14 
Mar
2020
09:19
51
96
12672
Virtual karabakh

Ağızda quruluq və yapışqanlıq hissi nədən xəbər verir? - MÜSAHİBƏ

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox yayılan endokrinoloji xəstəliklər arasında birinci yeri şəkərli diabet tutur. Bu xəstəliyin dünya üzrə sürətlə yayılması, ildən ilə cavanlaşması həkim olaraq məni çox narahat edir. Hazırda Azərbaycanda 263 min nəfərdən çox insan şəkərli diabetdən əziyyət çəkir”.

Oxu.Az həkim-endokrinoloq Xatirə Almazova ilə müsahibəni təqdim edir:

- Şəkərli diabet xəstəliyi olan vətəndaşların sayı artırmı?

- Təəssüf ki, bəli. 2018-ci ilin statistikasına baxsaq, görərik ki, ölkəmizdə rəsmi olaraq 263 min nəfər şəkərli diabetdən əziyyət çəkir. Nəzərə alın ki, bu hələ rəsmi rəqəmdir. Diaqnostika olunmayan, qeydiyyata düşməyən minlərlə şəkərli diabet xəstəsi var. Təəssüf ki, bu səbəbdən statistik rəqəmlər heç vaxt dəqiq olmur.

- Bu gün endokrinoloji xəstəliklər arasında ən çox hansılar geniş yayılıb?

- Birinci növbədə şəkərli diabet, daha sonra qalxanvari vəzinin xəstəlikləri.

- Şəkərli diabet nədən yaranır?

- Şəkərli diabetin yaranmasına ilkin səbəb piylənmə, oturaq həyat tərzidir. Ümumiyyətlə, bu gün şəkərli diabet xəstələri arasında hər 10 nəfərdən 9-u ikinci tip şəkərli diabetdən, biri isə birinci tip diabetdən əziyyət çəkir. Azərbaycanda insanların yağlı qidalara üstünlük verməsi sağlamlığa xüsusilə ciddi zərbə vurur. Artımın səbəbləri isə insanların normadan artıq oturaq həyat tərzi keçirməsi, sağlam qidalanmaması, idmanla məşğul olmaması, stres, “fastfood” tipli hazır qidalardan çox istifadə etməsidir. Fiziki aktivlik yoxdursa, orqanizmdə piylənmə daha sürətlə gedir. Piylənmə özünü yalnız gözlə görüləcək dərəcədə artıq çəki ilə göstərmir. Bu proses daxili orqanların da funksiyasını pozur.

- Bu xəstəlikdə genetika nə qədər rol oynayır?

- Əlbəttə, burada genetik amillərin da rolu var. Şəkərli diabetin yaranmasında irsi meyillilik mühüm əhəmiyyətə malikdir. Diabetin iki tipi var: birinci və ikinci. Birinci tip şəkərli diabet ümumi şəkər xəstəliklərinin 5 faizini təşkil edir. Bu xəstəlik autoimmun mənşəlidir. Birinci tip şəkərli diabetin yaranması piylənmə və fiziki aktivliyin olmaması ilə əlaqəli deyil.

Ən çox müşahidə edilən stres, kalorili qida, qazlı, rəngli içkilər və passiv həyat tərzi səbəbindən meydana gələn ikinci tip şəkərli diabetdir. Əgər bir ailədə ata, ana, baba, nənə, bacı-qardaşda şəkərli diabet varsa, həmin şəxslərin bu xəstəliyə tutulma riski digərlərinə nisbətən daha çoxdur. Bundan əlavə, insanların istifadə etdiyi bəzi dərman preparatları bu xəstəliyin yaranmasına səbəb ola bilir.

- Xəstəlik ilkin mərhələdə aşkarlanarsa, ağırlaşmanın qarşısını almaq olarmı?

- Bəli, əlbəttə. Şəkərli diabetdən öncə prediabet (şəkər önü) adlandırdığımız mərhələ var. Xəstəlik bu mərhələdə aşkarlanarsa, onun şəkərli diabetə keçməsinin qarşısını almaq mümkündür. Lakin şəkərli diabetə keçməsi də istisna edilmir. Müalicələrə erkən başlanılarsa, insanların şəkərə tutulması halları nisbətən azalar. Öz praktikamda yaşadığım bir məqamı deyə bilərəm. İnsanlar şəkər xəstəliyini qəbul etməkdə çətinlik çəkirlər. Bu səbəbdən həkimə gec müraciət edirlər. Bu da öz növbəsində müalicə prosesinə neqativ təsir göstərir.

- Xəstəliyin ilkin simptomları hansılardır?

- Pasiyentlərdən ən çox eşitdiyimiz şikayətlər “tez-tez susayıram”, “ağzımda sanki palçıq var” ifadələridir. Biz bunları ilkin simptom kimi qiymətləndiririk. Ağızda quruluq, yapışqanlıq hissi olur, yavaş-yavaş çəki itirilir, ayaqlarda yorğunluq və ağrı hissi olur. Bu kimi narahatlıqları olan şəxslər gecikmədən mütəxəssisə müraciət etməlidir.

Çünki diabetin ağırlaşmış formaları da bir-birindən fərqli olur. Elə gecikmiş mərhələ olur ki, biz onu müalicə ilə bərpa edə, şəkəri stabil saxlaya bilirik. Amma məsələn, böyrək çatışmazlığı, ürək çatışmazlığı olan xəstələrdə ağırlaşmalar zamanı əlimizdən çox şey gəlmir. Bu səbəbdən, risk qrupunda olan insanlar il ərzində bir və ya iki dəfə analiz verib qanda şəkərin miqdarını yoxlatmalıdırlar.

- Şəkərli diabet cavanlaşır deyə bilərikmi?

- Çox təəssüf ki, bəli. Birinci tip şəkərli diabet xəstələrinin sayı ümumi şəkərli diabet xəstələrinin sayının 5 faizini təşkil edir. Bu heç də az rəqəm deyil. Daha çox rast gəlinən isə ikinci tip şəkərli diabetdir. 10 il əvvələ qədər ikinci tip şəkərli diabet xəstəliyi 40-45 yaş arası şəxslərdə müşahidə olunurdusa, bu gün uşaq və gənclərdə də həmin xəstəliyə rast gəlinir.

- Gənclər çox zaman şəkər xəstəsi olduqlarını yaxınlarından gizlədirlər. Sizcə, buna səbəb nədir?

- Ümumiyyətlə, diabet xəstələri bunu psixoloji olaraq qəbul edə bilmirlər. Ona görə də, həmişə deyirəm ki, cəmiyyətdə bütün xəstəliklər barədə insanların daha geniş məlumata ehtiyacı var. Xəstəliyin müalicəsində insulindən istifadə edilir. Əslində, burada qeyri-adi heç nə yoxdur. Buna görə də, bu tip xəstələrin psixoloqla məsləhətləşməsi önəmlidir.

Bilmək lazımdır ki, birinci tip şəkərli diabet immunoloji tərəfdən orqanizmdə autoimmun cisimciklərin aqressiv hərəkətləri, mədəaltı vəzin fəaliyyətinin sıradan çıxması səbəbindən meydana gəlir. İkinci tip şəkərli diabet isə sonradan qazanılmış hesab olunur. Hər iki halda xəstəyə uyğun olan müalicə üsulu seçilir və o mütəmadi olaraq həkim-endokrinoloqun nəzarətində saxlanılır. Gənclər xəstəliyi qəbul edərək, müalicə prosesini düzgün aparsalar, uzun illər heç bir ağırlaşma olmadan normal həyat tərzinə davam edə bilərlər.

- Şəkərli diabetdən tamamilə sağalmaq mümkündürmü?

- Təəssüf ki, bu günə qədər belə bir fakt qeydə alınmayıb. İstər birinci tip, istərsə də ikinci tip şəkərli diabet xəstəliyindən tamamilə sağalmaq olmur. İkinci tip şəkərli diabet yüksək dərəcəli piylənmə ilə müşahidə olunarsa, müasir cərrahi üsullarla bunu aradan qaldırmaq olur. Əməliyyatdan sonra bəzi xəstələrdə aylarla, hətta illərlə xəstəliyin heç bir əlaməti olmur, yəni xəstəlik remissiya mərhələsində olur. Onu da qeyd edim ki, ölkəmizdə şəkərli diabet xəstələri ödənişsiz dərman vasitələri ilə təmin olunur. Eyni zamanda, satışda diabet xəstələri üçün kifayət qədər güclü, effektiv dərman preparatları var.

- Bu xəstəlik hansı orqanları sıradan çıxarır?

- Demək olar ki, şəkərli diabet bütün orqanizmin funksiyasını poza bilir. Primitiv misal çəkim. Bir stəkan çaya bir neçə qaşıq şəkər tozu əlavə edirsiz. Normadan artıq əlavə edilən şəkər suyu qatılaşdırır. Qatılaşanda isə maye təbii olaraq ağırlaşır. Qanda da şəkərin miqdarı normadan artıq olduqda qatılaşma baş verir. Nəticədə, orqanizmin suya tələbatı artır. Qan dövranının pozulması isə bütün orqanların - ürək-damar sisteminin, böyrəklərin, gözlərin, sinir sisteminin, dərinin və s. funksiyasını pozur.

- Bəs qalxanvari vəzinin xəstəlikləri necə? Daha çox qadınlarda, yoxsa kişilərdə müşahidə olunur?

- Qalxanvari vəzinin xəstəlikləri, ümumi götürsək, daha çox qadınlarda rast gəlinir. Amma autoimmun tireoidit xəstəliyi son dövrlərdə kişilərdə də aşkarlanmağa başlayıb.

- Bəs "zəhərli zob" necə, çox yayılıb?

- Bilirsiniz, el arasında “zob” kimi bilinən xəstəlik qalxanvari vəzinin xəstəliyidir. Boğaz uru (“zob” xəstəliyi) ilk mərhələdə özünü büruzə vermədiyinə görə, xəstə uzun müddət heç bir narahatlıq hiss etmir. Lakin bu xəstəliklər arasında “zəhərli zob” (toksiki ur) insanları daha çox qorxudur. Qeyd edim ki, “zəhərli zob” daha çox kişilərdə müşahidə edilir.

Qalxanvari vəzinin xəstəlikləri şəkərli diabetdən sonra daha çox müşahidə edilir. Onlar arasında ən çox yayılan autoimmun tireoidit (Haşimoto) xəstəliyidir. Qalxanvari vəzinin xəstəliklərinin bir neçə növü var. Onlara diffuz toksiki ur (Qreyvs) və ya düyünlü, endemik və ya sporadik, autoimmun tireoidit, qalxanvari vəzinin xoşxassəli və bədxassəli şişləri daxildir. Bu xəstəliklərin hər biri fərqli formalarda qalxanvari vəzinin funksiyasını poza bilir.

Ən çox rast gəlinən autoimmun tireoid (Haşimito) xəstəliyidir ki, üç funksional mərhələ - hipertireoz, eotireoz, hipotireoz mərhələləri müşahidə edilir. Təəssüf ki, xəstələr daha çox xəstəliyin hipoterioz mərhələsində müraciət edirlər. 

- Bunun yaranmasının səbəbi məlumdurmu?

- Ümumiyyətlə, autoimmun tireoidit xəstəliklərinin yaranmasının konkret səbəbi bəlli deyil. Lakin orqanizmin immun sistemində yarana biləcək hər hansı problem bu xəstəliyin yaranmasına şərait yarada bilir.

Xəstəliyin yaranmasına daha çox təkan verən məqamlar arasında ekoloji amilləri da qeyd etmək lazımdır. Bundan başqa, problemlərdən biri də istehlak edilən qidaların tərkibində normadan artıq kimyəvi maddələrin olmasıdır.

- Endemik zob nə deməkdir?

- Bu məxsusi olaraq respublika ərazisində yod azlığı olan bölgələrdə yaşayan insanlarda rast gəlinir. Hər hansı konkret əraziyə xas olan “zob”a “endemik zob” deyilir. Həmin ərazidə yaşayan insanların orqanizmində yod çatışmazlığı olur. Lakin son dövrlər “endemik zob”lar o qədər də aktual deyil. Çünki gündəlik istehlak etdiyimiz qidaların tərkibində, eləcə də su və hava vasitəsilə orqanizm yoda olan zəruri ehtiyacını ödəyir. “Endemik zob” müşahidə edilən xəstələrə yod tərkibli dərman preparatları ilə müvafiq müalicə təyin edilir.

Autoimmun tireoidit (Haşimoto xəstəliyi) kimi xəstəlik isə yod çatışmazlığı ilə əlaqəli olmadığına görə, həmin xəstələrə yod müalicəsi təyin etmək məqsədəuyğun deyil. Bu xəstələrə yod tərkibli dərman preparatlarının yazılması autoimmun aqressiyasını artıraraq, xəstəliyin gedişatına mənfi təsir göstərə bilər.

- Zobun cərrahi əməliyyatla götürülməsi təhlükəlidirmi?

- Bu, mərhələdən asılıdır. Tibbi göstərişlər, protokollara uyğun olaraq xəstənin cərrahi əməliyyata göndərilməsinə qərar verilə bilər. Qalxanvari vəzinin ətrafında bir çox vəzilər var. Əməliyyat olunsa da, həkim maksimum çalışmalıdır ki, sağlam vəzilər kəsilməsin. Onlar orqanizmdə kalsiumun miqdarını tənzimləyir, sümüklərin sağlamlığını idarə edən parathormon ifraz edir. Bu vəzilərin götürülməsi orqanizm üçün ciddi ziyan verə bilər. Yaxşı olar ki, mümkün qədər dərman müalicəsinə üstünlük verilsin.

- Bədxassəli şişlərin olması necə, tez-tez müşahidə edilirmi?

- Qalxanvari vəzidə müşahidə edilən onkoloji xəstəliklər çox zəif inkişaf edir. O qədər zəif inkişaf edir ki, biz bunu çox vaxt həyati risk hesab etmirik. Ehtiyac olduğu halda biopsiya götürülür, zəruri bütün yoxlamalar aparılır. Çox nadir hallarda qalxanvari vəzinin xərçəngi ölümlə nəticələnə bilər. Yalnız bir aqressiv forma – medulyar xərçəng var ki, nisbətən aqressiv inkişaf edir. Onkoloqlar bizim bu xəstəliyi normal qarşılamağımıza təəccüblənirlər.

- Hamilə qadınlarda qalxanvari vəzinin xərçəngi müşahidə olunarsa, bu, uşağa nə kimi təsir göstərə bilər?

- Əslində, heç bir problem olmur. Hamilə qadınlarda bu xəstəlik müşahidə edilərsə, biz doğumu gözləyirik. Daha sonra müalicəyə başlayırıq. Hormonlarda heç bir ciddi dəyişiklik yoxdursa, qorxulu məqam olmur. Bu halda hamilə qadınlar analiz verir, əgər hormonlarda dəyişiklik müşahidə olunursa, müvafiq dozada dərmanlar təyin edirik. Qalxanvari vəzinin xərçəngi aşkarlanarsa, cərrahi əməliyyata ehtiyac olarsa, biz onu hamiləliyin üçüncü trimestrində əməliyyat edə bilirik. Mənim təcrübəmdə yalnız bir xəstədə hamiləlik dövründə aşkarlanan qalxanvari vəzinin xərçəngi əməliyyatla götürülüb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri