16 
Fev
2020
14:35
30
215
4459
Virtual karabakh

Yaponiyanın inkişafında “təbəə psixologiyası”nın rolu

16 Fev, 2020
14:35
4459

Yaponiyanın inkişafında “təbəə psixologiyası”nın rolu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

1980-ci ildən üzü bu yana dünyada müzakirə və mübahisə doğuran bir Yaponiya mövzusu var.

ABŞ-da intellektual çevrələrdə deyirlər ki, bizdə bütün mübahisələr Hitler və Hind mistisizmi haqqında subyektiv mülahizələrlə başa çatır. Dünyada isə bu iki sonluğa Yaponiyanın inkişaf sürəti də əlavə olunur. 

Hər şey 1854-cü ildə ABŞ dəniz donanmasının Yaponiyaya hücum edib Tokuqava rejimini hərbi təzyiq yolu ilə Kanaqava müqaviləsini imzalamağa məcbur etməsi ilə başladı. 

Yaponlar Qərbin barıt qoxusunu çox-çox əvvəldən tanıyırdılar. 1570-ci illərdə portuqal, holland, ispan və ingilis tacirləri Naqasaki limanına gəlib çıxmışdılar və buradan Avropaya yapon gümüşü, Çin ipəyi daşıyır, əvəzində yaponlara müşket tüfəngləri satırdılar. Avropa tacirlərinin arxasınca bu limana, dünyanın hər yerində olduğu kimi, xristian missionerləri gəldilər və yapon xalqını xristianlaşdırmaq üçün ölkənin dərinliklərinə yayıldılar. Ta ki Tokuqava 1612-ci ildə bütün xristianların Yaponiyanı tərk etməsi əmrini verənə və 1637-ci ildə Şimabara bölgəsində 37 min xristian qətlə yetirilənə qədər. 

Bundan sonra Yaponiya dünyaya qapalı elan edildi. 250 il davam edən qapalı Edo dövrü başladı. Yaponiya şintoizm yuxusuna getdi.

Tokuqava rejiminin samurayları və syoqunları (generallar) ABŞ ordusunun və Qərbin təzyiqlərinə tab gətirmədilər, rejim taxtı 1868-ci ildə Meydzi xanədanına təhvil verəsi oldu.

Yaponiyanın sonrakı inkişafının ideoloji əsasları bu dövrdə qoyuldu, başda ABŞ olmaqla Qərb ölkələrinin hərbi təzyiqi ilə. Bunu unutmayaq!

40 il boyunca davam edən və əsas şüarları “fukoku kyohei” - “zəngin xalq - güclü ordu” və “şokusan kogyo” - “sənayeni inkişaf etdir, şirkətləri dəstəklə” olan Meydzi islahatları altdan-altdan “obei ni oikose”, yəni Vaqifin şirin dilinə çevirsək, “Avropa və Amerikanı ötüb keç” deyə Qərbi bir hədəf kimi göstərirdi. Halbuki Yaponiya bu dövrdə Qərbi deyil, öz-özünü aşmaqla məşğul idi. 

“Zəngin xalq – güclü ordu” fəlsəfəsinin nəticəsi bu oldu ki, 1905-ci ildə Tsuşima döyüşündə yaponlar rus donanmasını darmadağın edib dünyaya özlərinin yeni gücünü göstərdi. Bu qələbədən sonra Yaponiyanın imperialist iştahası gücləndi və yapon ordusu Asiya ölkələrini işğal etməyə başladı. Ancaq o, işğal etdiyi Asiya ölkələrində asiyalılarla deyil, daha çox avropalılarla üz-üzə gəldi. Birinci Dünya müharibəsində məğlub olub dünya gücü mövqeyini itirən Almaniya bu gücü yenidən özünə qaytarmaq üçün İkinci Dünya müharibəsinə girişində onunla eyni cəbhədə yer alaraq Yaponiya ABŞ-la müharibəyə girmiş oldu və bu müharibə Yaponiya adlı dövlətin yer üzündən silinməsi təhlükəsinə qədər böyüdü. 

Sonrasını hamımız bilirik: Xirosima və Naqasakiyə atom bombası atıldı. Bunu görən ruslar da 1905-ci ilin qisasını almaq üçün Yaponiyaya müharibə elan etdilər və imperator Hiro Hito ona toxunulmaması şərtilə Yaponiyanın təslim olduğunu elan etdi.

Dünyanın müzakirə və mübahisə etdiyi sual da bu dövrdən sonra yaranır; xarabalığa çevrilən bir ölkə necə oldu ki, cəmi-cümlətanı otuz ildə ayağa qalxmağı bir yana, dünyanın ən modern gücünə çevrildi?

ABŞ ordusu Yaponiyanı işğal etdikdən sonra ilk işi yapon ordusunu ləvğ etmək oldu. Amerikalı general Duqlas Makartur 1946-cı ildə Yaponiya üçün yeni bir konstitusiya hazırladı. Bu konstitusiyaya görə, imperator simvollaşdırıldı, yapon xalqı hər hansı məsələdə güc istifadə etməkdən məhrum edildi və hər hansı qoşun növü yaratmaq, saxlamaq qadağan olundu.

Yaponiyanın təhlükəsizliyi ABŞ əsgərlərinə həvalə edildi. 

Müharibəyə girirkən 2 milyonluq əsgəri büdcəyə sahib olan Yaponiya bundan sonra bu pulu humanitar sahələrə, təhsilə, sosial layihələrə xərcləməli idi. Bu, işğal siyasətinin əmri idi. Bu işğalla Yaponiya qeyri-rəsmi olaraq bir ABŞ müstəmləkəsi vəziyyətinə düşdü. Ərazisinin Amerika əsgərləri tərəfindən qorunması ilə yanaşı, ölkənin siyasi-iqtisadi strukturu da ABŞ modelini örnək aldı. Amerikalılar özləri də Yaponiyaya “Uzaq Şərq” deyil, “Yaxın Qərb” deməyə başladılar. Bu vaxtilə Tokuqava rejimini hərbi təzyiq yolu ilə devirib, Yaponiyanı ilk sənayeləşmə dövrünə itələyən ABŞ-ın 80 ildən sonra bu ölkəni yenidən silah gücünə yeni bir sənayeləşmə dövrünə girməyə məcbur etməsi idi. Yəni Yaponiyanın tarixində iki inkişaf mərhələsi var ki, hər ikisinin müəllifi ABŞ ordusudur. Bəlkə də, qapalı ölkə olaraq qalsaydılar, yaponlar daha irəli gedəcəkdilər. Amma bu, pozitiv bir fərziyədir. Bunun neqativ əksi olan fərziyə də istisna deyil; bəlkə də, ABŞ müdaxiləsi olmasaydı, yaponlar hələ də “tenno haika banzai” (“Yaşasın İmperator”) deyərək, problemləri “Allahu əkbər” deyib ölümə getməklə həll etməyə çalışan günümüzün müsəlmanları kimi öz inanc və ənənələrinin qaranlığında özləri ilə qürur duyacaqdılar. 

Tarixi reallıq isə budur ki, Yaponiyanı istər XIX, istər XX əsrdə iqtisadi gücə çevirən ABŞ-ın hərbi müdaxiləsi oldu. İlk müdaxilədən 100 il sonra, 1968-ci ildə Yaponiya artıq inkişaf etmiş ölkələr arasında ABŞ-dan sonra ikinci idi. 

Bu inkişafda hər nə qədər yapon xalqının məğlubiyyətlə barışmamaq, nə yolla olur-olsun onun əvəzini çıxmaq, yerini doldurmaq kimi milli psixologiyasına xas olan inadkarlıq vərdişləri rol oynasa da, sistem və fəlsəfə dəyişmədən bu cür sürətli inkişafa nail olmağın mümkünlüyü haqqında əlimizdə heç bir tarixi fakt yoxdur.

Hətta mən müharibə xarabalıqları üzərində Yaponiyanın bu cür qısa müddətdə inkişaf etməsində yaponların “təbəə psixologiyasının” rolunu ən üst pillədə görürəm. Yuxarıların göstəriş və əmrlərini sorğu-sualsız yerinə yetirməyi ictimai əxlaq norması kimi mənimsəmiş təbəə həmrəyliyinin gücü bir çox ölkənin tarixində öz izlərini qoyub. Keçmiş SSRİ-yə miras qalan çar Rusiyasının təbəəlik ruhu qısa müddətdə dünya müharibəsini udub, xış ölkəsini atom ölkəsinə çevirdi və kosmosu fəth edib, təməlləri modern dəyərlər üzərində atılmış ABŞ kimi bir dövləti özü ilə rəqabətə girməyə məcbur etdi. Yaxud islamı dünyaya yaymaqla görəvləndirilmiş Osmanlı təbəəliyi özünün ənənəvi əsgəri ruhu ilə bu gün də Türkiyənin siyasət meydanında söz sahibi olmasına canla-başla xidmət edir. 

Yaponlarda da eyni şey baş verdi. İmperatorun təbəələri ABŞ nəzarətindəki yeni elitanın məqsədlərinə yönləndirildi və inqilabi ideologiya ilə silahlandırılmış yorulmaq bilməyən təbəə zəhmətkeşliyi ölkəni 20 il ərzində dünya gücünə çevirdi. Təsadüfi deyil ki, bu gün də Yaponiyada insanlar “karoşi” deyilən bir xəstəlikdən əziyyət çəkir, hətta gənc yaşlarında tələf olurlar. “Karoşi” – çox işləməkdən yaranan psixoloji tükənmədir. İşə gecikənlərin güllələnməsi əmrini verən Hitler də alman xalqından gecəsi-gündüzü olmayan faşizm təbəəliyi yaratmışdı.       

Nəticə isə budur ki, 4 trilyon dollar həcmində milli gəliri ilə Yaponiya bu gün ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadi gücüdür, İngiltərə, Almaniya və Fransanın cəminə bərabər bir iqtisadi güc.

Şah İsmayıl Xətaidən bizə də döyüşkən şiə təbəəliyi miras qalmışdı. Ancaq o gücü İran İslam İnqilabi dəyərləndirdi və ələ keçirdi. Vaxtilə İran torpaqlarında türk elitasına xidmət edən şiə təbəəliyi bu gün türk millətçiliyinin əleyhinə istifadə olunur. 

Halbuki biz şah atamızdan qalan bu gücü ələ keçirib keçmişi qorumağa deyil, gələcəyi yaratmağa yönəldə bilərdik. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri