasıdır. Ancaq, təəssüf ki, bu, çox maraqlı və dəyərli maliyyə aləti ölkəmizdə düzgün istifadə edilmir. Halbuki o, sahibkarlar üçün çox sərfəli ola bilər.

Hələ 90-cı illərdə İstanbulda bankçılıq təhsili alarkən lizinqin Türkiyədə tətbiqini də öyrənmişdik. Hər bir Türkiyə bankının təsis etdiyi lizinq şirkəti var. Bu şirkətlər sahiblərinə böyük gəlir, müştərilərə isə dəstək verirdi.

Lizinq maliyyə xidməti təqdim edərək, gəlir əldə etmək məqsədilə hər hansı bir əmlakın icarəyə götürülməsi və istifadəsidir. “Leasing” ifadəsi ingiliscənin “Lease” (icarəyə vermək) sözündən yaranıb.

Lizinqin müxtəlif növləri mövcuddur. Amma Azərbaycanda ona kredit kimi baxır və qəbul edirlər. Əsasən, onu avtomobil əldə etmək üçün istifadə edirlər. Halbuki lizinq daha geniş xidmətdir, çox xeyir verə bilər, amma sahibkarların bundan xəbəri yoxdur. Digər tərəfdən, qanunvericilikdə də yanlışlıqlar var. 

Nümunə üçün avtomobil lizinqini götürək. Yerli qanunvericiliklə lizinq üçün idxal olunan avtomobil gömrükdə ƏDV-dən azad olunur, amma onu lizinq şirkəti özü etməlidir. Bu, o deməkdir ki, həmin avtomobili, yaxud avadanlığı lizinq şirkəti özü idxal etməlidir. Əgər həmin avtomobili yerli dilerdən əldə edərsə, ƏDV-dən azad olmur. 

Burada bir məsələyə toxunum ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Rəsmi diler avtomobili istehsalçıdan əldə edib, ölkəyə ixrac edib, onun satışını və servisini həyata keçirməlidir. Lizinq şirkəti isə maliyyə xidməti göstərməldir. Yəni həmin dilerdən avtomobil əldə edib, müştərisinə icarəyə verməlidir. Amma hazırda belə əməliyyat edilərsə, ƏDV-dən azad olmur. Halbuki diler şirkəti onu büdcə ilə əvəzləşdirə bilər. 

Digər tərəfdən, sahibkarların lizinq xidmətinin üstünlükləri haqqında heç bir məlumatı yoxdur. Bu da lizinq şirkətlərinin və bankların günahıdır. Sahibkarlar və hüquqi şəxslər üçün lizinqin üstünlüyündən biri odur ki, lizinq ödənişləri xərclərə oturur və rəsmi olaraq verginin azalmasına gətirir. Yəni şirkətlər maraqlı olmalıdırlar ki, əsas vəsaitləri əldə edərək, balansda saxlayaraq, ona vergi vermir, bir də ödənişləri xərcə yönəldirlər.

2000-ci illərin əvvəlində xarici şirkətlə birlikdə Bakıda avtomobillərin lizinqi üçün şirkət qurmaq istəyirdik. Bu məqsədlə öncə onların Kiyevdəki şirkətində olub, fəaliyyətiləri ilə tanış olduq. Çox uğurlu iş qurulmuşdu. Əsas müştəriləri isə xarici şirkətlər idi. Qayıdandan sonra Azərbaycanda bazar araşdırması etdik. Nəticələrə görə, bu xidmətlə, əsasən, burada fəaliyyət göstərən xarici şirkərtlər maraqlandılar. Onlar avtomobili 3-5 il istifadədən sonra geri qaytarmaq variantını seçmişdilər. Azərbaycan şirkətlərinin nümayəndələri isə həmin avtomobili qalıq qiymətinə əldə etmək istəyi göstərmişdilər. 

Avtomobilin müqaviləsi bitəndən sonra geri qaytarmaq və yenisini götürməyin məqsədi isə odur ki, şirkət köhnə avtomobili əldə etməyin mənasız olduğunu anlayır. Köhnə avtomobil artıq aşınıb, onun təmirinə əlavə maliyyə qoyuluşu lazımdır. Onu satmaq isə elə də gəlir gətirməyəcək. Bu qədər başağrısı nəyə lazımdır, yaxşısı başağrısını lizinq şirkətinin üstünə atıb, əvəzində yeni avtomobili icarəyə götürür. Avtomobilin servisi və təmiri lizinqverənin üzərində olur. Baxın, müştəri nə qədər problemdən uzaq olur, ancaq öz fəaliyyətini edərək, mənfəət əldə edir.

Bizim sahibkar isə düşünür ki, mən 3-5 il maşının pulunu vermişəm, necə mənim olmasın ki?! Sonra da vaxt və vəsait itirib, onu satmağa çalışır, sonunda qəpik-quruş qazanır. Yəni buna kredit anlaşması kimi yaxınlaşır.

Əgər daha ciddi avadanlıqlara gəlsək, bu daha da böyük xeyirlər verir. Həmin avadanlıqlar vasitəsilə istehsalat yaratmaq olar. 

Bundan başqa, lizinq anlaşması zamanı girov müqavilənin predmeti olan avtomobil, avadanlıq, daşınmaz əmlak olur. Yəni onlar lizinq şirkətinin sahibliyində olur, müştəridə isə istifadə hüququ. Amma bir məsələ var ki, ödənişi etmədinsə, lizinqverən onu geri götürə bilər. Amma eyni məsələ kreditlə də baş verir. Fərqi yalnız ondadır ki, məhkəməyə gedib, xərc etməyə ehtiyac qalmır.

Bir sözlə, bu xidmət doğru istifadə edilsə, hamıya xeyir gətirə bilər. Bunun üçün sahibkarlar arasında maarifləndirmə işi aparmaq lazımdır. Digər tərəfdən, qanunvericilikdə dəyişikliklər olarsa, lizinq fəaliyyəti üçün güzəştlər əlavə edilərsə, hər bir lizinq predmetinin alışı ƏDV-dən azad edilərsə, bu sahədə inkşaf baş verər.

Hər bir insanın məqsədi çalışıb, əməyi qarşılığında gəlir əldə etməkdir. Bunun üçün isə, Aristotel demişkən, qazanc alətinə sahib olmaq şərt deyil, ondan istifadə etmək imkanı olmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri