24 
Fev
2020
22:00
34
113
5239
Virtual karabakh

İntihar çatmayan sevgidir

24 Fev, 2020
22:00
5239

İntihar çatmayan sevgidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəşəm Nəcəfzadə yazır...

Bu yaxınlarda saytlarda bir gün ərzində doqquz intihar hadisəsi ilə bağlı xəbər oxudum. Mən hələ intihara cəhd hadisələrini bu saya daxil etməmişəm. Özünü hündürmərtəbəli binalardan, körpülərdən atmaq, müxtəlif vasitələrlə asmaq və damarlarını doğramaq adi bir məişət və sosial hadisə kimi yadda qalır. Elə bil bu hadisələr bizim cəmiyyətdə baş vermir, oxuyuruq, heç nə olmamış kimi o dəqiqə də unuduruq.

İntihar hadisələri gündən-günə artmaqdadır. Özü də belə hadisələr yeniyətmələr, xüsusən uşaqlar arasında daha çoxdur. Bir uşağın intiharı yaşadığımız cəmiyyət üçün çox ciddi bir xəbərdarlıqdır və bu intiharın “baş tutması”, təəssüf ki, özündən sonra baş verən intiharların dayandırılması üçün vasitəyə çevrilə bilmir. Problem də elə bundadır.

İntihar problemi psixoloqlar tərəfindən dəqiq anaiz edilsə, şübhəsiz ki, gələcək faciələrin qarşısı  vaxtında alınar. Təəssüf ki, psixoloq çatışmazlığı və həm də psixoloqların savadının yetərincə olmaması, onların mövcud məsələyə biganəliyi ölüm hadisələrini öz axarına buraxır. İndiki zamanda intihara cəhd bizim ayıqlığımızdan və psixoloji  savadımızdan qat-qat sürətlidir.

Əvvəla, valideynlər psixoloji nöqteyi-nəzərdən yetərincə savadlı olmalıdır. Onlar uşaqlarının son vaxtlar hansı filmlərə daha çox baxdığını diqqətə almalı, onların hərəkət və davranışlarında baş verənlərə; gözlərini bir nöqtəyə zilləyib uzun-uzadı baxmaq, dırnaqları çeynəmək, özünə  qapanmaq, ruh düşkünlüyü, həvəssiz olmaq, yeməkdən imtina edib təkliyə çəkilmək hallarını   ciddi müşahidə etməlidirlər.

Uşaqların intihar səbəblərindən biri də valideynlərin ciddi tərbiyə üsulu ilə bağlıdır. Belə ki, azad olmaq istəyən uşaq ata-anasının ciddi zəhminin qarşısında özünü yaxşı hiss etmir.

Nəticədə, uşaq özünü gizlədir, daxili xüsusiyyətlərini büruzə vermir. Valideynlərin ciddi tərbiyə üsullarına tabe olsa da, məsuliyyətdən yaxa qurtarmaq üçün gizli yollar axtarır. Bəzən valideyn  uşaqda qeyri-müəyyən hərəkət müşahidə etsə də, sadəcə həmin məsələni uşağa sərt davranmaqla aradan qaldırmaq istəyir.

Ciddi nəzarətdən bezən uşaq daha da gizlənir. “Uşağı özbaşına buraxmaq omaz” prinsipi uşağı təkləyir, onu yalqızlaşdırır və nəticədə, ağlı o qədər də yetkin olmayan uşaq çıxış yolunu intiharda görür.

“Mənim uşağım  çox ağıllı, savadlı, tərbiyəlidir” deyən valideyn uşağın yaş xüsusiyyətlərini və psixoloji gərginliklərini unudur. Məsələn, beşinci sinifdə oxuyanda məktəbin döşəməsinə vurulan boyaq iyi məni canımdan bezdirmişdi. Heç kəs bunu bilmirdi. Kimə deyirdim, mənə gülürdü. Hətta valideynlərim də. Nəticədə, məktəbə beş il getmədim, oradan uzaqlaşdım. 

Bəzən sakit təbiətli uşaqlar intihara daha çox meyilli olurlar. Onlar özlərini intiharla ifadə edirlər.

Orta məktəblərdə psixoloqların işi kağız üzərindədir. Onlar vaxtında uşaqlar üzərində psixoloji müayinələr aparmırlar. Şəhərimizdə uşaq poliklinkalarında psixoloq-həkimlər olduqca azdır, əksəriyyəti isə qeyri-ixtisas sahibləridir. Özəl klinkalarında psixoloqun qəbulu olduqca bahadır. 

Valideynlərin maddi durumu onları psixoloqlardan uzaqlaşdırır. Bəzən valideynlər psixoloqları ciddi qəbul etmir, onların dediklərini cəfəngiyyat hesab edirlər. Nəticədə övladları intihar adlanan uçuruma yuvarlanır.

Vaxtilə intihara cəhd etmiş bir uşaq mənə danışırdı ki, o, atasından qorxduğu üçün bu yola əl atıb. Uşaq elə zənn edirmiş ki, bu fikir ağlına gələndə sakitləşir.

“Əvvəl kəndiri götürdüm, hündür bir ağaca çıxdım, kəndiri boğazıma keçirdim. Əslində, istəyirdim ki, bu səhnəni atam görsün, ürəyi pis olsun. Gəlib məni ağacdan qucağına alsın. Xeyli gözlədim. Mənim bu vəziyyətdə kiminsə görməsini  istəyirdim. Bunu qəhrəmanlıq kimi də düşünürdüm.

Gözlədiyim o an gəlib çatdı. Qonşu qadın çıxıb məni gördü. Sanki mən o qadını gözləyirmişəm. Sürətlə işə başladım. O qadın vaxtında çatdı, məni qucağına aldı, ağacdan yerə düşürdü”.

Göründüyü kimi, çox vaxt intihar sevginin, qayğının çatmadığı yerdə baş verir. 

Sevginizi çoxaldın, insanlar, intihar həmişə bizə hücum çəkir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri