28 
Fev
2020
21:09
21
148
6215
Virtual karabakh

Mən o qədər varlı deyiləm

Ramin Musayev yazır...

İnsanlar həyatını təbii fəlakətlərdən çox yol qəzalarında itirirlər. Bunun da başlıca səbəblərindən biri təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Təhlükəsizlik kəmərləri barədə keçən yazımda qısa olaraq bəhs etmişdim. Bu dəfə isə digər bir ağrılı məsələ ilə bağlı danışmaq istəyirəm.

Avtomobil almaq hər kəsin arzusudur. Nəyin bahasına olursa-olsun, avtomobil alınır. Əlbəttə ki keçən yazılarımda yeni avtomobilin əldə olunması çətinlikləri ilə əlaqəli olaraq, ölkəyə çox sayda köhnə avtomobil idxal olunduğunu yazmışdım. Bu avtomobillər “qoca” olduqları üçün təmirə ehtiyacları var. Ucuz, ikinci əl avtomobil alan şəxsin əli gəlib yeni və orijinal ehtiyat hissələri almır. Anlamaq da olar, bahadır. Bazarda yaxud ehtiyat hissələri mağazalarında ”su qiymətinə” almaq imkanı olduğu təqdirdə, niyə gedib baha qiymətə almalıdır ki?! Amma…

Burada bir “əmma” var. Orijinal olmayan ehtiyyat hissələri də müxtəlif olur. 

Saxta ehtiyyat hissələri müxtəlif ölkələrdə daha ucuz materialdan və heç bir sertifikatı olmayan və standartlaşmadan keçməyən qurumlar tərəfindən istehsal olunur. Əlbəttə ki, bunların qiyməti çox ucuz olur. Həm də onlar orijinal qutuların surətini çıxararaq, bilavasitə orijinal adı ilə təklif olunur, amma dəfələrlə ucuz. 

OEM deyilən ehtiyat hissələri orijinalın kopiyası kimi rəsmi şəkildə və bütün standartlara uyğun gələrək istehsal olunur. Onlar avtomobil istehsalçıları ilə çalışırlar, hətta onları bu hissələr ilə təmin edirlər. Bunu istehsal edən çox sayda tanınmış şirkətlər mövcuddur. Onlar ölkəmizdə də təqdim olunublar. Bu ehtiyat hissələrinin üzərində istehsalçının loqosu olur, çünki avtomobil markasının istifadəsi qeyri leqaldır. Onların qiymətləri avtoitsehsalçılar tərəfindən satılandan ucuzdur, amma saxtadan baha.

Orijinal ehtiyat hissələri bilavasitə avtomobil istehsalçılarından ixrac olunanlardır. Bunlar əsasən avtomobil dilerləri tərəfindən təklif olunur və istehsalçı tərəfindən zəmanət verilir. 

Orijinal və OEM ehtiyat hissələrinin istifadəsi məqdbuldur. Saxta ehtiyat hissələri isə keyfiyyəti aşağı olduğundan təhlükəsizliyə nəinki heç bir zəmanət vermir, hətta onun ucbatından təhlükə yarana bilər. 

“Ölüxana”dan alınan ehtiyat hissələri qəza görmüş avtomobillərin üzərindən çıxarıldığı və artıq aşınmış olduğu üçün qısa müddət istifadə olunur. Söhbət dekorativ hissələrdən getmir, bilavastə “xadavoy” üçün olan hissələri nəzərdə tuturam.

Yeri gəmişkən, qeyd edim ki, işlənmiş şinlər də həmçinin təhlükə mənbəyidir. Çünki şinlərin yol səthi ilə ilişməsi az olduğu üçün həm tormoz yolu uzun olacaq, həm də yanacaq sərfiyyatı yüksək. Tormoz yolunun uzunluğu isə ekstremal anlarda çox vacib olur. 

Gələk maliyyətə. 

Deməli, saxta ehtiyat hissələri ucuz olduğu üçün keyfiyyəti də çox aşağıdır. İlk anda ucuz başa gəlməsi aldadıcıdır. Onun ömrü qısa olduğu üçün tez-tez dəyişmək lazımdır. Sonunda isə orijinaldan və OEM-dən baha başa gəlir, çünki sonuncular daha keyfiyyətlidir və uzun müddət qulluq edir. Yəni sonunda heç bir qənaət olmur, əksinə daha çox pul xərclənir. 

Baron Rotşildin “Mən o qədər varlı deyiləm ki, ucuz şey alım” ifadəsi burada lap yerinə düşür. Çünki, ucuz hissələr qənaətə deyil, artıq xərcə yol açır, həm də sürücünun və avtomobildə olan sərnişinlərin həyatını riskə atır.

Hesab edirəm ki, yollarda təhlükəsizliyin yüksəldilməsi üçün saxta ehtiyat hissələrinin ölkəyə idxalına qadağa qoyulmalıdır. İlk növbədə bu, gömrük xidmətinin üzərinə düşür ki, heç bir sertifikatı və mənşəyi məlum olmayan malları müəyyən edib, qarşısını alsınlar.

Onu satanlar isə öz mənafeyini güdərək, müştərinin təhlükəsizliyinə biganə qalır. Əminəm ki, bu haqda heç düşünmürlər. Ondansa, OEM idxal edib satsınlar, pulu da hallıqla qazansınlar. 

Ehtiyat hissələrini almağa qərar vermədən öncə düşünün və hesablama edin ki, nə qədər sərfəli olacaq. Təki həyatınız bahasına olmasın.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri