14 
Fev
2020
20:45
37
219
4920
Virtual karabakh

Sevgililər günü

14 Fev, 2020
20:45
4920

Sevgililər günü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Bu gün 14 fevral - Sevgililər günüdür, hamı bunu təmtəraqla qeyd edir, çox sayda “mişka” oyuncaqlar öz sahibələrini tapır, hamı xoşbəxt olur. Amma…

Sevgililər gününün tarixçəsinə göz atsaq, görərik ki, müqəddəs Valentin bir-birilərini sevən, amma evlənmək icazəsi olmayanlar arasında nikah bağlayırdı. Elə o zamanlar Roma imperatoru II Klavdi gənc oğlanların evlənməsinə qadağa qoymuşdu ki, onlar Sezarın ordusunda döyüşərkən evdəkiləri və ailəsini düşünməsin. Subay əsgəri evdə gözləyən yoxdur, yəni itirəcəyi heç nə olmadığı üçün daha amansızcasına döyüşəcək. Həmin orduda həm həkim, həm də rahib olan Valentin isə əsgərləri gizli evləndirirmiş. Elə ona görə də həbs, sonradan isə edam olunur. Ölümündən illər sonra Xrisitian kilsəsi onu müqəddəsləşdirib, edam gününü isə “Sevgililər günü” kimi elan edib. 

Sevgililər gününün əfsanəsi belədir. Reallıqda isə hadisənin necə baş verdiyi haqqında tam məlumat yoxdur. Tarixi hadisələr çox zaman yazıçılar və şairlər tərəfindən o qədər şişirdilir ki, əfsanəyə çevrilir.

Bizim ölkədə də bu bayrama hər il hazırlıq gedir və qeyd edilir. Qadınlar sevdiklərindən hədiyyə, sevgi etirafı və evlilik təklifi gözləyirlər, hamısı birində, yaxud ayrı-ayrı. Bu günə hamı yüksək əhval ruhiyyə və inamla başlayır, amma axşama bəziləri məyusluq keçirirlər, çünki “mişka” gəlir, amma evlilik təklifi yox.

Amma düzünü desəm, bizdə bu bayramı qeyd etmək nə qədər doğrudur? 

Bizim cəmiyyətdə tez-tez qarşılaşdığımız və ənənəyə çevrilən hallardan biri sevdiyin ilə deyil, ananın dediyi qız, yaxud oğlanla evlənməkdir. Yəni, oğlan öz anasına sevgilisi olduğunu etiraf etmək təqdirində deyil, onunla evlənmək istədiyini deyib, müdafiə edə bilmir. Qızlar da həmçinin, hətta valideynlər buna pis baxır. 

Demək istəyəndə isə ana ona hirslənib deyir ki, “Sən hələ uşaqsan, anlamırsan, əmin qızı (dayın qızı, xalan qızı, atanın dostunun qızı, ananın rəfiqəsinin qızı, atanın müdirinin qızı və sairə) sənin üçün ən sərfəli variantdır. Bax məni də atana valideynlərim verib, pisdir??? Sevgi-zad boş şeydir. Ağlını başına yığ!” yaxud “Əgər sevdiyinlə evlənmək istəyirsən, onda get öz əlin, öz başın. Mama-papadan dəstək, pul gözləmə. Görüm, ailəni necə dolandıracaqsan!”

Bu “şantaj”lardan sonra “uşaq” heç nə deyə bilmir, valideynlərinin sözünü yerə salmayaraq, seçim ixtiyarını onlara verir. Sevdiyi qıza da deyir ki, “mamanın dediyini almaq məcburiyyətindəyəm, başqa çarəm yoxdur”. Həmin qız da məyus olub, öz anasının-atasının istəyi ilə sevmədiyi insana ərə gedir. Sonunda iki bədbəxt ailə yaranır.

İlk növdəbə valideynlər uşaqlarına seçim azadlığı verməlidirlər. Səhv edərsə də, öz səhvi olar. Belə hallarda hər iki tərəf öz seçimləri olduğu üçün problemi sərbəst həll etməyə çalışırlar. Çox zaman da həll tapırlar. 

Valideynlərin seçimi olan ailələrin 95 faizi xoşbəxt deyillər. Ailə zəngin ola bilər, kasıb da ola bilər, amma xoşbəxtlik pul ilə ölçülmür. Ailədə xoşbəxtlik iki tərəf arasında olan xoş münasibət, sevgi, qarşılıqlı anlama, birlikdə qərar qəbul etmə və bir-birinə dayaq olaraq dəstək verməkdən irəli gəlir. 

Uşaqları belə qərarsız şəkildə yetişdirib, bütün qərarları valideynlər etdikləri təqdirdə, həmin şəxs heç zaman sərbəst qərar verə bilməyəcək, ömrü boyu valideynlərindən asılı qalacaq. Valideynlər isə uşaqlarını xoşbəxt görmək istəyi ilə bədbəxt edir. 

Statistikaya görə, boşanandan sonra ikinci dəfə ailə quranların çoxu xoşbəxt olur. Səbəbi də ikinci dəfə sərbəst seçim və qərardır. Bu da göstəricidir.

Sevgililər gününüz mübarək olsun!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri