27 
Fev
2020
15:14
20
224
3138
Virtual karabakh

Bakıda taksilər koronavirusa qarşı dezinfeksiya olunurmu? - ARAŞDIRMA + VİDEOSORĞU

27 Fev, 2020
15:14
3138

Bakıda taksilər koronavirusa qarşı dezinfeksiya olunurmu? - ARAŞDIRMA + VİDEOSORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus təhlükəsi paytaxt sakinlərini hər gün daha çox narahat etməyə başlayır. Azərbaycanla qonşu olan İranda bu xəstəliyə yoluxma hallarının təsdiq edilməsi insanları bir az daha ehtiyatlı olmağa vadar edir. İnsanlar günün əsas hissəsini cəmiyyət arasında, ictimai yerlərdə keçirir. Vətəndaşlar gün ərzində dəfələrlə ictimai nəqliyyatdan və ya taksi xidmətlərindən istifadə edirlər.

Bəs görəsən ictimai nəqliyyatda vəziyyət necədir? Sərnişindaşıma şirkətləri sərnişinlərin təhlükəsizliyi üçün hansı tədbirlər görür? İctimai nəqliyyat vasitələrində dezinfeksiya işləri aparılırmı?

Oxu.Az məsələ ilə bağlı kiçik araşdırma aparıb.

Oxucuları diqqətli olmağa səsləyirik. Qeyd edək ki, vətəndaşlar daha çox müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edirlər.

İlk olaraq paytaxtda hərəkət edən avtobusların təmizliyi ilə maraqlandıq.

Sərnişinlər rahatlığına və təmizliyinə görə daha çox “BakuBus” avtobuslarından və sürücülərindən razılıq edirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, sərnişinlərin sağlamlığının daha da qorunması məqsədi ilə qabaqlayıcı tədbirlər görülür:

“Kəskin respirator infeksion xəstəliklərinin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayanda start verilib. Noyabr-oktyabr aylarından Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparır. Bu işlər şənbə günü gecə saatlarında aparılır. Məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan bir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa, bu halda həm avtobuslarda, həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər”.

Digər sərnişindaşıma şirkəti “Xaliq Faiqoğlu” balansında olan avtobuslarda təmizlik normalarına mütəmadi şəkildə riayət olunduğunu bildirib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir:

“Bununla yanaşı, əvvəlcədən müəyyən edilmiş proqrama əsasən, müntəzəm olaraq nəqliyyat vasitələri dezinfeksiya edilir. Bu məqsədlə ixtisaslaşmış təmizlik şirkəti ilə müqavilə imzalanıb və dezinfeksiya, eləcə də kimyəvi təmizləmə prosesi tələblərə uyğun formada həyata keçirilir. Son vaxtlar dünyada vüsət alan virusla əlaqədar şirkət tərəfindən dezinfeksiya işlərinə diqqət daha da artırılıb və bu həftənin bazar günü saat 10:30-dan etibarən avtobusların yenidən dezinfeksiyası planlaşdırılır. Kütləvi informasiya vasitələrini və ictimaiyyət nümayəndələrini prosesi izləmək üçün avtobus parkımıza dəvət edirik”.

Bəs görəsən taksi şirkətlərində vəziyyət necədir? Mövcud vəziyyəti öyrənmək üçün bu gün ən çox istifadə edilən taksi şirkətləri ilə əlaqə saxladıq.

“158” taksi şirkətində heç bir dezinfeksiya işləri aparılmır.

Bu barədə “158” taksi xidmətinin qeydiyyat şöbəsinin rəhbəri Ramil Qələndərov məlumat verib. Mövzu ilə bağlı suallarımızı cavablandıran R.Qələndərov şirkət taksilərində dezinfeksiya işlərinin aparılmadığını bildirib:

“Hazırda Azərbaycanda sözügedən xəstəliklə bağlı heç bir rəsmi məlumat olmadığı üçün dezinfeksiya tədbirləri aparmırıq. Bu barədə rəhbərliyimiz tərəfindən söhbət aparılmayıb. Əgər ölkədə bununla bağlı məlumat rəsmi qaydada təsdiq olunarsa, hər hansı tədbirlərin aparılması ilə bağlı məsələ müzakirə edilə bilər.

Biz sadəcə, sürücülərimizə tibbi maska taxmağı və avtomobillərdə spirt gəzdirməyi tövsiyə etmişik. Bu da təbii ki, tövsiyə olaraq deyilib”.

“9111” taksi şirkəti: “Bizim şəxsi avtomobillərimiz yoxdur”

Taksi şirkətləri arasında daha çox müraciət edilənlərdən biri də “9911” taksi şirkətidir. Şirkətin taksi parkının rəhbəri Aydın Həsənov bildirib ki, onların balansında avtomobil olmadığı üçün heç bir tədbir görə bilmirlər:

“Bizim şirkətin balansında avtomobil yoxdur. Şirkətlə əməkdaşlıq edən sürücülər öz şəxsi avtomobillərindən istifadə edirlər. Bu səbəbdən biz dezinfeksiya işləri apara bilmirik. Şirkətin şəxsi qarajı olsaydı, zəruri olan bütün dezinfeksiya, eləcə də təmizlik normalarına riayət olunardı. Lakin fərdi avtomobillər olsa da, biz sürücülərə tövsiyə xarakterli müraciətlər edirik. Sürücülərə tövsiyə edirik ki, hər gün avtomobillər yuyulsun, nəqliyyat vasitəsinin salonu səliqəli olsun. Amma bunlar təmizlik normalarına nə qədər cavab verir, sürücülər bu tövsiyələrə nə dərəcədə əməl edir, onu deyə bilmərəm”.

Mövzu ilə əlaqədar Baku TV şəhərdə sorğu keçirib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri