25 
Fev
2020
15:55
18
40
1366
Virtual karabakh

Xocalı soyqırımının 28-ci ildönümü anıldı

25 Fev, 2020
15:55
1366

Xocalı soyqırımının 28-ci ildönümü anıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin və Xocalı tanıtım ictimai birliyinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ardınca konfrans iştirakçıları Memorial Soyqırım Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən  Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib, həmçinin Xocalı soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilib. 

Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, eləcə də uğurlu xarici siyasətin sayəsində artıq dünya ictimaiyyətinin əksər hissəsinin Xocalı soyqırımı barədə səhih və dolğun məlumatlara malik olduğunu bildirib. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan Xanlar Vəliyev, tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verməklə, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasında, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz fəaliyyətindən, bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs etdi.
Daha sonra, Hərbi Prokuror Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının müstəsna dərəcədə mühümlüyünü xüsusi vurğulayan Xanlar Vəliyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya Ədalət” kampaniyasından, o cümlədən Xocalı Soyqırımı haqqında doğru və dolğun məlumatların bütün dünyaya yayılması ilə bağlı səmərəli fəaliyyətindən də söz açdı.
Hərbi Prokuror bildirdi ki, bütün bunların nəticəsidir ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmiş, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları tərəfindən Xocalı faciəsi qətliam kimi qiymətləndirilərək qətiyyətlə pislənilmiş, həmçinin İslam Əməkdaşlıq Təşkilatı bu dəhşətli faciəni soyqırım kimi tanınıb.

Hərbi Prokuror qeyd edib ki, tarix boyu, o cümlədən ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırım törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib.

Təkcə Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılmış-1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra olunmuşdur. İstintaqla, o cümlədən iş üzrə həyata keçirilmiş müvafiq ekspertizaların ilkin hesablamalırına əsasən, müəyyən edilib ki, Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına yüz yetmiş milyon iki yüz əlli min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub.

Bundan sonra, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və Xocalı sakini Təhmasib Kərimov bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə geniş çıxışlar ediblər.
Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış soyqırım haqqında “Əsrin faciəsi” rəqəmsal video diski nümayiş etdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri