20 
Fev
2020
14:58
162
14
2239
Virtual karabakh

Saxta yuyucu vasitələr istehsal edən dəstə üzvləri məhkəmə qarşısında

Qaçaqmalçılıqda və saxta yuyucu vasitələr istehsal etməkdə ittiham edilən Vidadi Əliyev, Ağaverdi Tarıverdiyev, Ülvi Əliyev, Anar Qasımov və Natiq Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Ağcabədi rayonu, Salmanbəyli kənd sakini Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Tac” marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən 20 kiloqramlıq 630 ədəd üzərində “Sarda” sözü yazılmış, Türkiyədə istehsal olunduğu qeyd olunan 20 kiloqramlıq 310 ədəd “Gürcel” sözü yazılmış, 110 ədəd üzərində “Dekso” sözü yazılmış boş yuyucu toz kisələri, 671 ədəd “Ariel” markalı müxtəlif tutumlu yuyucu tozlar, 1773 ədəd üzərində “Head & Shoulders” sözləri yazılmış saç şampunları və digər saxta məhsullar aşkar edilib.

Bundan başqa, Ağcabədi rayon sakini Bünyadov Kamil Aydın oğluna məxsus “Mersedes Benz” markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində “Ariel” sözləri yazılmış 562 kiloqram yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər aşkar edilərək götürülüb.

Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilib.

Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülüb.

O cümlədən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülüb.

Keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə, müvafiq standartların tələblərinə uyğun gəlməməsi, ölçülərin, çəkilərin, qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.

Qeyd edilən faktlarla əlaqədar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidad Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Binəqədi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Baş İdarə tərəfindən aparılmış istintaq zamanı fiziki şəxs Anar Qasımov, habelə onun təsisçisi olduğu “Uğur-Kimya” MMC, fiziki şəxslər Ülvi Əliyev, Mübariz Abdullayev, Ağaverdi Tarıverdiyev və Vidadi Əliyevin qara mühasibatlıqdan istifadə etmə yolu ilə xüsusi razılıq və ya lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına və bu hərəkətləri ilə vergidən yayınmalarına əsaslı şübhələr müəyyən edildiyindən, vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması haqqında məhkəmə tərəfindən qəbul edilmiş qərarlar icraya yönəldilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri